Nida Təhlil
"Siyasi Partiyalar Haqqında" yeni Qanun: Partiya sədrləri nəyə ümid edir?
Oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əhəmiyyəti nəzərə alınaraq ictimai dinləmə keçiriləcək.
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.
Siyasi partiyalar haqqında mövcud qanun 1992-ci ilin iyununda qəbul edilib, sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib. Yeni qanun qəbul olunandan sonra bu qanun qüvvədən düşəcək. Hazırkı qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb. Qanun layihəsində əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər, siyasi partiyanın fəaliyyətinə nəzarət təklif olunur.
“Siyasi partiyalar haqqında” yeni Qanun nə vəd edir? Hansı yeniliklər var?
Yeni qanun layihəsində yer alan bir neçə müddəanı təqdim edirik:
Bu qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması təklif olunur. Hazırda bu tələb min nəfərdir. Bundan əlavə, 2 dəfə ardıcıl olaraq parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatı ləğv ediləcək.
Yeni layihəyə görə, siyasi partiya yaratmaq istəyən şəxs son 20 ildə Azərbaycanda daimi yaşamalıdır. Siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olmalı və həmin şəxslər tam fəaliyyət qabiliyyətli olmalıdır. Mövcud qanunda siyasi partiyaların yaradılması üçün təsisçilərin minimum sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.
Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 10 minə çatdırılması üçün tədbirlər görməlidir. Təklif edilən qanun layihəsi siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də ehtiva edir. Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər. Yeni qanun layihəsi siyasi partiyalara Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmağı qadağan edəcək. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edə biləcək. İanələr isə pul vəsaiti, əmlak və ya xidmət şəklində qəbul edilə bilər.
Bəs, partiya liderlərinin yeni qanundan gözləntiləri nələrdir?
Publika.az yeni qanun layihəsi ilə bağlı bir neçə partiya rəhbərinin fikirlərini öyrənib.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, müasir dövrün çağırışlarına cavab verən, yüksək peşəkarlıqla işlənib hazırlanıb təqdimata verilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi olduqca mükəmməldir:
“Bu qanunun hazırlanmasında bizim həm deputat, həm də partiya sədri kimi digər partiyalarla bərabər təkliflərimiz oldu. İşçi qrupu təkliflərimizin əksəriyyətini nəzərə alıb. Əslində, yeni layihə parlamentdə təmsil olunan siyasi partiyaların Milli Məclisin aparatı ilə birgə əməyinin sayəsində ərsəyə gəlib. Yeni qanun layihəsinin konsepsiyası Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilməli və qəbul edilməlidir. Bu qanunun konsepsiyası siyasi sistemimizdə siyasi partiyaların yerinin və rolunun güclənməsinə, onların Azərbaycan dövlətçiliyinə daha ciddi töhfələr verməsinə yönəlib. Yeni qanun qanunvericilik tələblərinə tamamilə cavab verir və bütün müzakirələr üçün hazırdır”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadənin sözlərinə görə, yeni qanun layihəsi müasir dövrə uyğun hazırlanıb:
“Biz təklifləri vermişik. Ümidvarıq ki, qanun müasir dövrə uyğunlaşacaq. Ciddi müzakirələr olacaq. Müzakirələrin nəticəsində parlamentin müvafiq komitəsi bu qanunu Milli Məclisin müzakirəsinə təklif edəcək. Proses yeni başlayıb, hələ ki, ictimai dinləmə keçiriləcək”.
Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, yeni qanun bir çox məsələləri müsbətə doğru dəyişək:
“Qanun layihəsi hələ ki, ictimai dinləmədədir. Bu müddətdə fikirlər səslənəcək. Ümumi gözləntim isə odur ki, yeni qanunun qəbulundan sonra Azərbaycanın siyasi həyatında canlanma, siyasi partiyaların təmərküzləşməsi, güclənməsi və onların daha rəqabətli olması baş verəcək. Mən bunu qəbul edirəm. Çünki siyasi partiya hakimiyyətə iddialı bir siyasi qurumdur. Siyasi hakimiyyətə iddialı qurumun cəmiyyətdə çəkisi, gücü olmalıdır. Bu baxımdan hesab edirəm ki, bu qanun Azərbaycanda bir çox məsələləri müsbətə doğru dəyişək. Yadımdadır, hələ 10-15 il bundan qabaq da mən hər zaman “Siyasi partiyalar haqqında” Qanunun dəyişdirilməsini təklif etmişdim. Bunu hər kəs dilə gətirirdi. İndi isə dəyişdirilir və buna müsbət yanaşıram”.
Aydınlar Partiyasının (AP) sədri Qulamhüseyn Əlibəyli söyləyib ki, yeni qanun gələcəkdə siyasi partiyaların fəaliyyətində müsbət rol oynayacaq:
“Prinsip etibarilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, yeni qanun qəbul edilməlidir, çünki mövcud qanun otuz il əvvəl qəbul olunub. Baxmayaraq ki, onun müəlliflərindən biri də mən olmuşam. Həmin dövr üçün mütərəqqi bir qanun idi. Amma indi münasibətləri yenidən tənzimləmək zərurəti yaranır. Buna görə də yeni qanunun qəbul edilməsinə tərəfdaram. Amma qanun layihəsində bir sıra müddəalar var ki, onlar bir qədər narahatlıq doğurur. Hesab edirəm ki, həmin müddəalar dəyişdirilməli, ya da ən azı bir qədər yumşaldılmalıdır. Hər halda yeni qanunun gələcəkdə siyasi partiyaların fəaliyyətində müsbət rol oynayacağına əminəm”.
Akqabay Mıradov
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi