Nida Təhlil
“Qlobal cənub” və Körfəz Əməkdaşlıq Şurası fəallaşıb: Azərbaycana nə vəd edilir?
Ötən ayın sonlarında Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ərəb (Bəsrə) Körfəzi Ölkələri Əməkdaşlıq Şurası ilə Orta Asiya dövlətlərinin işbirliyinə həsr olunan zirvə görüşü keçirilib. “Azattyk”(“Azadlıq” radiosunun qırğız xidməti) xəbər verir ki, Səudiyyənin təşəbbüsü ilə baş tutan zirvədə 11 ölkənin - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman və Bəhreynin, eləcə də Orta Asiyanın beş ölkəsinin liderləri iştirak edib. Vəliəhd, baş nazir Məhəmməd bin Salman Al Səudun sədrliyi ilə keçirilən sammitdə sərmayə imkanlarının genişləndirilməsi, təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi, humanitar əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.
Rəsmən Orta Asiya dövlətləri ilə əməkdaşlıqdan söhbət getsə də, sammitdə faktiki olaraq türk dövlətləri ilə körfəz ölkələri arasında əlaqələr müzakirə olunub. Səudiyyə Ərəbistanı energetika naziri Azərbaycan və Qazaxıstanı bu əməkdaşlığa nümunə olaraq göstərib. Orta Asiyaya daxil olmayan Azərbaycanın da sammitdə müzakirə olunması yeni formatı- türk-ərəb iqtisadi birliyi yaratmaq üçün təşəbbüs kimi dəyərləndirməyə imkan verir. Bundan əvvəl İsrail mediası İsrail və türk respublikaları arasında oxşar əlaqələri yəhudi-türk ittifaqı kimi təqdim edirdi.
Bu ayın əvvəlləri Ciddə daha bir vacib beynəlxalq tədbirə ev sahibliyi etdi: Türkiyə, Çin, Afrika, Latın Amerikası və digər aktorların təşəbbüslərindən sonra Ciddədə avqustun 5-i və 6-sı Ukraynada müharibəyə son qoymağın yollarını axtarmaq məqsədilə beynəlxalq konfrans keçirildi. Rusiyanın dəvət almadığı tədbirdə 40 ölkə, o cümlədən Çin də iştirak edirdi. Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi “Sülh üçün Ukrayna formulu” konfransın ən mühüm mövzusu idi.
“The Wall Street Journal”(ABŞ) nəşri Qərb diplomatlarına istinadən sammitin keçiriləcəyi yer kimi Səudiyyə Ərəbistanının seçilməsi səbəblərinə toxunaraq yazırdı ki, Qərb ölkələri tədbirdə Çinin nümayəndəsinin iştirakına ümid edirdilər. Çünki Pekin həm Rusiya, həm də Səudiyyə Ərəbistanı ilə sıx əlaqələr saxlayır. Krallıq hökumətinə yaxın analitik Əli Şihabi isə danışıqları Səudiyyə Ərəbistanının Ukrayna, Rusiya və Çinlə möhkəm əlaqələr saxlamaqla bağlı çoxqütblü strategiyasının uğurunun bariz nümunəsi kimi şərh etmişdi. Konfransın yekunları haqda ərəb mediasının şərhləri hədsiz iddialıdır- təşəbbüs təkcə Ukrayna üçün sülhü təmin etməyəcək, həm də dünyada gələcək münaqişələrə qarşı mübarizə mexanizmləri yaradacaq.
Bu günlər Səudiyyə ilə bağlı daha bir ciddi xəbər diplomatik çevrələrdə müzakirə edilməkdədir. Tanınmış jurnalist Tom Fridmanın “The New York Times” qəzetində ABŞ prezidentinin birgə təhlükəsizlik sazişi əsasında Yaxın Şərqdə böyük bir razılaşmanı müzakirə etdiyi barədə məlumat verib. Söhbət ABŞ - Səudiyyə, o cümlədən İsrailin iki dövlətli həll imkanını özündə ehtiva edəcək güzəştə getməsi şərti ilə Səudiyyə-İsrail münasibətlərinin normallaşmasından gedir. Buna görə də prezident Bayden müşaviri Ceyk Sallivan və komandasını Məhəmməd bin Salmanla görüşməyə və razılaşmanın mümkün olub-olmadığını və nəyin bahasına olduğunu öyrənməyə göndərmişdi. “Alhurra”( ABŞ) İsrail, Səudiyyə Ərəbistanı və ABŞ arasında böyük sövdələşmə hazırlandığı, Səudiyyənin NATO-dan kənarda ABŞ-ın ən əsas müttəfiqi olacağını iddia edən təhlillə çıxış edib. Səudiyyəlilərin Vaşinqtondan istəkləri üç əsas qrupda birləşir:

Birincisi, Səudiyyəyə hücum halında (çox güman ki, İran tərəfindən hücumdan söz gedir-red.) ABŞ-ı krallığı müdafiə etməyə məcbur edən NATO səviyyəsində qarşılıqlı təhlükəsizlik müqaviləsi imzalanmalıdır.
İkincisi: ABŞ nəzarəti altında olan mülki nüvə proqramının icrasına başlanmalıdır.
Üçüncüsü, səudiyyəlilərə İranın orta və uzun mənzilli raket arsenalına qarşı mübarizədə xüsusilə kömək edən Yüksək Hündürlükdən Terminal Müdafiə (THAAD) sistemi kimi daha təkmil Amerika silahları əldə etmək imkanı tanınmalıdır..
“Wall Street Journal” də ABŞ rəsmilərinə istinadən Səudiyyənin İsraillə siyasi əlaqələr qurmaq şərtləri çərçivəsində Vaşinqton və Ər-Riyad arasında müqavilə haqqında məlumat yayıb. Müqavilə şərtlərinə əsasən, Səudiyyə Ərəbistanı İsraillə rəsmi əlaqələr quracaq və bunun müqabilində Ər-Riyad əlavə müdafiə dəstəyi və mülki nüvə proqramında ABŞ yardımı alacaq, Vaşinqton isə Ər-Riyadın dəmirlə örtülmüş təhlükəsizlik öhdəliyi adlandırdığı vədə əməl edəcək.
Bu xəbərdən cəmi iki gün əvvəl isə İRNA Rəisi hökumətinin xarici siyasətdəki böyük uğurlarından, Səudiyyə ilə birgə ABŞ –a qarşı koalisiya qurulması perspektivindən bəhs edən təhlil yaymışdı.
Bir müddət əvvəl təhlillərdə nəzərdən qaçan başqa bir hadisə də baş vermişdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Səudiyyə Ərəbistanına səfər edərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparmışdı. O, “Əş-Şarg əl-Ausat” qəzetinə müsahibəsində Azərbaycan xalqının Səudiyyə Ərəbistanının Ermənistanın ölkəmizə hərbi təcavüzünü pisləməsini və işğalçı dövlətlə diplomatik əlaqələr qurmamasını heç vaxt unutmadığını demiş, Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası dövlətləri və Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafında Ər-Riyadın rolunu, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin qorunmasında göstərdiyi cəhdləri yüksək qiymətləndirmişdi.
Ərəb tərəfinin maraq göstərdiyi mövzular içərisində Qarabağ məsələsinin də olmasına protokol naminə yanaşma kimi də baxmaq olardı. Amma iş ondadır ki, Səudiyyə məhz Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik əlaqə yaratmayan iki müsəlman ölkəsindən biri olub, indiyədək İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın lehinə çoxsaylı qətnamələr qəbul etməsində Səudiyyənin də təsiredici rolu olub. 2017-18-ci illərdə Azərbaycan rəsmilərinin Səudiyyədə keçirdikləri görüşlərdə yüksək qarşılanmasından sonra İran və Ermənistan mediası ciddi narahatlıq ifadə etmiş, “Parstoday” bir müddət bu səfərləri İrana qarşı ittifaq, “anti-şiə koalisiyası” kimi təqdim edirdi.
Hərçənd II Qarabağ savaşı ərəfəsi və gedişində Körfəz ölkələri, o cümlədən Səudiyyə nisbətən neytral mövqe nümayiş etdirmişdi. Bunun çoxsaylı səbəbləri sırasında o zaman Körfəz ölkələri ilə Rusiya arasında müşahidə olunan yaxınlaşma, əksinə Türkiyə ilə münasibətlərdəki müəyyən soyuqluq yaranması da təsir etmişdi. Hərçənd BƏƏ-nin aparıcı düşüncə mərkəzlərindən biri o zamankı hesabatında Azərbaycanın xarici siyasətinin, xüsusən Körfəz ölkələri ilə əlaqələrinin öz strateji müttəfiqinin siyasətindən fərqli və müstəqil olmasına diqqət çəkir, İsrail və İrana münasibətdə, enerjidaşıyıcılarının ixracı, yaşıl enerji təşəbbüsləri və s. məsələlərdə ortaq maraqlar olması qabardılır, Körfəz ölkələrini də adekvat davranmağa çağırış edirdi.

II Qarabağ savaşından sonra azad olunmuş ərazilərin bərpasında, xüsusən yaşıl enerji layihəsinin icrasında Səudiyyə kapitalı yaxından iştirak edir. Üstəlik, Səudiyyə ilə Türkiyə, indi həm də Qərb ölkələri arasında sürətli yaxınlaşma, İranla isə istiləşmə fonunda əlaqələrimizin daha da inkişafını əngəlləyəcək yan amillər də yoxdur.
Belə bir fonda Səudiyyə mediasında Ər-Riyadın digər regional münaqişələrdə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh əldə olunması üçün vasitəçi ola bilməsi ehtimallarının müzakirə edilməsi diqqətçəkicidir.
Səudiyyə Ərəbistanın aparıcı nəşrlərindən olan “Ukaz” Ər-Riyadın Bakı və İrəvan arasında sülh danışıqlarında vasitəçi ola bilməsi ehtimalını Berlində yerləşən Yaxın Şərq, Afrika, Asiya və Aralıq dənizi üzrə araşdırmalar aparan Candide Fondunun eksperti Leo Vaqer ilə müzakirə edib. L.Vaqerin fikrincə, Cənubi Qafqazda indi həmişəkindən daha yaxşı olan uzunmüddətli və sabit sülh müqaviləsi bağlamaq üçün həyati fürsət yaranıb: “Çünki hər iki ölkə sülh istəyir və hər iki tərəf anlayır ki, hazırda Dağlıq Qarabağda atəşkəs əldə etməli olan rus sülhməramlıları bölgədə uzunmüddətli sabitlik üçün çox az şey edəcək”.
Ekspertə görə, Rusiya hazırda Ukraynadakı müharibə səbəbindən regional güc kimi uzunmüddətli rolunu yerinə yetirə bilmir; Ermənistan isə Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşıb, Azərbaycan isə hər zaman öz mövqeyini qoruyub saxlayıb, amma çoxqütblü xarici siyasət və müəyyən dərəcədə ilk növbədə Türkiyə ilə sıx tərəfdaşlığa yönəlib: “Ukraynadakı müharibə nəticəsində Rusiyanın bu böhranda rolunun azalması davamlı sülh perspektivini aça bilər, lakin eyni zamanda çətinlik də var. Azərbaycanın hərbi üstünlüyü nəzərəçarpacaqdır, 2020-ci il müharibəsində qalib gəldikdən sonra Bakıda Ermənistana güzəştə getmək arzusu azdır. Amma bu güzəştlər olmadan davamlı sülhə nail olmaq çətin olacaq”.
Ekspert tərəflərin sülhlə bağlı tələblərini sadalayaraq Azərbaycanın haqlı mövqeyini qabardır, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın tələbini də haqlı sayır. Onun fikrincə, Ermənistan tərəfi Qarabağa ərazi iddiasından tam imtina edərsə, sülh müqaviləsi imzalana bilər və əslində bu əsas məsələdə irəliləyiş uzaq deyil: “Söhbət Qarabağ ermənilərinə müstəqil status vermədən Azərbaycanın tərkibində əsas hüquqlarını təmin edən həll yolunun tapılmasından gedir. Amma illərlə davam edən münaqişədən və yüz minlərlə insanın didərgin düşməsindən sonra qarşılıqlı etimad demək olar ki, yoxdur və məhz bu yerdə onun beynəlxalq tərəfdaşlara ehtiyacı var”.
Alman ekspert hesab edir ki, Körfəz Əməkdaşlıq Şurası ölkələri sülh sazişinin hər iki tərəf üçün faydalarını vurğulamaq üçün bölgədəki yaxşı münasibətləri və diplomatiyalarından istifadə edə bilərlər.
O xatırladır ki, Qarabağ münaqişəsi lokal münaqişə olsa da, ona bir çox beynəlxalq aktorlar cəlb olunublar. Rusiya, İran, Türkiyə, ABŞ, Avropa İttifaqı, Fransa, Britaniya, İsrail, hətta Pakistan və Hindistan münaqişə ilə bağlı diplomatiyada çox fəaldırlar, həm də, ya iqtisadi, ya hərbi baxımdan tərəflərdən biri ilə bağlıdırlar.
Səudiyyənin Qafqazda roluna dair sualın cavabında ekspert bildirir ki, Cənubi Qafqaz təkcə Avropaya deyil, həm də Yaxın Şərqə yaxın region, Şərqin ön planıdır. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyasının yaranmasına qədər bölgə tarixən Şərq imperiyalarının bir hissəsi olub. Güclü ümumi mədəni və tarixi ortaqlıq var: “Azərbaycan ilə Səudiyyə arasında münasibətlər xüsusilə sıxdır. Ermənistan və ərəb dünyasının da zəngin və uğurlu ümumi tarixi var. Bu, Misir, Livan və ya Suriyadakı erməni icmalarının tarixini təcəssüm etdirir”.
Ekspertə görə, Körfəz Əməkdaşlığı Şurası ölkələri, xüsusən də Səudiyyə yeni müharibənin qarşısını ala və bütün aktorlara konstruktiv təsir göstərə bilər. “Ərəb dövlətləri həmçinin Qara Bağı (Qarabağ) geosiyasi qarşıdurma üçün potensial döyüş meydanından çiçəklənən bağa çevirə və qlobal ticarət və müxtəliflikdə öz rollarını qoruyub saxlaya bilərlər”.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı




































.png)