Separatçılar Ermənistandan yox, Rusiyadan təlimat alırlar: Kremlin təxribatçı planının detalları
Bizi izləyin

Nida Təhlil

Separatçılar Ermənistandan yox, Rusiyadan təlimat alırlar: Kremlin təxribatçı planının detalları

Separatçılar Ermənistandan yox, Rusiyadan təlimat alırlar: Kremlin təxribatçı planının detalları

Bildiyimiz kimi, Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç masada aparılır: Brüssel, Moskva və Amerika Birləşmiş Ştatları. Brüssel və Amerika Birləşmiş Ştatlarında müəyyən irəliləyişlər müşahidə olundu. Lakin Moskva heç cür Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarı deyil və bunu biz xarici Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın çıxışında da müşahidə etdik.

Bunu Publika.az-a ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov bildirib. O vurğulayıb ki, separatçılar artıq Ermənistandan deyil, Rusiyadan təlimat alırlar:

"Zaxarova vurğulamışdı ki, Moskvasız heç bir sülh müqaviləsinə ola bilməz, əksinə, bu Qarabağ ərazisində vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Bilirsiniz ki, 10 noyabr razılaşması var. Bu razılaşmanın dördüncü bəndi bugünkü günə kimi icra olunmayıb. Qarabağda sülhməramlı kontingentin nəzarət etdiyi ərazidə 10 mindən artıq Ermənistan silahlısı var. Araik Arutyunyan, Ruben Vardanyan kimi separatçılar da vəziyyəti gərginləşdirməyə çalışır. Onlar artıq Ermənistandan yox, Rusiyadan təlimatlar alırlar. Rusiya hansı təlimatı verirsə, ona uyğun da hərəkət edirlər”.

Ekspert bildirib ki, Rusiya terrora, təxribatlara dəstək verir:

“Dövlət başçımızın təklifi ilə humanitar yardımın daşınması istiqamətində Brüsseldə bir razılaşma olmuşdu. Lakin buna cavab olaraq separatçılar həmin yola beton səthlər düzmüş və yolu bağlamışdılar. Rusiya sülhməramlı kontingentinin belə bir təxribatçı addımlar atması, yəni terrora dəstək verməsi açıq-aydın göz qabağındadır. Bu cür analoji vəziyyət zamanında Ukraynada da baş vermişdir. Guya ki, Rusiya Donbasa və Luqansk vilayətlərinə humanitar yardım aparırdı. Bu adla Ukraynadan soruşmadan o ölkənin ərazisinə keçmişdi və bütün dünya Rusiyanı qınamışdı. Hətta Kanada dövləti rəsmi olaraq açıqlama vermişdi ki, bu hal artıq Ukraynanın işğalı deməkdir. Amma bu gün biz görürük ki, həmin ölkələr ikili standartdan çıxış edirlər. Ukraynanın tərəfini saxlayanlar Qarabağda yerləşən separatçılara haqq qazandırırlar".

Ekspertin fikirncə separatçılar bölgədə gedən quruculuq işlərində iştirak edən insanların həyatı üçün təhlükə yaradır:

“Azərbaycan öz quruculuq işi ilə məşğuldur. Əlbəttə ki, təhlükə var. Orada iş aparan, şirkətlərdə işləyən insanlara qarşı, hətta gələcəkdə köçən köçkünlərimizə qarşı hansısa təhlükə yarana bilər. Lakin artıq bu təhlükələr hamısı geridə qalmalıdır. Biz buna fikir verməməliyik və öz işimizi görməli, öz tədbirimizi həyata keçirməliyik”.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan sülhməramlı kontingentinin olduğu ərazilərdə nəzarəti öz əlinə almalıdır:

“Azərbaycan bir neçə xüsusi əməliyyatlar keçirdi və biz müəyyən yüksəklikləri əldə etdik. Daha sonra isə iki dəfə qisas əməliyyatı keçirtdik. Həmçinin separatçılar alternativ yollardan Rusiyanın sülhməramlı kontingentinin dəstəyi ilə istifadə edirdilər və silah-sursat daşıyırdılar. Azərbaycan tərəfi bunu qəbul edə bilməzdi və biz Azərbaycanla Ermənistan sərhədində Laçın postunda nəzarət-buraxılış məntəqəsi yaratdıq. Hesab edirəm ki, artıq vaxtdır, Azərbaycan Xankəndiyə də nəzarəti ələ almalıdır”.

Ekspert qeyd edib ki, sülhməramlıların bölgədə qalmalı olduğu 5 il müddəti yaxınlaşdıqca, gərginlik də artır:

“Bunu dəfələrlə demişəm ki, rusların o ərazidən çıxmaq fikirləri yoxdur və bu, gərginliyi getdikcə daha da artıracaq. Araik Arutyunyanıı da danışıdran Rusiyadır. Buna cavab olaraq Azərbaycan antiterror əməliyyatı keçirməlidir. Nəyin bahasına olursa olsun, Azərbaycan xüsusi əməliyyat keçirməli və o ərazilərdə bayrağımız asılmalıdır.

Rusiya öz missiyasını yerinə yetirmədi. 10 noyabr üçtərəfli razılaşmasının dördüncü, doqquzuncu bəndi bu günə kimi yerinə yetirilməyib. Baxmayaraq ki, dördüncü bənddə göstərilib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisinə daxil olduğu andan keçmiş Qarabağ ərazisində yerləşən Ermənistan silahlı birləşməsi Azərbaycan ərazisini tərk etməlidir və bunun qarantı isə Rusiya dövlətidir.

Yəni onlar qarant olaraq bu öhdəliyi öz üzərinə götürüb, amma yerinə yetirməyiblər. Onların bir məqsədi var – burada daim gərginlik olsun və Ermənistanla Azərbaycan arasında sülh bərqərar olmasın. Məsələ budur. Hesab edirəm ki, heç nəyi nəzərə almadan Azərbaycan Ordusu öz sözünü deməlidir".

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm