Rəqəmsal təhlükələrə qarşı yeni addım: Dünyada yaş məhdudiyyəti necə tətbiq olunur?
Bizi izləyin

Nida Təhlil

Rəqəmsal təhlükələrə qarşı yeni addım: Dünyada yaş məhdudiyyəti necə tətbiq olunur?

Rəqəmsal təhlükələrə qarşı yeni addım: Dünyada yaş məhdudiyyəti necə tətbiq olunur?

Sosial şəbəkələr son illərdə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu platformalar informasiya əldə etmək, ünsiyyət qurmaq, təhsil və özünüinkişaf imkanları baxımından böyük üstünlüklər yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün yeni təhlükələri də özü ilə gətirib. Kibertəzyiq, zərərli məzmun, təhlükəli çağırışlar, rəqəmsal asılılıq və manipulyativ alqoritmlər artıq dünyanın bir çox ölkəsində ciddi ictimai problem kimi qəbul olunur.

Məhz buna görə də son illərdə müxtəlif dövlətlər uşaqların sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsi istiqamətində addımlar atmağa başlayıb. Azərbaycanda da bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs müzakirə olunur.

Məsələyə texnologiyalara qadağa qoyulması kimi deyil, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması baxımından yanaşılır. Necə ki, azyaşlıların alkoqol məhsullarına, siqaretə, soyuq silahlara və yaş məhdudiyyəti tətbiq olunan digər məhsullara çıxışı qanunla tənzimlənir, sosial şəbəkələrin yaratdığı risklər fonunda rəqəmsal mühitdə də oxşar qoruma mexanizmlərinin yaradılması zəruri hesab edilir.

Bu istiqamət Azərbaycan üçün tamamilə yeni deyil. Hələ 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun uşaqların yaş xüsusiyyətlərinə uyğun informasiya əldə etmək hüququnu və onların zərərli məzmundan müdafiəsini nəzərdə tuturdu. Hazırda müzakirə olunan dəyişikliklər isə həmin hüquqi bazanın sosial media platformalarını da əhatə etməsinə yönəlib.

Təklif olunan mexanizmə əsasən, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə sərbəst hesab yaratması mümkün olmayacaq. 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı və nəzarəti altında platformalardan istifadə etməsi nəzərdə tutulur. Bu yanaşma yeniyetmələrin rəqəmsal savadlılığının formalaşmasına və internet mühitində daha təhlükəsiz davranış vərdişləri qazanmasına kömək edə bilər.

Qanunun qəbul ediləcəyi təqdirdə onun dərhal deyil, keçid dövründən sonra qüvvəyə minməsi planlaşdırılır. Bu müddət ərzində yaşın təsdiqlənməsi mexanizmləri hazırlanacaq, texniki imkanlar qiymətləndiriləcək və geniş maarifləndirmə kampaniyaları həyata keçiriləcək.

Dünya hansı istiqamətdə hərəkət edir?

Azərbaycanda müzakirə olunan təşəbbüs əslində qlobal tendensiyanın tərkib hissəsidir. Son illərdə bir çox ölkələr uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətləri tətbiq edir və ya platformaların məsuliyyətini artıran hüquqi mexanizmlər hazırlayırlar.

Bu istiqamətdə ən sərt addımlardan birini Avstraliya atıb. Burada qəbul olunan qanun sosial şəbəkələrdə 16 yaşdan aşağı istifadəçilərin qeydiyyatına məhdudiyyət qoyulmasını nəzərdə tutur. Əsas məsuliyyət isə istifadəçilərin deyil, platformaların üzərinə düşür. Yaş yoxlama sistemlərini tətbiq etməyən şirkətlər ciddi maliyyə sanksiyaları ilə üzləşə bilərlər.

Fransa isə Avropada bu istiqamətdə qabaqcıl ölkələrdən hesab olunur. Burada 15 yaşdan aşağı yeniyetmələrin sosial şəbəkələrdən istifadə etməsi üçün valideyn razılığı tələb edilir. Rəsmi Paris uşaqların rəqəmsal təhlükəsizliyini fiziki təhlükəsizlik qədər vacib hesab edir.

İspaniya rəqəmsal razılıq yaşını 16 olaraq müəyyən edib. Bununla yanaşı, ölkədə yaş həddinin daha da artırılması ilə bağlı ictimai və siyasi müzakirələr davam edir.

ABŞ-da vahid federal qanun olmasa da, ayrı-ayrı ştatlar fərqli yanaşmalar tətbiq edir. Məsələn, Florida 14 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan edib. Yuta, Texas, Tennessi, Corciya və Luiziana ştatlarında isə valideyn razılığı və yaş yoxlama mexanizmləri tətbiq olunur.

Böyük Britaniya fərqli model seçib. Burada əsas diqqət istifadəçilərə deyil, platformaların məsuliyyətinə yönəlib. “Online Safety Act” qanunu sosial media şirkətlərini uşaqları zərərli məzmundan qorumağa, təhlükəsizlik mexanizmlərini gücləndirməyə və yaş təsdiqləmə sistemləri yaratmağa məcbur edir.

Oxşar yanaşma İrlandiya tərəfindən də tətbiq olunur. Burada qüvvədə olan “Online Safety Code” platformaların uşaqlar üçün təhlükəli hesab olunan məzmunun yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görməsini tələb edir.

Almaniya uzun illərdir uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı ən sərt tənzimləmə sisteminə malik ölkələrdən biri hesab olunur. Burada yaş məhdudiyyətləri ilə yanaşı, uşaqlara yönələn reklam siyasəti və şəxsi məlumatların toplanması prosesi də ciddi şəkildə nəzarətdə saxlanılır.

Son dövrlərdə Türkiyə də sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi və platformaların məsuliyyətinin artırılması istiqamətində qanunvericilik dəyişikliklərini müzakirə edir.

Bundan başqa, Kanada, Norveç, Yeni Zelandiya, Hindistan, Malayziya və İndoneziya da uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı yeni hüquqi mexanizmlər hazırlayır və ya mövcud qanunvericiliyi sərtləşdirirlər.

Regional qonşular arasında da bu məsələ aktuallığını artırır. Qazaxıstan və Özbəkistan uşaqların sosial şəbəkələrdə fəaliyyətinin tənzimlənməsi və valideyn nəzarətinin gücləndirilməsi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürüblər.

Bütün bunlar göstərir ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət artıq ayrı-ayrı ölkələrin deyil, qlobal səviyyədə formalaşan yeni rəqəmsal siyasətin əsas istiqamətlərindən birinə çevrilir.

Bu baxımdan Azərbaycanda müzakirə olunan dəyişikliklərin əsas məqsədi uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitə daha hazırlıqlı, təhlükəsiz və məsuliyyətli şəkildə inteqrasiyasını təmin etməkdir. Dövlət, ailə və cəmiyyətin ortaq iştirakı ilə formalaşacaq bu yanaşmanın gələcək nəslin sağlam inkişafına və rəqəmsal təhlükəsizliyinə töhfə verəcəyi gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm