BQXK-nın “humanitar” qaçaqmalçılığı: Komitə Qarabağda hansı əməllər törədir?
Bizi izləyin

Nida Təhlil

BQXK-nın “humanitar” qaçaqmalçılığı: Komitə Qarabağda hansı əməllər törədir?

Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində Laçın sərhəd-buraxılış məntəqəsindən qaçaqmalın keçirildiyini aşkarladı: bəyan olunmamış mobil telefon və aksesuarları, siqaretlər və yanacaq qaçaqmalçılığı həyata keçirilib və bunu BQXK edib;

İndiyə qədər Ermənistanın, Qarabağda qalan ermənilərin, hətta Rusiya sülhməramlılarının da qanunsuz daşımalar həyata keçirdiyinə dair faktlar yayılmışdı, lakin analoji qanunsuzluğun beynəlxalq təşkilat tərəfindən də edilməsi ciddi təhlükələrdən xəbər verir. Və bir daha aydın olur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna nəzarət bərpa edilmədiyi müddətdə, adında “beynəlxalq”, yaxud “humanitar” sözü olan, missiyasını bu istiqamətdə qurduğunu iddia edən təşkilatlar belə qeyri-qanuni fəaliyyət göstərməyə cəhd edəcək.

Ortada fakt var və bu fakt təsdiq edir ki, BQXK Azərbaycanın humanist mövqeyindən sui-istifadə edib. İyunun 15-də Ermənistanın Laçın postuna təxribat hücumundan sonra sərhəd-keçid məntəqəsi bağlandı. Daha sonra BQXK-nin rəhbərliyi rəsmi Bakı ilə keçidə şəraitin yaradılması üçün danışıqlar apardı. Azərbaycan tərəfi Qarabağdakı erməni əhalisinin təminatının BQXK vasitəsilə Ağdamdan həyata keçirilməsini təklif etdi. O cümlədən, xəstələrin daşınmasına şərait yaratdı. Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin problemlə üzləşməməsi üçün bütün mümkün imkanlardan istifadə edir, lakin BXKQ-nin qaçaqmalçılığı bu humanist mövqedən sui-istifadə edildiyini təsdiq edir.

Bu fakt BXKQ-nin Qarabağdakı fəaliyyətinə şübhəli məqamları yenidən aktuallaşdırır:

Qarabağda “xəstə biznesi”

Hələ Laçın-Xankəndi yolunda aksiya başlayanda Azərbaycan xəstələrin Ermənistana daşınmasına və humanitar yüklərin keçidinə şərait yaratmışdı, eyni yanaşma Laçın postu qurulandan, hətta İrəvanın təxribatından sonra belə sərgiləndi. BQXK vasitəsilə demək olar ki, hər gün Xankəndidən Ermənistana və əks istiqamətə xəstə daşınmasının sayının artması diqqət çəkən əsas məqamlardandır. Bu iki mümkün ehtimalı önə çıxarır:

Birincisi, “xəstə” adı ilə erməni əhalisinin keçidi təmin edilir;
İkincisi, BQXK-nin İrəvandakı ofisi və Xankəndidəki nümayəndələri bundan pul qazanırlar;


Ermənistan mediasında yayılan məlumatlar da bu ehtimalları gücləndiririr. Bu ilin yanvar ayında – Laçın postunun qurulmasından öncə iki “qanuni oğru”nun ekofəalların aksiya keçirdiyi ərazidən gizli şəkildə keçirildiyi və bunun qarşılığında 10 min dollar alındığı haqda məlumat yayılmışdı. Məlumatda Rusiya sülhməramlılarının bu prosesi təşkil etdiyi deyilirdi, lakin BQXK-nin nəqliyyat vasitələrinin bu “qaçış planı”ndan iştirakı da istisna edilmir. Komitənin mütəmadi olaraq “xəstə” daşıması diqqəti məhz bu məqama yönəldir.

BQXK-nın qaçaqmalçılığı

DSX-nın məlumatı komitənin qaçaqmalçılıqla məşğul olduğunu təsdiqlədi və bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, analoji addımdan əl çəkmədikləri görünür. Sual yaranır: beynəlxalq təşkilatın burada əsas marağı nədir? Bu sualın birdən çox cavabı var.

1. Bəllidir ki, BQXK erməni əhalisinə lazımi malları qanunsuz yolla daşımaqla pul qazanır: bu, ya komitənin rəhbərliyi səviyyəsində edilir, yaxud nümayəndələləri tərəfindən;
2. Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasının qarşısını alır: rəsmi Bakı erməni əhalisinin ehtiyaclarını qarşılaya biləcəyini bəyan edib, hətta bunun üçün Ağdamdan konkret marşrutu da təyin edib, lakin BQXK rəhbərliyi bundan imtina etdi, əvəzində qaçaqmalçılıqla ermənilərə lazım olan məhsulları çatdırır və bu, erməni əhalisini reinteqrasiya prosesindən uzaqlaşdıran amildir;

BQXK silah daşıyırmı?

Qaçaqmalçılıqla bağlı faktlar və komitənin açıq şəkildə qanunu pozması bunun mümkünlüyünü də aktualaşdırır. Azərbaycan Ermənistandan Qarabağa silah daşınması cəhdlərinin qarşısını dəfələrlə alsa da, belə cəhdlər davamlı şəkildə edilib. Laçın-Xankəndi yolunda aksiya başlayandan sonra ermənilər Rusiya sülhməramlılarının dəstəyi ilə torpaq yollardan istifadə edərək, silah daşınmasını həyata keçirirdi. Ordumuz bu yolları nəzarətə götürsə də, eyni cəhdlər davam etdi. Nəhayət, Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasından sonra prosesə son qoyuldu. Lakin nə Ermənistan, nə də separatçılar silahlanma planlarından imtina etməyib. Çünki Azərbaycana reinteqrasiyanın qarşısını alan separatçı rejim öz mövcudluğunu qorumaq məqsədilə müharibəyə hazırlaşır, Qarabağ planından imtina etməyən Ermənistan da bu hazırlıqda onları dəstəkləyir. Bu situasiya fonunda “bütün yollar bağlıdırsa, silahı haradan keçirə bilərlər” sualı yaranır. Və bütün diqqət BQXK-nın üzərinə yönəlir. Qanunsuz malların qaçaqmalçılığını həyata keçirən komitənin silah daşıması da istisna edilməməlidir.

BQXK-nın casusluğu

Əsas məqamlardan biri də budur. Azərbaycan komitənin “humanitar missiyası”nı nəzərə alaraq, əməkdaşlarının maneəsiz hərəkətinə şərait yaradır. Heç kim zəmanət verə bilməz ki, komitə “humanitar missiya” adı altında getdiyi ərazilərdən Ermənistanın və Xankəndidəki separatçıların xeyrinə casusluq fəaliyyətini həyata keçirmir. BQXK-nın Azərbaycana qarşı mövqeyi və 44 günlük müharibənin təcrübəsi də bu şübhələri artırır:

- Komitə anti-Azərbaycan fəaliyyəti ilə seçilir, 44 günlük müharibədə Bakıya qarşı itttihamlar irəli sürməsi, Ermənistanın maraqlarını müdafiə etməsi belə nümunələrdəndir;
- 44 günlük müharibədə komitənin nümayəndələrinin qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr var;
- BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycan əleyhinə olan ölkələrin vətəndaşları, o cümlədən, Ermənistanın maraqlarını müdafiə edənlər var: belə şəxslərin bütün imkanlarını Azərbaycanın əleyhinə yönəltdiyi sirr deyil;

Bütün bu faktlar, ehtimallar və şübhələr BQXK-nın Qarabağdakı fəaliyyətini sual altına salır və Azərbaycanın suverenliyinə qarşı təhdidi aradan qaldırmaq zərurətini yaradır. Əgər beynəlxalq təşkilat öz “missiyası”ndan sui-istifadə edərək, qaçaqmalçılıq edirsə, bu, onun fəaliyyətinin qadağan edilməsi üçün yetərli əsasdır. Bununla yanaşı, BQXK-nın Qarabağda fəaliyyəti ümumiyyətlə nə beynəlxalq qanunlara, nə də Azərbaycan qanunvericiliyinə uyğun deyil. Çünki Qarabağ iqtisadi rayonu beynəlxalq səviyyədə Azərbaycan ərazisi olaraq tanınır, amma Azərbaycan ərazisində fəaliyyət göstərən BQXK-nın ofisi başqa ölkədəki – Ermənistandakı nümayəndəliyə tabedir. Bunun nə qanuni, nə də məntiqi əsası yoxdur. Azərbaycan öz ərazisindəki bu qanunsuzluğa son qoymalıdır. Cari olaraq iki istiqamətdə addımın atılmasına zərurət var.

Birincisi, BQXK-nın Qarabağdakı ofisi komitənin Bakıdakı nümayəndəliyinə tabe olmalıdır və bütün fəaliyyəti burada koordinasiya edilməlidir;
İkincisi, BQXK-nın qaçaqmalçılığına görə yenidən bağlanan Laçın sərhəd-keçid məntəqəsindən yüklərin daşınmasına ümumiyyələ icazə verilməməlidir: rəsmi Bakı BQXK-ya erməni əhalisinin bütün ehtiyacının Ağdamdan təmin edilməsini təklif etmişdi, eyni təklif komitəyə yenidən təqdim edilməli və bu təmin olunmalıdır; BQXK-nın məqsədi həqiqətən də humnanitar missiyadırsa, əhalinin ehtiyacının İrəvandan, yaxud Bakıdan edilməsinin onlar üçün fərqi olmamalıdır, əks təqdirdə, komitənin fəaliyyətinə icazə verilməməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm