Süni göl ətrafında yaradılan “süni gündəm” və “siyasi mühəndislik” oyunu
Bizi izləyin

Nida Təhlil

Süni göl ətrafında yaradılan “süni gündəm” və “siyasi mühəndislik” oyunu

Gədəbəyin Söyüdlü kəndində süni göl ətrafında süni gündəmin yaradılması prosesini izlədik və bu, Azərbaycana qarşı növbəti dəfə “siyasi mühəndislik” oyunu idi.

Məsələ etiraz edən kənd sakinləri, yaşlı qadına qarşı qəbuledilməz addım, yaxud dağın başında “sui-qəsd planları” deyil, məsələ baş verən hadisənin ictimai rəyə təqdimatı və sosial platformalar üzərindən edilənlərdir. Və məsələ o da deyil ki, sosial şəbəkələrdə baş verənlərə münasibət bildirən hər kəs inforəyin yaradılmasının iştirakçısıdır. Xeyr. Əksinə, əksəriyyət yaradılan dalğavari inforəyin xəbərsiz iştirakçısına çevrildi.

Hər şey polisin yaşlı qadına qarşı qəbuledilməz hərəkətinin ictimai rəyə servis edilməsi ilə başlandı və hər kəs bunu qınadı, elə dövlətin özü də. Daxili İşlər Nazirliyi dərhal baş verən hadisəni nəzarətə götürdü və araşdırma aparılır. Halbuki, servis edilən kadrların bir də görünmyən tərəfləri də var: sonradan yayılan digər kadrlarda kənd sakinlərinin polisləri daşladığı, təhqir etdiyi görünür və buna rəğmən, adekvat reaksiya kifayət qədər tolerant idi. Bəlkə də digər kadrlar ortaya çıxmayacaqdı, əgər servis edilən görüntülər ümumilikdə polislərin nüfuzdan salınması üçün genişçaplı kampaniya üçün istifadə edilməsəydi. Əslində servis edilən kadrlar məhz qurulan oyunun ilk addımı kimi görünür, dünəndən aparılan təbliğata nəzər yetirdikdə bunu aydın görmək mümkündür.

Hərçənd, bu və bunun kimi hadisələr dünyanın hər yerində olur. Azərbaycanda baş verməsi də nə qədər xoşagəlməz olsa da, mümkündür. Burada vacib olan dövlətin baş verənlərə münasibətidir:

- Daxili İşlər Nazirliyi kadrdakı polislə bağlı araşdırma başladı;
- Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradıldı;
- Gədəbəy İcra Hakimiyyətinin başçısı Söyüdlü kəndində ikinci süni gölün yaradılmayacağını bildirdi;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayonda monitorinqlərə başladı;


Nəticə etibarilə, dövlət vətəndaşın tərəfində dayandı: kadrdakı polislə bağlı qərar, kənd sakinlərinin istədiyi kimi ikinci gölün yaradılmaması və ərazidə monitorinqin aparılması;

Buna rəğmən, vətəndaşın istəyi və dövlətin bu istəyi təmin etməsi ikinci planda qalır, ön plana “dövlət vətəndaşı incidir” mənzərəsi çıxarılır. Məhz bu məqam yaradılan ajiotajın süni olduğu və burada “siyasi mühəndisliyin” tətbiq edildiyini deməyə əsas verir: hədəfə çatmaq üçün informasiya mühiti doğru olmayan mənfi məlumatlarla yüklənir, gerçəklər bu yalanların kölgəsində görünməzə çevrilir və ictimai rəy manipulyasiya edilir;

Baş verənlərdə “siyasi mühəndislik” oyununu görə bilmək üçün iki istiqamətə nəzər yetirmək kifayətdir:

Birincisi, informasiya axınına, bu axının mənbələrinə;
İkincisi, Azərbaycan ətrafında baş verənlərə;


Məlum olur ki, Söyüdlü kəndindəki məsələ yeni deyil. Lakin servis edilən ilk kadr – bir polisin yaşlı qadına qarşı hərəkəti indi tirajlanır və bu informasiyaların tirajlanmasında əsas işi “Azadlıq radiosu” həyata keçirib. Servis edilən ilk kadrın sürətli yayımlanması və DİN-in məsələni nəzarətə götürməsinə baxmayaraq, anti-təbliğatın genişlənməsi də kampaniyanın əvvəldən hazırlandığı fikrini gücləndirir. Əsas mənbələrin “Azadlıq radiosu” ilə yanaşı, xaricdə fəaliyyət göstərən və maliyyə mənbələri həmişə suallar doğurmuş resurslar olması da burada diqqətçəkən məqamlardandır.

Bunun fonunda Azərbaycan ətrafında baş verənlərə nəzər yetirmək zəruridir.

1. Laçın postunun ləğv edilməsi üçün beynəlxalq səviyyədə genişmiqyaslı iş aparılır;
2. Ermənistan ABŞ investisiyası ilə Arazdəyəndə bölgə üçün ekoloji fəlakət yaradacaq metallurgiya zavodu inşa edir;


Rəsmi Bakı hər iki məsələdə prinsipial mövqe sərgiləyir: Laçın postu heç vaxt ləğv edilməyəcək və Arazdəyəndə zavodun inşasının ekoloji fəlakətə yol açacağına dair beynəlxalq səviyyədə iş aparır.

Gündəmin bu cür prinsipial məsələlər olduğu vaxt qəfil servis edilən bir kadrla diqqətlər Azərbaycan daxilinə cəlb edilir, ictimai rəy dövlətə qarşı yönləndirilir. Təsadüfə bənzəmir və belə görünür ki:

- Laçın postunun ləğv edilməsi istəyini rədd edən Bakıya qarşı daxildən təzyiq gedişi edilir;
- Arazdəyəndə ABŞ investisiyası ilə inşa edilən zavodun ekoloji fəlakətə yol açacağını deyən Bakıya “ölkə daxilində ekoloji problem” görüntüsü ilə cavab verilir;


Və qeyd etdiyimiz kimi, burada söhbət Söyüdlü kəndində “sui-qəsd planı” hazırlamaqdan getmir, məsələ baş verənlərin “siyasi mühəndislik” metodu ilə təqdimatı və ictimai rəyin manipulyasiya edilməsidir. Bu baxımdan, təkcə dövlət yox, cəmiyyət də daha diqqətli olmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm