Gəncədə türk kəndlisinə qayğı - Və ya Gülümsərovun Ukrayna müharibəsi ilə nə əlaqəsi?
Bizi izləyin

Nida Təhlil

Gəncədə türk kəndlisinə qayğı - Və ya Gülümsərovun Ukrayna müharibəsi ilə nə əlaqəsi?

Gəncədə türk kəndlisinə qayğı - Və ya Gülümsərovun Ukrayna müharibəsi ilə nə əlaqəsi?

Rusiya Ukrayna savaşının dünya üçün ağrılı bir məqamı da taxıl anlaşmaları ilə bağlıdır. Putin dünyanı açıq şəkildə çörəklə imtahan edir, Afrika -Rusiya sammiti göstərdi ki, taxıl anlaşmalarını hətta dünyanı yenidən bölüşdürmək naminə də istifadə edir .

İndi istər Rusiya, istərsə Ukrayna dünyanı taxıl iynəsinə oturtmağa ona görə nail ola biliblər ki, geni təkmilləşdirilmiş taxıl sortlarından istifadə edirlər. Amma bu sortlardan imtina etmiş Sovet İttifaqı artan əhalisinin ərzaq tələbatın ödəmək üçün idxaldan asılı vəziyyətə düşmüşdü, sovet limanlarında Kanada gəmiləri taxıl boşaltmaq üçün lövbər atıb növbəyə dururdular.

Yenidənqurma illərində az qala bütün sovet teatrlarının repertuarına (o cümlədən o illər Hüseynağa Atakişiyevin baş rejissor olduğu Şəki teatrının repertuarına) daxil edilmiş Aleksandr Çxeidzenin “Çinari manifesti” pyesi o acınacaqlı mənzərə barədə idi.

Mənzərə belə olmaya bilərdi. Əgər Şura hökuməti zamanında genetikanı saxta burjua elmi elan etməsəydi. Sovet İttifaqı dağılana yaxın etiraf edirdilər ki, biz ABŞ-dan genetika sahəsində 15-20 il geridə qalmışıq. Təəssüf ki, sovet dövləti geriliyini aradan qaldırmağa deyil, bütün təbliğat aparatını işə salaraq öndə olanları, yeni nailiyyətləri gözdən salmağa, ləkələməyə səfərbər olmuşdu; bəs necə, genetika burjua elmidir axı. Bizimi sevimli filmimiz “Ulduz”u da həmin təbliğatın nümunələrindən biri hesab edə bilərsiniz.

İndi illər sonra Gülümsərovun “Ulduz” filmində dediyi sözlər peyğəmbərcəsinə kəhanət kimi səslənir- "Məni (genetika) elmdən (sovet elmindən) uzaqlaşdıranlar tarix qarşısında cavab verəcəklər."

Güləmsərovun maraqlı bir prototipi var. Sovet genetika institutuna rəhbərlik etmiş, 1965-ci ildə antielmi burjua elementi kimi ifşa edilmiş Trofim Lısenko elmi fəaliyyətə Azərbaycanda -Gəncədə başlamışdı. Əsas “elmi uğurları” da taxılın Azərbaycan sortlarını digər sortlarla calaq etmək olmuşdu. “Uğur” sözünü ona görə dırnaqda yazıram ki, Lısenkonun əslində ciddi bir uğuru olmamışdı, əsl Gülümsərovsayağı elmi barmağına dolamış, genetikaya “Miçurin aqrobilogiyası” adı verdiyi xüsusi psevdotəlim yük eləmişdi.

Sovetlər ölkəsi ilk dəfə Lısenko haqqında 1927-ci ildə “Pravda” qəzetində dərc olunmuş essedən (oçerkdən) xəbər tutmuşdu. Məqalədə Lısenkonun Gəncədəki seleksiya məntəqəsindəki fəaliyyəti haqqında belə deyilirdi: “Lısenko torpağı gübrəsiz və mineral qatqılarsız gübrələmək, qışda Zaqafqaziyanın boş tarlalarını yaşıllaşdırmaq problemini həll edir ki, mal-qara cüzi qidadan ölməsin, türk kəndlisi isə qışı sabah üçün titrəmədən yaşasın”.

Gəncədə “türk-azərbaycanlı kəndlisi üçün” etdiyi bu saxta uğurları onda belə ümid yaradıbmış ki, digər bitkiləri də kefi istədiyi sayaq hibridləşdirmək olar. Yaxşı reklam olunmaq və genetikanın ilk pionerləri olan alimlərin sıradan çıxarılması sayəsində sürətlə SSRİ EA-da yüksək vəzifə tutub, SSRİ EA Genetika İnstitutunun direktoru olur. Bizim seleksionistlər (İmam Mustafayev, Vahid Hacıyev, Cəlal Əliyev və b.) onun dolayısı ilə tələbləri sayılırlar. 1965-ci ildə, film çəkiləndən bir il sonra institutu bağladılar. Bir də 1980-cı illərin sonlarında genetika yada düşdü. Məsum bildiyimiz filmin belə ziyanlı alt niyyəti olub.

Çində də maoçular eyni zibillə ölkəni pis günə qoymuşdular, amma səhvlərini Den Syaopinin zamanında düzəltdilər. Bu gün Çin genetika, gen mühəndisliyi sahəsində dünya öncüllərindəndir.

Bizdə isə deyəsən, hələ də əlimiz çatmayan ciddi elmə qarşı sovetsayağı yanaşma davam edir. İndi də məhsuldarlığı yüksək olan sortları “mason sui- qəsdi” kimi lənətləyən bir düjün “ekspert” sosial mediada meydangirlik edir, istənilən meyvənin fotosunu paylaşıb “baxın, GMO-dur, yesəniz, qırılacaqsız” kimi bəduğur şərhlərlə zəhlə tökürlər.

GMO nədir?- Mutasiyanın süni müdaxilə ilə aparılması . “Əkinçi” qəzeti nəşrə başlayandan bəri Azərbaycanda az qala bir nömrəli vəzifələrdən biri ziraətdə-aqrar sahədə məhsuldarlığı artırmaqdır. Bunun sadəcə iki yolu var- ya kimyəvi gübrələrin köməyi ilə, ya mutant əldə etməklə.

Bəs ərzaq məhsullarının mutant olması doğrudanmı dəhşətlidir? “İncil”dən klassik dillərə, o cümlədən Azərbaycan dilinə keçmiş bir ifadə var- taxılı vələmirdən ayırmaq. Bəzi tərcümələrdə “vələmir” əvəzinə alaq, ya vəhşi vələmir kimi də yazırlar. Bəli, vələmir cəmi 2000 il əvvəl adi bir alaq bitkisi idi. O, ziyanverici vələmiri faydalı yulafa çevirən kəndli əməyi deyil, mutasiyadır.

Məhz mutasiya sayəsində yabanı mais faydalı qarğıdalı olub, ağaclardan enməyən Banqkok xoruzu bəşəriyyəti aclıqdan xilas edən toyuğa çevrilib.

Odur ki, GMO-nun zərəri haqda cəfəngiyata çox də bənd olmayın. GMO nəinki qorxulu deyil, xəstəliklərdən qorunmaq, məshuldarlığı artırmaq üçün pestisidlərdən istifadə etməkdənsə, dözümlü bitki becərmək daha faydalıdır. Bir sözlə, GMO təhlükəsi haqda oxuduqlarınızın çoxu rusçu-solçu konspirologiyasıdır. Xəstədirlər, mason təhlükəsi haqda basıb-bağlamasalar, yaşaya bilməzlər. Qorxu, nifrət, inkarçılıq onların mövcudluq formasıdır. Rusiya artıq bu konspirolgiyaya inanmır, inansaydı, indi raketlərlə fəth edə bilmədiyi dünyanı taxıl anlaşmaları ilə fəth etmək təşəbbüsünə girişməzdi. Fəqət bizə yalnız taxıl deyil, həm də konspirologiya, xəstə ekspert şərhləri ixrac edir...

“Möhsün, sənə sonucu tapşırığımı verirəm”, –dedi Gülümsərov, amma Möhsün yazmadı. Başqaları-komsomolçular yazdılar, limonla mandarini calaq etməyin mümkünsüzlüyü haqda donos verdilər. Onların mənəvi varisləri isə indi limona bənzər sitrus meyvəsi-lumunun (laym) dilimləri salınmış çayı hortuldada- hortuldada GMO təhlükəsindən, taxıl çatışmazlığından və taxılın Ukraynadan, ya Qazaxıstandan yox, məhz “strateji müttəfiqimiz” olan Rusiyadan almaq zərurətindən yazırlar.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm