Nida Təhlil
"Demokratiya sammiti", yoxsa "Baydenin dost məclisi?!" - TƏHLİL
“Demokratiya sammiti”, yoxsa ABŞ-ın “demokratiya” adı altında öz cəbhəsini qurması?!
Martın 30-da ABŞ-da keçiriləcək “demokratiya sammiti”nə dəvət edilən ölkələlərə nəzər yetirdikdə bu sual aktuallaşır.
120 ölkənin dəvət edildiyi sammitdə 2021-ci ildə dəvət edilməyən ölkələr - Bosniya və Herseqovina, Qambiya, Honduras, Fil Dişi Sahili, Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya da var. İki il öncə olduğu kimi, yenə də dəvətlilər siyahısı mübahisəlidir: demokratiyanın olmadığı, hətta vətənaş müharibəsinin yaşandığı ölkələr belə Baydenin “demokratiya sammiti”nin qonaqlarıdır;
Misal üçün, İraqda kifayət qədər mürəkkəb daxili siyasi vəziyyət var, hətta ölkə zaman-zaman parçalanma təhlükəsi ilə üzləşir. Bu ölkədə aşirət və qəbilələrin siyasətə və seçkiyə təsiri də məlum məsələdir.
Yaxud sammitə dəvət olunan Kenyada 70-dən çox qəbilənin silahlı dəstələri ilə seçkilərə də, siyasətə də təsir etdiyi sirr deyil. Nigeriya, Qana kimi Afrika ölkələrində də eyni vəziyyətdir. Və ya Konqo Demokratik Respublikası, İraq və Anqola kimi sammitə dəvət olunan ölkələr beynəlxalq təşkilatlar tərəfindən “azad olmayan” ölkə statusunu alıblar.
Bu siyahını uzatmaq da olar, lakin dəyişməyən bir həqiqət var: dəvətlilər arasında bir neçə ölkəni çıxmaqla əksəriyyətinin demokrat olmadığı, nə seçki, nə media azadlığı, nə siyasi plüralizm baxımından demokratik standartlarına cavab vermədiyi bəllidir;
Bunun fonunda 100 illik demokratiyaya malik olan, hər seçkisi təkcə region yox, bütün dünya üçün rəqabətli seçki təcrübəsinə çevrilən Türkiyənin 2021-ci ildə olduğu kimi, bu dəfə də dəvət edilməməsi sammitin nə qədər “demokratik” olduğunun nümunəsidir. Vaşinqton hesab edir ki, İraq daha demokratik ölkədir, nəinki Türkiyə. Və bununla sammitin əslində demokratiya yox, siyasi məqsəd daşıyan klub olduğunu etiraf etmiş olurlar.
Və ya Avropa İttifaqının üzvü olan Macarıstanın sammitə dəvət edilməməsini necə izah etmək olar? Axı bu ölkə Aİ-nin bərabərhüquqlu üzvüdür və ittifaqın demokratiya, insan haqları kimi məsələlərlə bağlı bütün şərtlərinə əməl edilir, əks təqdirdə ittifaqda yer ala bilməzlər.
Əslində NATO üzvü olan Türkiyə və NATO ilə birlikdə Aİ üzvü olan Macarıstanın sammitə dəvət edilməməsi “demokratiya sammiti”nin gerçəklərini anlamağa imkan verir. Hesab etmək olardı ki, ABŞ öz müttəfiqlərini sammitə dəvət edir, o zaman, NATO üzvü olan bu iki ölkəni – Türkiyə və Macarıstanı niyə kənarda saxlayıb?
Məsələ müttəfiqlik yox, müstəqil siyasətin qəbul edilməməsidir. NATO üzvü olan Türkiyə sammitə dəvət edilən ölkələrin mütləq əksəriyyəti ilə müqayisədə demokratik dəyərlərin təşəkkül tapdığı ölkə olsa da, müstəqil siyasi xətti yürüdür. O cümlədən, Macarıstan müstəqil siyasətə üstünlük verməsi ilə seçilir, misal üçün, özünün maraqlarını nəzərə alaraq, Rusiyaya qarşı proseslərdə daha təmkinli mövqe sərgiləyir və s.
ABŞ-ın qəbul etmədiyi də məhz budur. Vaşinqtonda hesab edirlər ki, hansı ölkə müstəqil xarici siyasət yürüdürsə, yəni amerikalıların əmri ilə hərəkət etmirsə, öz milli maraqlarını düşünürsə, bu ölkə demokratik deyil, seçkilər, yaxud siyasi proseslər nə qədər demokratiya prinsiplərinə uyğun gəlsə də. Amma “azad olmayan” ölkə statusuna malik, silahlı qruplaşmaların hökm sürdüyü, qəbilə və klanların siyasətə yön verdiyi ölkələr ABŞ-ın əmri ilə hərəkət edirsə, Vaşinqtondan verilən təlimatları sorğusuz-sualsın yerinə yetirirsə, o ölkə “demokratikdir”.
“Demokratiya sammiti”nin mahiyyəti bundan ibarətdir. 2021-ci ildə keçirilən sammit bunun təsdiq idi. Nüfuzlu “The Ekonomist” nəşri həmin sammitlə bağlı yazırdı ki, “Baydenin demokratiya sammiti gözlənildiyi qədər demokratik” deyil və “sammitə dəvət edilməyən ölkələr edilənlərdən daha demokratikdir”. Nəşr əlavə edirdi ki, sammitə dəvət olunan ölkələr demokratik dəyərlərdən daha çox ABŞ-ın maraqlarına cavab verir. (Oxu: Joe Biden’s Summit for Democracy is not all that democratic).
Cənubi Qafqaz ölkələrinə yanaşmada da bu əyani şəkildə öz əksini tapır. Vaşinqton Bakını sammitə dəvət etməyib, halbuki, istər media azadlığı, istərsə demokratik dəyərlərin inkişafı baxımından Azərbaycan həm regionda, həm də sammitə dəvət edilən ölkələr arasında seçilir. Azərbaycanın dəvət edilməməsinin səbəbi aydındır: rəsmi Bakı milli maraqlarına uyğun siyasət aparır, okeanın o tayından təlimat qəbul etmir və bu, amerikalıları o qədər də məmnun etmir;
Ermənistanın sammitə dəvət edilməsi isə seçimdə əsas prinsipin demokratiya olmadığının biabırçı şəkildə ifşasıdır. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra siyasi rəqiblərini təqib etdiyi, nəinki siyasi fəaliyyətə icazə vermədiyi, hətta opponentlərini asanlıqla həbsə atdığı göz önündədir. Misal üçün, təkcə müxalif siyasətçi və jurnalist Mqer Yeqizaryan həbsxanada öldüyü faktı bu ölkədə demokratik dəyərlərin olmadığını ispat etməyə bəs edir. Yaxud Paşinyanın iki əsas siyasi rəqibini – Koçaryan və Sarkisyanı cinayət işi ilə təqib etdiyi Ermənistanda demokratiyanın real mənzərəsini anlamağa imkan verir.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun ötən həftə açıqladığı faktlar da bu kontekstdə diqqət çəkir. Hesabatda qeyd olunur ki, 2022-ci ilin aprel-iyul aylarında Ermənistanda keçirilən etiraz aksiyaları qəddarlıqla dağıdılıb, ümumilikdə 2100-dən çox etirazçı saxlanılıb. Polis həm etirazçılara, həm də aksiyaları işıqlandıran KİV nümayəndələrinə qarşı sərt davranıb. Ölkənin siyasi partiyalarının və məhkəmə orqanlarının nümayəndələri təqiblərə və həbslərə məruz qalıblar. Siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulub.
Amma və lakin bütün bunlara görə demokratiya və insan haqları üzrə ixtisaslaşmış heç bir təşkilat Ermənistana “gözün üstə qaşın var” demir. Əksinə ABŞ Paşinyanı mükafatlandırır və “demokratiya sammiti”nə dəvət edir. Çünki İrəvan hazırda Vaşinqtonun siyasi maraqlarını icra edir və Rusiyaya qarşı proseslərdə aktivdir.
Gürcüstana münasibətdə də ABŞ-ın demokratiyadan uzaq yanaşmasını görmək olur. 2021-ci ildə sammitə baş nazir səviyyəsində dəvət olunan Gürcüstan bu ilki sammitə heç bir səlahiyyəti olmayan prezident səviyyəsində dəvət olunub. Və Vaşinqton bununla Tbilisini cəzalandırır, çünki Gürcüstan hakimiyyəti müstəqil siyasət yürütmək fikrinə düşüb:
- Milli maraqlarını nəzərə alaraq, anti-Rusiya sanksiyalarına qoşulmur;
- Bir neçə həftə öncə ABŞ-ın maraqlarına zidd olaraq, “xarici agentlər haqqında” qanunu qəbul etməyə çalışdı, təşkil olunmuş aksiyalarla qarşısını alsalar da, bu istəyindən əl çəkmir;
- Baş nazir İrakli Qaribaşvili səviyyəsində elan edildi ki, Gürcüstandan Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasına icazə verməyəcəklər və s;
Vaşinqton da Gürcüstan hakimiyyətini yox, onun siyasi maraqlarını müdafiə edən - “xarici agentlər haqqında” qanunla bağlı məsələdə də bunu açıq şəkildə elan etdi – prezidenti dəvət edir. Yəni bununla Gürcüstan hökumətini cəzalandırır.
Bütün bu faktlar “demokratiya sammiti”nin demokratiyaya heç bir aidiyyətinin olmadığını, əslində demokratiya adı altında “Baydenin dost məclisi” qurulduğunu deməyə əsas verir. Demokratiya burada sadəcə istifadə edilməklə deqredasiyaya uğramış alətdən başqa bir şey deyil.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO