Nida Təhlil
Münhendə İran faktoru: Pəhləvinin gəlişi və Azərbaycanın gözləntiləri - TƏHLİL
Münhen Təhlükəsizlik Konfransında diqqətçəkən, həm də regionumuzun gələcəyi baxımından mühüm olan məqamlardan biri İran rejiminin dəvət olunmaması, əvəzində İran xalqını mühacirətdəki müxalif qüvvələrin şahzadə Rza Pəhləvinin rəhbərliyi altında təmsil etməsi oldu. Münhen Konfransının beynəlxalq nüfuzunu və oradakı müzakirələrin geosiyasi proseslərə yön verdiyini nəzərə alsaq, İranla bağlı yeni siyasi konfiqurasiya bəllidir:
- İran rejiminin legitimliyi dünya tərəfindən qəbul edilmir;
- Rejimin dəyişməsi prosesinin Rza Pəhləvinin liderliyi altında həyata keçirilməsi ssenarisi var;
Molla rejiminin dəyişməsi ssenarisi əvvəllər də mövcud olub, lakin bu siyasi konfiqurasiyanın indi aktiv mərhələyə keçidi səbəbsiz deyil və həm bölgədə, həm İran daxilindəki prosesləri analiz etdikdə iki amil önə çıxır:
Birincisi, İran rejiminin sivil dünya üçün təhlükəli potensialının heç olmadığı qədər aktuallaşmasıdır;
İllərdir terroru dəstəkləyən İran rejimi dövlət siyasətini də bu metodla həyata keçirir. Bu siyasətə insanların dini inancını istismar etməkdən tutmuş, din adı altında müxtəlif silahlı dəstələrin qurulmasına və öz maraqları naminə silahlı hücumların təşkilinə qədər hər şey daxildir. Son olaraq, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terakt molla rejiminin terroru dövlət siyasətinin silahına çevirdiyini bir daha təsdiqlədi. Bütün region üçün təhlükə mənbəyi olan İran artıq bütün dünya üçün də risk yaradır, çünki molla rejimi nüvə silahı əldə etməyin bir addımlğındadır.
BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi Rafael Mariano Qrossi ötən ay bəyan etdi ki, “İran bir yox, bir neçə nüvə silahı əldə edə biləcək qədər zənginləşdirilmiş urana malikdir”.
Söhbət uranın 60 faiz zənginləşdirilməsindən gedir və bu, nüvə danışıqlarına zidd addımdır. Əslində Tehran rejiminin nüvə danışıqları adı altında oyun oynadığı da bəllidir: qəbul edilməsi çətin olan tələblər irəli sürür və prosesi dalana salır, beləliklə, danışıqların imitasiyası yaradaraq, hərbi müdaxilə ssenarisini arxa plana keçirir, buna paralel olaraq, uranın zənginləşdirilməsinə davam edir;
Verilən açıqlamalar göstərir ki, beynəlxalq birlik İranın bu oyunundan xəbərdardır və danışıqlar imitasiyası ilə uranın zənginləşdirilməsinə imkan verilməyəcək.
İranın hərbi obyektlərinə endirilən PUA zərbələri də Tehran rejiminin nüvə siyasətindən əl çəkməsi üçün edilən xəbərdarlıq və atıla biləcək addımların praktiki nümayişi idi. Gözlənilən idi ki, molla rejimi bu zərbələrdən sonra geri addım atacaq, lakin xarici işlər naziri səviyyəsində verilən açıqlamalarla nüvə proqramını dayandırmayacaqlarını elan etdilər.
Bu, bütün regionda terror siyasəti həyata keçirən İranın nüvə silahı əldə etməklə sivil dünya üçün yarada biləcəyi təhlükənn miqyasını ortaya qoyur. Və proseslər göstərir ki, beynəlxalq birlik İran rejiminin dünya üçün yaratdığı təhlükənin böyümədən aradan qaldırılması qərarını verib. Hərbi müdaxilə də daxil olmaqla masada müxtəlif ssenarilər var, onlardan biri də rejimin dəyişməsidir. Rza Pəhləvinin Münhenə dəvəti də prosesin aktiv mərhələyə keçdiyi ehtimalını ön plana çıxarır. İran daxilində baş verən etirazlar bu prosesdə əsas həlledici amildir.
İkincisi, İranda bütün millətlər rejimə qarşı etirazlarda birləşib;
İndiyə qədər molla rejiminə qarşı baş verən etirazların ya müəyyən bir regionu əhatə etməsi, yaxud milli tələblərdən irəli gəldiyi üçün digər qruplar tərəfindən dəstəklənməməsi rejimin dəyişməsi perspektivini də sual altında salırdı. Ötən il Məhsa Əminin əxlaq polisi tərəfindən qəddarcasına qətlə yetirilməsindən sonra “Qadın, həyat, azadlıq” şüarı ilə başlanan etirazların anatomiyası isə fərqlidir: bütün milli qruplar rejimə qarşı birləşib; etirazlar bütün bölgələrdə davam edir; əsas tələb teokratiyanın ləğv edilməsi və azadlığın əldə edilməsidir; milli və sosial tələblər bu çağırış altında irəli sürülür;
Artıq altıncı aydır davam edən etirazların dayanmayacağı aydın görünür. İran rejiminin məhkəməsiz edam və bütün vasitələrlə qorxu yaratmaq siyasəti də işə yaramır.
İki faktor – nüvə silahı əldə etmək istəyən Tehran rejiminin sivil dünya üçün yaratdığı təhlükə və xalqın rejimə qarşı birgə dirənişi İran rejiminin dəyişməsi ssenarisinin həm xarici, həm daxili şərtlərdə mümkün olacağı gözləntisini artırır.
Bu ssenaridə əsas çətinlik rejimə alternativin kim(lər)in olmasıdır. Etirazçıların liderinin olmaması da bu məsələni aktuallaşdırır. Və irəli çıxacaq alternativin müəyyən tələblərə cavab verməsi də şərtdir:
1. İranda bütün milli qruplar tərəfindən böyük ölçüdə dəstəklənməsi;
2. İran rejimi daxilində, xüsusilə hərbi qanadda tərədarlarının olması;
3. Beynəlxalq birlik tərəfindən dəstək görməsi;
Bu tələblər fonunda Rza Pəhləvinin rejimə qarşı alternativ lider kimi önə çıxmaq imkanları var, xüsusilə İran ordusu və cəmiyyətində “şahçılar”ın mövcud olduğu reallığını nəzərə aldığımızda. Digər tərəfdən, İrana qarşı planda ölkənin parçalanması ssenarisinin arxa fonda qalması, yaxud ən azı ilkin mərhələdə rejimin dəyişməsi ssenarisinin daha aktual olması şahzadə Pəhləvinin “birləşdirici fiqur” olması perspektivini yaradır.
Rza Pəhləvi həm İran daxilində, həm də xaricdəki diasporda dəstək görür. Bu il yanvarın 1-də İranın tanınmış şəxsləri “2023-cü il İranda azadlıq və ədalətin bərqərar olması” arzusuna dair sosial media üzərindən kampaniyaya başladı. Birlik mesajı olaraq qəbul edilən bu kampaniyada Rza Pəhləvi ilə yanaşı, jurnalist və qadın hüquqlarının müdafiəçisi Masih Alinejad, yerli fəal Hamed Esmaeilion, əfsanəvi futbolçu – fəal Əli Krərimi, Nobel mükafatçısı Şirin Ebadi kimi tanınmış şəxslər də iştirak etdilər. Beynəlxalq müşahidəçilər bu mesajı İran müxaliflərinin rejim əleyhinə koalisiyası kimi qiymətləndirir.
Daha sonra Rza Pəhləvinin lider kimi ortaya çıxması üzərində fikirlər irəli sürüldü. Şahzadənin yanvarın 13-də Londonda yerləşən “Manoto Tv”-ə müsahibəsində demokratik sistemi müdafiə etməsi bu prosesdə təkanverici rol oynadı. Və sosial şəbəkələrdə “Sən mənim nümayəndəmsən” (#You_Represent_Me (#من_وکالت_میدهم)” həştəqi ilə geniş kampaniya başlandı. Kampaniya İranın xaricdə tanınmış şəxsləri, eləcə də İran daxilində müxtəlif təbəqələr tərəfindən dəstəkləndi. Hətta “Change.org” saytında “Pəhləvi mənim nümayəndəmdir” adlı petisiyaya da start verildi.
Pəhləviyə münasibətdə iki yanaşma var:
a) Onu yeni lider olaraq tam dəstəkləyənlər;
b) Onu İranda demokratiyaya keçidi təmin edəcək “müvəqqəti fiqur” kimi görənlər;
Hər iki yanaşma İran cəmiyyətində şahzadənin dayaqlarını getdikcə gücləndirir və hər iki halda – yeni lider kimi önə çıxsa, yaxud “müvəqqəti fiqur” kimi qəbul edilsə belə, bu, İranda xalqın post-molla rejiminə hazırlaşdığından xəbər verir. Beynəlxalq birlik tərəfindən də bu dövrə ciddi hazırlıq gedir, Pəhləvinin Münhenə dəvəti bunun əyani nümunəsidir. Diqqətçəkən məqam Münhen konfransında xaricdəki İran müxaliflərindən də Pəhləvi ilə eyni masada iştirak edənlərin olması idi və bu, deməyə əsas verir ki, molla rejiminin dəyişdirilməsi məqsədilə müxalif qüvvələr bütün fikir ayrılıqlarını kənara qoyur.
Proseslərin bu istiqamətdə mümkün inkişafı bizim – Azərbaycan və Arazın o tayındakı soydaşlarımız üçün hansı perspektiv vəd etdiyi aktualdır. Təbii ki, İranda terror siyasəti yürüdən mövcud rejimin dəyişməsi bütün region üçün təhlükənin aradan qalxması baxımından əhəmiyyətli olacaq, amma post-molla rejimi dövrünə dair gözləntilər və düşüncələr də az aktual deyil. Pəhləvinin Azərbaycanın Tehrandakı səfirliyinə terror aktını pisləməsi mümkün rejim dəyişikliyində Bakı-Tehran münasibətlərinə dair müsbət gözləntilər yaradır, hərçənd, rəsmi Bakı üçün əsas amillərdən biri də Cənubi Azərbaycandakı soydaşlarımızın taleyidir. Prezident İlham Əliyev cənubdakı soydaşlarımızın hüquqlarının təmin edilməsinin vacibliyini elan edib və bu, soydaşlarımızın müdafiəsinin bundan sonra Azərbaycanın dövlət strategiyasının tərkib hissəsi olacağı deməkdir. Eyni zamanda, Azərbaycan-İran münasibətlərində də bu məsələ əsas amillərdən biri olacaq.
Rza Pəhləvinin hakimiyyətə mümkün gəlişi soydaşlarımızın taleyi ilə bağlı da müəyyən müsbət gözləntilərə yol açır:
- Onun “demokratik sistemin” yaradılması haqda çıxışları;
- Rejimin dəyişməsinə dəstək verən beynəlxalq birliyin ölkədə hüquq və azadlıqların təmin edilməsi ilə bağlı tələbləri;
- Və Pəhləvi ailəsinin azərbaycanlılarla bağlarının mövcudluğu;
Bu amillər post-molla rejimi dövründə soydaşlarımızın hüquqların təmin edilməsi perspektivinə diqqət çəkir. Rza Pəhləvinin anası Fərəh Pəhləvinin azərbaycanlı olması faktorunun da rol oynaması mümkündür. Lakin burada keçmişin acı təcrübəs də var.
Pəhləvilər dövründə Cənubi Azərbaycandakı soydaşlarımıza milli kimliklərinə görə sərt təzyiqlərin olduğu bilinən tarixdir. Şah rejiminin azərbaycanlıların kimliyini saxta tezis üzərindən dəyişdirmək cəhdlərinin təməlini atdığı da, hətta mövcud molla rejiminin soydaşlarımıza qarşı siyasəti məhz Pəhləvilər tərəfindən dəstəklənən tezisə istinadən həyata keçirdiyi də unudulmamalıdır. Söhbət azərbaycanlıların farsdan törəmə olduğu kimi qondarma tezisdən gedir. Bu iddia ilk dəfə Əhməd Kəsrəvi tərəfindən 1921-ci ildə nəşr etdirdiyi “Azəri ya Zəban Bastane Azərbaycan” adlı kitabında irəli sürülüb və qondarma tezis belə idi ki, “azərbaycanlılar türk yox, “azəri” adlı ayrı millətdir və farsların bir qoludur, “azəri” dili də fars dilinin törəməsidir, azərilər türklərin bölgəyə gəlişindən sonra dillərini dəyişiblər”. Bu iddiaların davamı olaraq, Kəsrəvi kitabında “Şimali Azərbaycanla Cənubi Azərbaycanın ayrı-ayrı yer olduğunu və hər iki bölgədə fərqli millətlərin yaşadığını” yazırdı. Pəhləvilər bu saxta tezisdən geniş şəkildə istifadə etdilər, indi də molla rejimi bunu davam etdirir.
Pəhləvilərin milli kimlik üzərindən etdikləri təzyiqlər 1979-cu ildə dindar soydaşlarımız da daxil olmaqla bütün azərbaycanlıların Şahın devrilməsinə dəstək verməsinin əsasını təşkil edir. Böyük şiə alimi, azərbaycanlı Seyid Məhəmmədkazım Şəriətmədarinin 1979-cu ildə verdiyi müsahibədə yeni rejimdə Cənubi Azərbaycandakı soydaşlarımızın ən azı muxtariyyətinin olması haqda səsləndirdiyi fikirlər də bunun ispatıdır.
Rza Pəhləvinin İranda yenidən hakimiyyətə gəlişi perspektivi mübət gözləntilərlə yanaşı, bu keçmişi də xatırladır. Və keçmiş səhvlərin təkrarlanmayacağına, Cənubi Azərbaycandakı soydaşlarımızın haqqı olan azadlığı və hüquqları əldə edəcəyinə ümidlər yaradır. Əks təqdirdə, Rza Pəhləvi həm 30 milyondan çox azərbaycanlının dəstəyindən məhrum olacaq, həm də Azərbaycan dövləti ilə münasibətlərinin müsbət perspektivi sual altında düşəcək.
Asif Nərimanlı
-
Maraq dünyası16:30
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...