Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
Bizi izləyin

Nida Təhlil

Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır

Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana son səfəri Bakı ilə Brüssel arasında münasibətlərin perspektivlərini yenidən gündəmə gətirib. Son illər regional və qlobal geosiyasi proseslər fonunda Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika və Orta Dəhlizdə rolu daha da artıb. Bu amillər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa yanaşmasına da təsir göstərən əsas faktorlar kimi qiymətləndirilir. Tərəflər arasında yalnız enerji deyil, ticarət, rəqəmsal əməkdaşlıq, yaşıl enerji və nəqliyyat sahələrində də əlaqələrin genişləndirilməsi müzakirə olunur. Ekspertlər hesab edirlər ki, mövcud reallıqlar Azərbaycan-Avropa İttifaqı münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarır.

Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini şərtləndirən əsas amillər son illərdə baş verən geosiyasi hadisələrdir. Onun sözlərinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsi, eləcə də ABŞ-İran və İsrail-İran qarşıdurmaları Avropaya ciddi təsirlər göstərib.

O.Qasımov qeyd edib ki, bu şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha da əhəmiyyət qazanıb. O vurğulayıb ki, müharibələr nəticəsində Avropa təkcə enerji sahəsində deyil, həm də yükdaşımalar baxımından ciddi çətinliklərlə üzləşib.

"Rusiya-Ukrayna müharibəsi səbəbindən Çini Avropa ilə birləşdirən əsas istiqamətlərdən biri olan şimal nəqliyyat dəhlizi faktiki olaraq fəaliyyətini dayandırıb. Digər tərəfdən, Yaxın Şərqdə baş verən hadisələr həm Hörmüz boğazında, həm də Qırmızı dənizdə daşınmalarla bağlı ciddi problemlər yaradıb. Bu isə Azərbaycanın Orta Dəhlizin əsas marşrutu və müasir infrastruktura malik ölkə kimi əhəmiyyətini daha da artırıb", - deyə politoloq bildirib.

Onun fikrincə, əgər Avropa İttifaqı 2022-ci ildə Azərbaycanı enerji sahəsində strateji və etibarlı tərəfdaş adlandırırdısa, indi əməkdaşlığın çərçivəsi daha da genişlənib və Brüssel Azərbaycanı regionda strateji tərəfdaş kimi qiymətləndirir.

Politoloq bildirib ki, bunun digər mühüm səbəbi Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin ildən-ilə artmasıdır.

"Nəzərə alsaq ki, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsi 25 milyard dollar təşkil edir, bunun 19 milyard dolları Azərbaycanın payına düşür. Bu, kifayət qədər ciddi göstəricidir. Məhz bu baxımdan Azərbaycan Avropa üçün strateji tərəfdaş statusuna yüksəlib", - deyə o qeyd edib.

O.Qasımov əlavə edib ki, Azərbaycan təkcə strateji deyil, həm də etibarlı tərəfdaş kimi çıxış edir və regionda sülh gündəliyinin irəlilədilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Politoloqun sözlərinə görə, Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı həyata keçirdiyi layihələr də Avropa İttifaqının prioritetləri ilə üst-üstə düşür.

"Bu səbəbdən tərəflər arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı səfərlərin və müzakirələrin intensivləşməsi də onu göstərir ki, münasibətlər yeni mərhələyə qədəm qoyub", - deyə o bildirib.

O.Qasımov hesab edir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq yalnız enerji, nəqliyyat, dəhlizlər və logistika ilə məhdudlaşmır. Onun sözlərinə görə, rəqəmsal əməkdaşlıq, iqtisadiyyat və ticarət sahələrində də tərəflər arasında geniş əməkdaşlıq imkanları mövcuddur.

Politoloq qeyd edib ki, Ursula Fon der Lyayen də çıxışında xüsusilə nəqliyyat və dəhliz layihələri üçün ayrılan qrantlara toxunub. Onun sözlərinə görə, Cənubi Qafqaz üçün nəzərdə tutulan 200 milyon avroluq qrant vəsaitinin bir hissəsinin Ələt Beynəlxalq Hava Limanının inkişafına, eləcə də Azərbaycanla Naxçıvan arasında bağlantı yaradacaq Zəngəzur dəhlizi layihəsinə yönəldilməsi planlaşdırılır.

O.Qasımov bildirib ki, Ursula fon der Lyayenin Azərbaycanı strateji tərəfdaş adlandırması tərəflərin qarşılıqlı maraqlarına tam uyğundur.

"Avropa İttifaqı Azərbaycanla enerji, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığını genişləndirir. Eyni zamanda, Avropa İttifaqı Orta Asiya ölkələri ilə münasibətlərini inkişaf etdirir və həmin ölkələrdə nəqliyyat infrastrukturunun inkişafı üçün 12 milyard avroluq yardım paketinin ayrılmasını artıq razılaşdırıb. Bu baxımdan Azərbaycan ön plana çıxan ölkələrdən biridir", - deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, Ursula fon der Lyayen Prezident İlham Əliyevin Cənubi Qafqazda irəli sürdüyü sülh təşəbbüslərini, eləcə də yaşıl enerji və digər qlobal layihələrlə bağlı təşəbbüslərini dəstəklədiyini bəyan etməklə həm Azərbaycana, həm də onun liderinə verilən önəmi nümayiş etdirib.

Politoloqun fikrincə, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ölkəyə mühüm üstünlüklər qazandırır.

"Azərbaycan ABŞ, Avropa İttifaqı, Çin və digər güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir. Geosiyasi rəqabətlərdə iştirak etmədən bütün əsas güc mərkəzləri ilə normal münasibətlər saxlamaqla həm öz maraqlarını təmin edir, həm də qarşı tərəflərin maraqlarının reallaşmasına imkan yaradır", - deyə o bildirib.

O.Qasımov sonda vurğulayıb ki, Azərbaycan hazırda Çin, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə malik nadir ölkələrdən biridir:

"Bu, kifayət qədər unikal vəziyyətdir. Azərbaycanın beynəlxalq güc mərkəzləri ilə formalaşdırdığı balanslı münasibətlər ölkəyə mühüm uğurlar qazandırıb. Nəticədə Azərbaycan regionun açar dövlətinə çevrilib və bu, artıq beynəlxalq güc mərkəzləri tərəfindən də qəbul olunur".

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm