Afrikadan qovulan Fransanın Cənubi Qafqaza müdaxiləsi və Makronun fiaskosu
Bizi izləyin

Nida Təhlil

Afrikadan qovulan Fransanın Cənubi Qafqaza müdaxiləsi və Makronun fiaskosu

Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi “Dağlıq Qarabağa dəstək” tələbi ilə Makron hökumətinə müraciət ediblər. Təəcüblü deyil və Ermənistanın sərhəddə təşkil etdiyi “humanitar yardım” şousu fonunda məqsədin nə olduğu aydın görünür.

Azərbaycanın Qarabağla bağlı “yol xəritəsi” məlumdur: Laçın sərhəd-keçid məntəqəsi erməni əhalisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xəstələri daşıması üçün açıqdır, lakin yüklərin keçidi üçün Ağdam-Xankəndi marşrutu təklif olunur; bu, həm beynəlxalq hüquqda təsbit olunan ərazi bütövlüyü prinsipinə uyğundur, həm də ölkə qanunvericiliyinə; Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinə zəmanət verən rəsmi Bakının əsas siyasi xətti reinteqrasiyanın həyata keçirilməsidir;

Ermənistan və havadarları, o cümlədən, Fransanın özü də bu reallığı qəbul etmək istəmir, çünki bu perspektiv onların maraqlarına uyğun deyil:

- Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Qarabağ məsələnini kart kimi əlində saxlamaq və bölgədəki separatçıları “tərəf” etmək niyyətindədir;
- Vasitəçilik imkanlarını ermənilərin maraqlarına xərcləyən Fransa erməni əhalisinin reinteqrasiyasının qarşısını almaqla Qarabağdakı separatçıları bölgədə rıçaq olaraq istifadə etmək istəyir;

Ermənistanın sərhəddə təşkil etdiyi “yardım şousu” da Ağdam-Xankəndi marşrutunu arxa plana keçirmək, Azərbaycana qarşı beynəlxalq təzyiqin güclənməsinə nail olmaqdır. Bəllidir ki, bu şounun ideya müəlliflərindən biri də elə Fransadır. Lakin Azərbaycanın prinsipial mövqeyi bu cəhdləri alt-üst edib, Ermənistanın göndərdiyi TIR-ların sərhəddə qalması da bunun bariz nümunəsidir. Prezidentin köməkçisi Hikmət Hacıyevin “Oyun bitdi!” açıqlaması da əslində Qarabağ üzərindən suverenliyimizə qarşı oynanılan oyunların artıq başa çatdığının mesajıdır.

Ermənistan və Fransa bunu qəbul etmək istəmirlər. Və 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi Azərbaycana təzyiqin edilməsi çağırışı ilə Makron hökumətinə müraciət etməsi də bundan qaynaqlanır. Aydındır ki, müraciətin arxasında Fransadakı erməni diasporu/lobbisi dayanır. Hərçənd, burada “Fransa nə istəyir?” sualı ön plana çıxır. Bunun iki bəlli cavabı var:

Birincisi, Fransanın bölgəyə “vasitəçilik” iddiası ilə müdaxilə etmək cəhdləri baş tutmayandan sonra erməni kartını açıq şəkildə oynamağa başlayıblar;
İkincisi, erməni diasporu/lobbisinin Yelisey sarayını idarə etməsi və Emmanuel Makronu öz maraqlarının oyuncağına çevirmələridir: Kişinyov görüşündən sonra Makronun Murad Papazyan kimi terror ideologiyasının daşıyıcılarına hesabat verməsi Fransanın düşdüyü acınacaqlı vəziyyəti əyani şəkildə ortaya çıxardı;

Fransanın Emmanuel Makronun rəhbərliyi altında Ermənistanın “forpostu”na çevrildiyi artıq sirr deyil. Və o da bəllidir ki, Yelisey sarayını erməni maraqlarının əsas məkanına çevirən Makron daxili və xarici siyasətdə ciddi problemlərlə üzləşib.

Parisin küçələrində “Rədd olsun diktator” sloqanları artıq adi hala çevrilib. Özünü demokratiya və insan haqlarının “beşiyi” adlandıran Fransada bu sloqanlar Makrona qarşı səsləndirilir. Bu reallıq hansısa iddiadan ibarət deyil, Fransa xalqının gündəlik etirazının bir hissəsidir və Makron hakimiyyətə gəldikdən sonra Paris küçələri etirazların məskəninə çevrilib. Çünki Fransada demokratiya və insan haqları polis dəyənəyinin altında əzilir. Bunu Qərb mediası və beynəlxalq ekspertlər dilə gətirir.

Misal üçün, Hyuston Universitetinin tarix professoru Robert Zaretski Fransa prezidentinin əslində “avtoritar” olduğunu açıq şəkildə bəyan edir.

“Fransa qeyri-liberal ölkə deyil, lakin Makronun siyasəti fonunda bu, avtoritar ittihamlarını arxa plana keçməyə imkan vermir. “Avtoritar” termini Fransada o qədər tez-tez və müxtəlif şəkildə istifadə olunur ki, artıq adiləşir”, - professor yazır.

Xüsusilə 2020-ci ildən sonra Makron hakimiyətinin daxili siyasəti Fransanı acınacaqlı vəziyyətə salıb. Xalq mütəmadi olaraq qəbul edilən qərarlara qarşı etirazlar edir, hakimiyyət isə mövcud problemləri həll etmək əvəzinə dəyənəkləri işə salır. Farnsa hakimiyyətinin pensiya haqqında dəyişikliyi parlamentə müzakirə edilmədən qəbul etməsi belə nümunələrdən biridir. İnsanlar bu addıma qarşı günlərlə etiraz aksiyaları keçirdi, Makron isə aksiyaları zorakılıqla yatırmaq addımı atdı. 17 yaşlı əlcəzairli gəncin polis tərəfindən nümayişəkərana şəkildə qətlə yetirilməsindən sonra başlanan etirazlar isə həm də illərdir Makron diktatorluğuna qarşı yaranan qəzəbdən doğurdu. Çünki Fransa prezidenti əslində diktatordur.

Türkiyəli akademik Esat Arslan bildirir ki, əslində Makron yanlış təqdim edilir.

“Fransa prezidenti bir diktatordur. Xalqı diqqətə almadan qərarklar çıxarır və buna etiraz edənləri əzir. Fransada ona “kiçik Napolyon” demələri də dikatorluğundan irəli gəlir. Yəni Makron birbaşa “ölüm əmrini” verə biləcək şəxsdir”, - E.Asrslan bildirir.

Əlcəzairli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan etirazların yatırılması üçün zorakılığın tətbiqi Makronun xalqın “ölüm əmrini” verdiyinin son nümunəsidir. Etirazlarda yüzlərlə insan yaralandı, minlərlə insan həbs olundu.

Daxili siyasəti acınacaqlı vəziyyətdə olan Fransa xarici siyasətdə də ciddi problemlərlə üzləşir. İllərdir Fransa müstəmləkəsindən əziyyət çəkən Afrika ölkələrinin artıq etiraz etməsi və rəsmi Parisin belə demək mümkünsə, “burnundan vurması” bunun əyani nümunəsidir. Makronun bu ilin mart ayında reallaşdırdığı Afrika turunda üzləşdiyi vəziyyət bunu açıq şəkildə ortaya çıxardı.



Fransa prezidenti illərdir soyqırımılar törətdikləri və taladıqları Afrikada zəifləyən mövqelərini bərpa etmək məqsədilə səfərə çıxmışdı. Lakin elə ilk ziyarət etdiyi Konqoda ona “yerini göstərdilər”. Makronun “problemlərinizin günahkarını xaricdə axtarmayın” sözlərinə Konqo prezidenti Feliks Tşisekedi “Həmişə “sanki siz haqlı, biz haqsızıq” kimi danışırsınız, bu davranışa son qoyun, Afrikaya hörmət etməlisiniz” deyə cavab verdi. Konqo liderinin mətbuat konfransında Makrona 1994-cü ildə Ruandada törətdikləri soyqırımı xatırlatması isə Fransanın həm qaranlıq keçmişini, həm də Afrikada artıq məğlubiyyətlə üzləşdiyini bir daha nümayiş etdirdi. Bu günlərdə hakimiyyət çevrilişi baş verən Niger Respublikasında Fransa müstəmləkəsinə qarşı etirazlar da Makronun Afrikada tətbiq etdiyi yeni strategiyasının iflasa uğradığını göstərir. Etirazçılar bildirirlər ki, “uranyum və qızılımız var, amma kölə kimi yaşayırıq”. Məhz buna görə uranyum və qızılın Fransaya göndərilməsini dayandırdılar, rəsmi Parisin müstəmləkəsindən imtina etdilər.

Fransa Afrikadan faktiki olaraq qovulur, Makrona qarşı “rədd olsun diktator” sloqanları Paris küçələrində əks-səda verir. Fransa hakimiyyəti isə öz problemlərini həll etmək əvəzinə sözün bütün mənalarında burnunu Cənubi Qafqaza soxmağa cəhd edir, Fransanın milli və dövlət maraqlarını ermənilərə qurban verməkdən əl çəkmir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm