Nida Təhlil
İrəvanın “ƏSİR” siyasəti: terror bu cəbhədə də davam edir
“30 avqust Beynəlxalq İtkinlər Günü dünyada silahlı münaqişələr zamanı itkin düşən, müharibə meydanlarında həlak olan və meyitləri qaytarılmayan, şahidsiz əsir-girov götürülərək, müxtəlif məqsədlər üçün oğurlanaraq qaçırılan, tutulub gizli yerlərdə saxlanılan, gizli edam edilən, təbii fəlakətlər və digər müxtəlif səbəblərdən itkin düşmüş minlərlə, bəlkə də milyonlarla insanın xatirəsinə həsr olunur. Bu gün dünyanın hər bir yerində itkin düşmüş insanların acı və faciəli taleyinə ehtiram əlaməti olaraq, onların yaxınlarına mənəvi dəstək olmaq, əzizləri haqda xoş xəbər vermək, eyni zamanda təsəlli olmaq məqsədi ilə qeyd edilir”.
Bunu Publika.az-a açıqlamasında “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri, Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Esmira Orucova deyib.
Onun sözlərinə görə, dünyanın bir çox nüfuzlu təşkilatları hər il itkin düşmüş şəxslərlə bağlı hesabatlar hazırlayır, lakin heç bir hesabatda itkin düşmüş insanların sayı dəqiq deyil, çünki ən nüfuzlu təşkilat belə bu hesabatları hazırlamaqda acizdir:
“Beynəlxalq humanitar hüquq normalarına görə müharibə gedən ərazilərdə həlak olanların, əsir və girov götürülənlərin qeydiyyatı aparılmalıdır. Hazırda bütün dünyada silahlı münaqişələr və müharibələr zamanı itkin düşmüş şəxslərin axtarışı ilə yeganə humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olur. Lakin bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını apara bilmir. Dünyanın bir çox münaqişə bölgələrində - XX əsrin 70-ci illərində Kiprdə, 90-cı illərində Yuqoslaviyada etnik münaqişə zəminində baş vermiş silahlı əməliyyatlarla bağlı taleyi bu günə kimi bəlli olmayan, naməlum olaraq qalan, itkin düşmüş şəxslər var. Yaxın və Orta Şərqdə - Fələstində, İraqda müharibələr başa çatsa da həmin ərazilərdə on minlərlə insan itkin düşüb. Suriyada da baş verən terror əməliyyatları zamanı minlərlə insan itkin düşüb. Nə qədər ağır olsa da unutmamalıyıq ki, hər bir rəqəmin arxasında həmin şəxsin ölüsünü və ya dirisini gözləyən, ailə üzvləri, qohum və tanışları, əzizləri, illərdən bəri psixoloji gərginlik içində yaşayan onlarla insan həyatı durur. İllərdən bəri həsrətlə əzizinin və ya əzizlərinin yolunu gözləmək çox ağır bir iztirabdır, elə ailə var ki, bir neçə üzvü itkin düşüb. Bu, çox ağır insan taleyidir”.
E.Orucova qeyd edib ki, silahlı münaqişələr və müharibələr zamanı itkin düşmüş şəxslərin hüquqları qəbul olunmuş beynəlxalq humanitar hüquqla tənzimlənir: “12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına 8 iyun 1977-ci il tarixli Əlavə I Protokolun III bölməsinin 32 və 33-cü maddələri silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin hüquqlarının qorunmasına aiddir. İlk dəfə 11 iyun 2019-cu il tarixində BMT-nin Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərə həsr olunmuş iclası keçirilib. Həmin iclasda silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və axtarışı ilə bağlı 2385/5000 saylı Qətnamə qəbul edilib. Həmin iclasda BMT Təhlükəsizlik Şurasının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin nümayəndəsi Rina Gelani çıxış edərək vurğulayıb ki, itkin düşmüş şəxslərin ailə üzvləri yaxınlarının taleyindən xəbər ala bilmədikləri üçün ümidsizliyə qapılır, gərginlik içində yaşayırlar. Onların hər zaman mənəvi dəstəyə ehtiyacları var”.
Birlik sədri terrorçu Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımızın itkin düşdüyünü xatırladıb:
“Dünyada əsir-girov-itkin problemini tənzimləyən yeganə beynəlxalq təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Birinci Qarabağ müharibəsi zamanı qızğın döyüşlər gedən ərazilərdə iştirak etmədikləri üçün itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının dəqiq qeydiyyatı aparılmayıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın sayı 3890 nəfərdir. Onların 3171 nəfəri hərbiçi, 719 nəfəri isə mülki səxslərdir. Mülki şəxslərin 267 nəfəri qadın, 326 yaşlı, 71 uşaqdır. Lakin bu heç də son statistika deyil. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı isə 6 nəfər hərbçimiz itkin düşüb. Bu günə kimi onların da taleyi naməlum olaraq qalır. Ümid edirik ki, tezliklə itkinlərimizin taleyinə aydınlıq gətiriləcək, əsir-girovlarımız əzizlərinə qovuşacaqlar. Əzizlərinin həsrətlə yolunu gözləyən insanların da gözləri yollardan çəkiləcək”.
Esmira Orucova əlavə edib ki, təkcə anım günlərində deyil, bütün il boyu ictimai birliyik olaraq itkin ailələri ilə mütəmadi olaraq əlaqələr saxlayır və onların problemləri ilə tanış oluruq: “Düzdür, itkin şəxslərin ailələri də şəhid ailələrinə şamil edilən imtiyazlardan yararlanırlar, təqaüd alırlar. Ancaq yenə də mən o ailələrə baş çəkirəm. Birlik olaraq biz onlarla bir ailə kimiyik. Bu gün də bir neçə ailəyə baş çəkəcəyəm. Bu gün biz onlara mənəvi dəstək olmalıyıq. Onlar hər zaman mənim diqqətimdədir, müraciətlər olunur, həll edə bildiklərimi özüm edirəm, digərlərini aidiyyəti orqanlara yönəldirəm. Onların dərdi mənim, şad günləri mənim şad günümdür. Hər zaman onlarlayam və həyatımı o insanlarsız təsəvvür edə bilmirəm”
Qeyd edək ki, bu gün Beynəlxalq İtkinlər Günüdür. Avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələblərini pozulub. O cümlədən də əsir götürülmüş azərbaycanlılar və onların taleyi ilə bağlı qarşı tərəfi məlumatlandırmamaqla Ermənistan bir daha beynəlxalq hüququ kobud şəkildə pozub.
Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur. Ancaq Ermənistan bu öhdəliklərdən boyun qaçırır.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...