ABŞ “Kərimə dövləti” quranları “vicdan məhbusu” adlandırır – İddialar və reallıqlar
Bizi izləyin

Nida Təhlil

ABŞ “Kərimə dövləti” quranları “vicdan məhbusu” adlandırır – İddialar və reallıqlar

ABŞ Dövlət Departamenti “2022-ci il üzrə Beynəlxalq Dini Azadlıq” hesabatını açıqlayıb. Beynəlxalq Dini Etiqad Azadlığı Komitəsinin (USCRİF) hazırladığı hesabatın Azərbaycanla bağlı hissəsindən üç nəticə çıxır:

Birincisi, hesabat müəllifləri Azərbaycanda dini etiqad azadlığının qorunması reallığından məlumatsızdırlar, yaxud reallığı qəbul etmək istəmir və iddiaları reallıq kimi qələmə verirlər;
İkincisi, mövcud vəziyyətlə bağlı məlumatlar birtərəfli mənbələrdən əldə olunub;
Üçüncüsü, USCRİF 2018-ci ildən etibarən Azərbaycanla bağlı eyni iddiaları davam etdirir, hətta kiçik korrektlərlə eyni hesabatın hər il təkrar olunduğunu demək mümkündür.

Hesabatda hansı iddialar irəli sürülür?

1. “Dini etiqad haqqında” qanunu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti dini etiqad azadlığına müdaxilə kimi təqdim edilir;
2. Dini ayinlərin icrası, xarici ölkələrdəki dini mərasimlərdə iştirak və dini yerlərin ziyrəti ilə bağlı qaydaları müdaxilə kimi qələmə verirlər;
3. Din adı altında xarici ölkələrə casusluq edənlərin həbsini “etiqad azadlığının pozulması” kimi göstərir, onları “vicdan məhbusu” adlandırırlar;

Eyni iddialar 2018-ci ilin hesabatında da əks olunmuşdu, o cümlədən, 2022-ci ilin hesabatına əlavə edilən 2021-ci il hesabatı da bundan ibarətdir. Görünür, okeanın o tayında real vəziyyəti öyrənmək üçün əziyyət çəkmək istəmir, əvvəlki hesabatlara müəyyən korrektlər edərək, yenidən dövriyyəyə buraxırlar.

Reallıqlar nədən ibarətdir?

Azərbaycanda dini etiqad azadlığının real vəziyyətini ən gözəl nümayiş etdirən tolerantlıq mühitidir. Belə mühit hazırda dünyada nadir nümunə hesab edilir, mövcud multikulturalizm örnək olaraq göstərilir. Təsadüfi deyil ki, ölkədə bütün dinlər, hətta qeyri-ənənəvi olanlar belə azad şəkildə öz etiqadlarını yerinə yetirə bilir. Azərbaycan həm də İslam dünyasında vəhdət namazının qılındığı nadir məkanlardandır.

- Dünya dini liderlərinin Bakı Sammiti;
- Tolerantlıq və Multikulturalizmlə bağlı beynəlxalq konfranslar;
- İslam həmrəyliyinə həsr olunmuş tədbirlərin keçirilməsi;


Azərbaycan hər il bu kimi qlobal əhəmiyyət daşıyan və bəşəriyyətin gələcəyi üçün önəmli olan tədbirlərə ev sahibliyi edir. Və Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin fəaliyyəti də Azərbaycan dövlətinin dini etiqad azadlığını təkcə ölkə daxilində yox, beynəlxalq müstəvidə təşviq etdiyinin real nümunəsidir. 2008-ci ildə başlanan “Bakı prosesi” BMT tərəfindən dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edilir.

Ölkə əhasinin 90 faizindən çoxu müsəlman olsa da, İslam dini yanaşı, digər ənənəvi və qeyri-ənənəvi dinlərin etiqad azadlığı da bərabər şəkildə qorunur. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir. Qeydiyyata alınan dini icmaların sayı 1000-ə yaxındır. Bura 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq da daxildir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Hətta Bakının ən mərkəzi küçələrinin birində erməni kilsəsi fəaliyyət göstərir.

Bəs, USCRİF kimləri “vicdan məhbusu” adlandırır, etiqad azadlığının pozulduğunu hansı iddia ilə əsaslandırır?

Hesabatda “Müsəlman Birliyi” Hərəkatının üzvləri, o cümlədən, son dövrlər məhz casusluq fəaliyyətlərinə görə saxlanılan şəxslər “vicdan məhbusu” adlandırılır, qeyd olunur ki, oktyabrda “6 şiə dini lider həbs olunub” və s. Eyni iddiaların əvvəlki illərə aid hesabatlarda da əks olunduğunu xatırlatmaq zərurəti var, çünki reallıqlar fərqli olsa da, görünür, bəlli dairələr “tutduqlarını buraxmaq”, iddialarından əl çəkmək istəmirlər.

Hesabatda “vicdan məhbusu” adlandırılanların hamısı Azərbaycanda konstitusiya quruluşunu devirməyə çalışan və bunu gizlətməyən şəxslərdir. Və bunu xarici kəşfiyyatların sifarişləri əsasında din pərdəsi adı altında edirlər. ABŞ-da bu şəxslərin neytrallaşdırılmasını “dini etiqad azadlığının pozulması” kimi qələmə verirlər.

2015-ci il Nardaran hadisələri, 2018-ci il Gəncə terroru, 2023-cü il Milli Məclis üzvünə qarşı terror hücumu, ölkədə vəzifəli şəxslərə qarşı sui-qəsd planlarının üstünü açılması və s.

Azərbaycan dövlətinin bütün bu terror aktlarının qarşısını almağa hesablanmış addımları və hücyumlarda iştirak edənlərin neytrallaşdırılması USCRİF-nin hesabatında “etiqad azadlığını pozulması” kimi qəbul edilir və onlar “vicdan məhbusu” adlandırılır.

“Müsəlman Birliyi” Hərəkatı 2015-ci ildə Azərbaycanda dünyəvi dövlət quruluşunu devirmək planları qururdu, Nardaran hadisələr də bu planın icrasında mərhələlərdən biri idi. Hadisələrdən öncə hərəkatın rəhbəri Tale Bağırzadənin çağırışları, “İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbəla məktəbi ilə talan edərik” kimi təhdidlər səsləndirilir, “Onun kimilərin (Gəncə şəhər icra hakimiyyətinin başçısı – red.) qanı halaldır. İnşallah tez bir zamanda onların ölüm xəbəri yayılacaq” kimi sözlərlə Gəncə terrorunun anonsunu verirdilər.

“Müsəlman Birliyi” Hərəkatı və rəhbəri Tale Bağırzadə Azərbaycanda dünyəvi quruluşu devirmək niyyətini açıq şəkildə bəyan edib və “şəriət rejimi” ideyalarını bütün region ölkələrinə ixrac edən dairələrə biət etdiyini də nümayişkaranə formada göstərib. Hətta ayətullahları özlərinin “qırmızı xətti” adlandırıb. O və onun kimi şəxslərin nə dinə, nə də etiqada aidiyyəti yoxdur.

Bu şəbəkə ifşa olunsa da, daha sonra İranda fəaliyyət göstərən və Azərbaycanda “Kərimə dövləti” adında şəriət rejimi qurmaq planlarını açıq elan edən, bu istiqamətdə əməli addımlar atan “Hüseyniyyun” terror qruplaşması önə çıxdı. Bu qruplaşmanın üzvü, Suriyada təlim keçmiş və döyüşmüş Yunis Səfərov 2018-ci ildə Gəncədə terror aktı törətdi. Dövlətin proseslərə zamanında müdaxilə şəriət rejimi qurmaq istəyənlərin ikinci cəhdinin də alınmaması ilə nəticələndi. Lakin eyni şəbəkə İranın xüsusi xidmət orqanlarının əmrləri ilə Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər. 2020-ci ildə “Hüseyniyyun” terror qruplaşması yenidən aktivləşdi və Milli Məclisin üzvü Fazil Mustafaya qarşı terror hücumu ilə Azərbaycanın tanınmış ictimai-siyasi şəxslərinə qarşı sui-qəsdlərin təşkil edilməsi planlarının olduğu ortaya çıxdı. Bu terror hücumundan sonra Azərbaycan təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində İran kəşfiyyatına bağlı olan və din pərdəsi adı altında ölkədə konstitusiya quruluşunu devirməyi planlaşdıranlar böyük ölçüdə ifşa olundu.

Saxlanılan şəxslər “Kərimə dövləti” qurmaq üçün silah qaçaqmalçılığından tutmuş, sui-qəsdlərin təşkil edilməsi, narkotik satışından pulların qazanılmasına qədər bütün əməllərini etiraf ediblər. Azərbaycanda bu planın icrasını həyata keçirən “Hüseyniyyun” terror qruplaşmasının rəhbərlərinin çıxışları və çağırışları da hər şeyin ortada olduğunun sübutudur.

Azərbaycan dövlətinin atdığı addımlar da məhz dünyəvi dövlət quruluşunun qorunması məqsədi daşıyır: “Dini etiqad haqqında” qanuna edilən dəyişikliklər, dini ayinlərin və mərasimlərin keçirilməsi qaydaları kimi məsələlər də din pərdəsi altında qanunsuz əməllərin, eləcə də xarici xüsusi xidmət orqanlarının din adı altında fəaliyyət göstərməsinin qarşısının alınması məqsədi daşıyır;

Dövlət Departamenti yanında Beynəlxalq Dini Etiqad Azadlığı Komitəsi isə Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənləri “vicdan məhbusu”, dünyəvi dövlət quruluşunun qorunması istiqamətində atılan addımları isə “etiqad azadlığının pozulması” kimi təqdim edir. Ki, bununla ABŞ-ın milli maraqları və prinsiplərinə daban-dabana zidd mövqe sərgiləmiş olurlar. Belə görünür ki, hesabat müəllifləri müsəlman Şərqində ən dünyəvi və ən tolerant ölkə olaraq beynəlxalq hesabatlarda adı keçən Azərbaycanda “şəriət rejimini” qurmaq istəyənləri dəstəkləyir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm