Rusiya dəyərsiz hesab edərək satmışdı: Bu ölkə indi milyardlar qazanır - FOTO
Bizi izləyin

Dünya

Rusiya dəyərsiz hesab edərək satmışdı: Bu ölkə indi milyardlar qazanır - FOTO

Rusiya dəyərsiz hesab edərək satmışdı: Bu ölkə indi milyardlar qazanır - FOTO

1867-ci ildə Rusiya İmperiyasının ABŞ-a cəmi 7,2 milyon dollara satdığı Alyaska sonradan dünyanın ən zəngin təbii ehtiyatlara malik bölgələrindən birinə çevrildi. O dövrdə gəlirsiz və saxlanılması baha hesab edilən ərazi sonrakı illərdə ABŞ iqtisadiyyatına milyardlarla dollar qazandırdı.

Publika.az xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşrində dərc olunan məqalədə qeyd olunub.

Məlumata görə, 30 mart 1867-ci ildə ABŞ-ın dövlət katibi Uilyam Henri Süard və Rusiyanın Vaşinqtondakı səfiri Eduard Stekl Alyaskanın satışı haqqında müqaviləni imzalayıblar. ABŞ 1,55 milyon kvadrat kilometrdən çox ərazi üçün Rusiyaya 7,2 milyon dollar ödəyib. Bu, hər akr üçün 2 sentdən də az məbləğə bərabər idi.

Həmin dövrdə sövdələşmə həm ABŞ-da, həm də Rusiyada tənqid olunurdu. ABŞ-da Alyaska "Süardın axmaqlığı" adlandırılır, Rusiyada isə ərazinin satılması strateji səhv kimi qiymətləndirilirdi.

Nəşrin yazdığına görə, Rusiya bu qərarı Krım müharibəsindən sonra yaranan maliyyə böhranı, Alyaskanın uzaq yerləşməsi, əhalisinin az olması və Böyük Britaniyanın bölgəni ələ keçirməsi ehtimalı səbəbindən qəbul etmişdi.

Lakin təxminən 30 il sonra vəziyyət tamamilə dəyişdi. 1896-cı ildə Klondayk bölgəsində zəngin qızıl yataqlarının aşkar edilməsi böyük "qızıl axtarışı"na səbəb oldu. Sonrakı illərdə Alyaskada iri neft, təbii qaz, kömür, sink, meşə və balıq ehtiyatları da üzə çıxarıldı.

İkinci Dünya müharibəsi dövründə Alyaska ABŞ üçün mühüm hərbi-strateji əhəmiyyət qazandı və 3 yanvar 1959-cu ildə ölkənin 49-cu ştatı elan edildi.

Məqalədə qeyd olunur ki, Alyaska bu gün də geosiyasi müzakirələrin mövzusu olaraq qalır. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra bəzi rusiyalı siyasətçilər ABŞ-ın Rusiya aktivlərini donduracağı halda "Alyaskanın geri qaytarılması" ilə bağlı bəyanatlar versələr də, ABŞ rəsmiləri bu açıqlamaları ciddi qəbul etməyiblər.

Araşdırmada Alyaska ilə bağlı maraqlı elmi faktlara da yer verilib. Bildirilib ki, Berinq dənizinin dibində yerləşən "Jemçuq" (Zhemchug) sualtı kanyonu dərinliyinə görə Böyük Kanyonu geridə qoyur və dünyanın ən böyük sualtı kanyonlarından biri hesab edilir.

Həmçinin Bristol körfəzində yaşayan ağ balinalar (beluqalar) üzərində aparılan DNT araşdırmaları göstərib ki, bu növ həyat boyu müxtəlif partnyorlarla cütləşərək populyasiyanın genetik müxtəlifliyini qoruyub saxlayır. Bu xüsusiyyət onların xarici təhlükələrə qarşı davamlılığını artıran əsas amillərdən biri hesab olunur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm