Nida Təhlil
Azərbaycan vətəndaşlarını İranda gözləyən həbs və işgəncə təhlükəsi
Tehran rəsmi Bakının üç ay öncə İrana səfər edən və yoxa çıxan Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı sorğusuna nəhayət cavab verib və bu cavab heç də təəccüblü deyil: Azərbaycan vətəndaşı İran xüsusi xidmət orqanları tərəfindən casusluq ittihamı ilə həbs edilib.
F.Səfərli İranda yoxa çıxarkən əsas ehtimal məhz onun casusluq ittihamı ilə həbs edilməsi idi. Bunun birdən çox səbəbi var.
Birincisi, əvvəlki təcrübə İranda yoxa çıxan Azərbaycan vətəndaşlarının eyni taleyi yaşadığını deməyə əsas verir.
İkincisi, İranın Azərbaycana qarşı aqressiv siyasəti belə nəticə çıxarmağa imkan verir.
Üçüncüsü, İranda molla rejiminin mahiyyəti F.Səfərlinin oğurlandığını və ona qarşı casusluq ittihamı irəli sürüləcəyi fikrini ön plana çıxarırdı.
Azərbaycan Xarici İşlər Nazirliyinin sorğusuna 3 ay sonra verdiklər cavab bu ehtimalları təsdiq etdi.
İndiyə qədər İran rejimi bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarına qarşı analoji addımı dəfələrlə atıb:
- Azərbaycanlı alim Rəşid Əliyev 2008-ci ilin oktyabrında İranda eyni taleyi yaşayıb: Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə Semnan şəhərinə gedib. O, bu şirkətlə əvvəldən əməkdaşlıq edirdi. Ona İranda təklif edilib ki, bu ölkədə qalsın və işləsin. Azərbaycanlı alim bundan imtina edəndə onu “lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərmək” ittihamı ilə həbs etdilər.
- 2012-ci ildə gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacıyev) ədəbi tədbirə dəvət əsasında İrana səfər etdilər və casusluq ittihamı ilə həbs olundular.
- 2013-cü ildə AMEA-nın əməkdaşı Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov tədbirdə iştirak üçün getdikləri İranda qondarma ittihamla həbs olundu.
İrana səfər edən Azərbaycan vətəndaşları molla rejiminin eyni ittihamı ilə zaman-zaman üzləşib. F.Səfərli də bu siyahıya əlavə edilən növbəti azərbaycanlı oldu.
Əsas məqamlardan biri İranın üç ay öncə oğurlayaraq, həbs etdiyi F.Səfərli haqqında məlumatı niyə üç ay sonra verməsidir. İstisna deyil ki, İran xüsusi xidmət orqanları F.Səfərliyə casusluq etməsi ilə bağlı əməkdaşlıq təklif edib, buna nail ola bilmədikləri üçün ona qarşı eyni ittiham irəli sürüblər. Bu, molla rejiminin Azərbaycan vətəndaşlarına qarşı tətbiq etdiyi klassik metoddur.
Son illər İranın Azərbaycana qarşı artan aqressisiyası bu ölkəyə gedən Azərbaycan vətəndaşlarının molla rejimi tərəfindən potensial casus olaraq qəbul edildiyini deməyə əsas verir. Həbs edilən Azərbaycan vətəndaşları qarşısına iki çətin seçim qoyulur: ya İrana casusluq etməlidirlər, ya da İrana qarşı casusluq ittihamı ilə həbs olunacaqlar.
Hətta bir qədər də irəli gedib “terrorçu” ittihamı da irəli sürülə bilərlər. Molla rejiminin “Azərbaycan regiona terrorçu ixrac edir” iddiasını “isbatlamaq” üçün “Arazdan keçən terrorçular” və “Şahçıraq terror aktının Bakıdan gələn koordinatoru” kimi ssenariləri işə salması da bu versiyanı istisna etmir. “Casus” və “terrorçu” tapılması həm də bu iddialarının “təsdiqi” üçün lazımdır.
Burada əsas suallardan biri də Bakı-Tehran xəttində yenicə sabitliyin əldə edilməsinə baxmayaraq, İran rejiminin casusluq ittihamlarını niyə yenidən gündəmə gətirməsi ilə bağlıdır. Cavabı Bakı-Tehran xəttində yox, Bakı-İrəvan xəttində axtarmaq lazımdır. 44 günlük müharibədən sonra Ermənistanla qardaşlıq münasibətlərini açıq müstəviyə keçirən molla rejimi son vaxtlar sülh müqaviləsi üzrə aparılan danışıqlarda Azərbaycanın mövqelərinin güclənməsi, qardaş hesab etdiyi Ermənistanın nəticə əldə edə bilməməsindən narahatdır. Azərbaycan vətəndaşına qarşı casusluqla bağlı ittihamın irəli sürülməsi deməyə əsas verir ki, molla rejimi qardaşı ermənilərin maraqları naminə yenidən Azərbaycana qarşı təzyiq xarakteri daşıyan ittihamlar irəli sürməyə hazırlaşır.
Molla rejiminin mahiyyəti bundan ibarətdir. F.Səfərlinin oğurlanaraq, casusluq ittihamı ilə həbs edilməsi bu rejimin Azərbaycan vətəndaşları üçün hansı səviyyədə təhlükə yaratdığını aktuallaşdırır. İran hazırda Azərbaycan vətəndaşları üçün heç olmadığı qədər təhlükəli ölkədir və bu ölkəyə gedən hər bir azərbaycanlının taleyi risk altındadır.
İran xüsusi xidmət orqanları Aərbaycan vətəndaşlarını oğurlaya və onların qarşısına “ya molla rejiminə casusluq et, ya da casusluq ittihamı ilə həbs ediləcəksən” seçimini qoya bilərlər. Hazırda Arazın o tayına keçən hər bir vətəndaşımız təhlükə altındadır.
Əvvəlki təcrübə və F.Səfərlinin taleyi bütün vətəndaşlarımız üçün nümunə olmalı və hər kəsi İrana səfər etməkdən çəkindirməlidir. Əks təqdirdə, hər bir vətəndaşımız molla rejiminin xüsusi xidmət orqanlarının potensial hədəfinə çevriləcək.
Bu təhlükə qarşısında Azərbaycan dövləti də müvafiq addımlar atmalıdır. Çünki təhlükənin olmasına baxmayaraq, Azərbaycan vətəndaşları hələ də İrana səfərlər edir. Bu baxımdan, dövlət vətəndaşların İrana səfərini məhdudlaşdıra, yaxud qadağan edə bilər. Dünyada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərlərinin qadağan edilməsi təcrübəsi kifayət qədərdir. Misal, ABŞ və Yaponiya vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan edir. Yaxud elə vətəndaşlarının İrana səfərinə qarşı olan onlarla və bəlkə də daha çox ölkə var. F.Səfərlinin qondarma ittihamla həbs edilməsi, ümumiyyətlə, molla rejiminin mahiyyəti Azərbaycanın da belə addım atması zərurətini aktuallaşdırır.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO