Nikol “DƏHLİZ KARTI”nı kimin əlinə oynayır? – TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Nikol “DƏHLİZ KARTI”nı kimin əlinə oynayır? – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə hökumət saatı zamanı ölkə ərazisindən heç bir dəhlizin verilməyəcəyini qəti şəkildə bəyan edib.

“Ərazi bütövlüyümüz məsələsində başqalarının fikri bizi narahat etməməlidir. Bu baxımdan da biz güclü və böyük olmasaq da, başqalarının fikri bizi ikinci planda narahat edir. Bu məsələdə müttəfiqlərlə ortaq fikir var. Eyni şey beynəlxalq ictimaiyyətə də aiddir. Elə bir ölkə yoxdur ki, bizimlə dəhlizlə bağlı danışsın. Əgər cəhd edən olsa, biz bunu müzakirə etməyəcəyik, çünki bu məsələ müzakirə olunmur” – deyə Paşinyan bildirib.

Onun bu fikirlərini şərh edən politoloq Zərdüşt Əlizadə Publika.az-a açıqlamasında bildirdi ki, Nikol bu fikirləri səsləndirərkən, çox güman ki, ölkə daxilindəki revanşist qüvvələrin də rəyini nəzərə alıb:

“Son dövrlərdə həmin qüvvələr ölkə daxilində ciddi şəkildə fəallaşıb. Hətta Paşinyan hökumətinə Brüssel və Moskva görüşlərində əldə olunan razılaşmalardan imtina etməsi üçün təzyiq göstərir”.

Politoloq qeyd etdi ki, İrəvanda və beynəlxalq siyasi dairələrində Ermənistanın bir dövlət kimi zəifləməsi və buna görə də Azərbaycanla razılaşmağa məcbur qalması barədə fikirlər formalaşmaqdadır:

“Onlar bəyan edirlər ki, əgər İrəvan götürdüyü öhdəliklərə əməl etməsə, 9 Noyabr razılaşmasının bütün müddəaları Azərbaycanın hərbi gücü hesabına icra olunacaq. Üstəlik, Rusiya da bu ölkəni müdafiə etmir. Paşinyan isə ABŞ-da növbəti prezident seçkilərinə qədər Qarabağda status-kvonu saxlamağa, razılaşmalardan imtina etməyə, süründürməçiliyə və vaxtı uzatmağa cəhd göstərir. Belə düşünür ki, yeni prezident kim olacaqsa, Ermənistanı müdafiə etmək üçün hərbi qüvvələrini Cənubi Qafqaza göndərəcək və Azərbaycanı cəzalandıracaq. Ermənistan isə Rusiyadan tamamilə imtina edəcək və Qərbin tərəfinə keçəcək. Vaşinqton da əlinə keçən fürsətdən və “erməni kartı”ndan istifadə edərək, bölgədə suyu daha da bulandırmağa və mövcud olmayan “DQR” statusunu qabartmağa çalışır. Azərbaycan onlara bu imkanı yaratmayacaq”.

Z.Əlizadə vurğuladı ki, Paşinyan imzaladığı üçtərəfli bəyanatla Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı öhdəlik götürsə də, buna əməl etmir:

“Rəsmi Bakı isə İrəvandan bu öhdəlikləri yerinə yetirməyi tələb edir və bildirir ki, əgər yerinə yetirməsə, yenidən cəzalandırılacaq. Yalnız bu ilin avqustun 3-də vurduğumuz ağır zərbələrdən sonra erməni ordusunun bir hissəsi əraziləri tərk etdi. Qarabağın qanunsuz hərbi birləşmələri isə hələ də tərksilah olunmayıb, üstəlik bölgəni də tərk etməyib. Əgər öhdəliklərə əməl olunmasa, Azərbaycan növbəti dəfə xüsusi hərbi əməliyyata başlayacaq”.

Politoloq Ermənistanın Azərbaycanı dövlət sərhədini pozmaqda, əraziləri tutmaqda ittiham etməsinə də münasibət bildirib:

“Bakı deyir ki, İrəvan hökuməti həmin ərazilərin Ermənistana məxsus olduğunu sübut etsin. Halbuki, sərhədlərlə bağlı heç bir razılaşma əldə olunmayıb. Ona görə ki, sərhədlərin müəyyən edilməsi ilə bağlı üçtərəfli komissiya yaradılsa da, Ermənistan razılığa gəlmək istəmir və süründürməçilik edir. Səbəbi də odur ki, Paşinyan hökuməti Amerikanın da danışıqlarda iştirakını istəyir. Ancaq Bakı bununla razılaşmaq istəmir və bildirir ki, hüquqlarımızı özümüz müdafiə edəcəyik, heç kimə ehtiyacımız yoxdur. Üstəlik, Zəngəzur dəhlizinin açılmasını və yoluin öz ərazisindən keçən hissəsinin inşasını tələb edir. Onlar buna da əməl etmir, Azərbaycan da qarşılıq olaraq cəzalandırma tədbirləri görür”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm