Nida Təhlil
“Etnik təmizləmə” təhlükəsi haqda yalanları kimlər aktuallaşdırır
Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatı son hərbi əməliyyatlardan sonra Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edən bəyanat verib. Sentyabrın 23-də yaydığı bəyanatda Azərbaycan hakimiyyətini Qarabağın erməni əhalisinin təhlükəsizliyini və humanitar ehtiyaclarını təmin etmək üçün təcili addımlar atmağa çağırıb. Bəyantada diqqəti çəkən məqam Azərbaycanın insan hüquqları, xüsusən də Qarabağın etnik erməni əhalisi ilə bağlı öhdəliklərinə əməl etməsini təmin etmək üçün beynəlxalq monitorinqə ehtiyac olduğunuu iddia edilməsidir.
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson qeyd edib ki, Qarabağda mülki əhali dəhşətli humanitar böhran və gələcəkləri ilə bağlı qeyri-müəyyənliklə üz-üzədir.
Qarabağda son hərbi əməliyyatlardan sonra bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, BMT-nin baş katibinin müşaviri bölgədə humanitar vəziyyətlə bağlı narahatlıqlar səsləndiriblər.
Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) verdiyi bəyantada isə deyilir ki, atəşkəs əldə olunsa da, təşkilat Azərbaycanın effektiv nəzarəti altında olan ərazilərdə “etnik ermənilərin soyqırımı riskin”dən narahatdır:
"Biz etnik ermənilərin Dağlıq Qarabağdan kütləvi surətdə çıxarılmasının qarşısını almalıyıq, qorxuruq ki, beynəlxalq ictimaiyyət müdaxilə etmədikcə irəliləyən düşmən qüvvələrin mərhəmətinə qalan mülki əhali üçün ən pis şey hələ qarşıdadır”.
İddia olunur ki, Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsi siyasəti Qarabağda etnik erməni icmasının fiziki məhvinə şərait yaradan həyat şəraitinin yaradılmasına səbəb ola bilər. Yada salaq ki, Ermənistan baş naziri Nikol Paşinyan da Qarabağ beynəlxalq missiya gönmdərilməsi çağırışları edir. Ermənistan rəsmilərinin çağırışları, bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyantları Qərb mediasının bu yöndə total təbliğatı ilə sinxrondur. Paşinyan daha çox Rusiyanı fəaliyyətsizlikdə ittiham edirdisə, Qərb mediası da Qərb institutlarını Azərbaycana qarşı yetərincə sərt olmamaqda suçlayır, hansıssa yeni sanksiyalar üçün ictimai rəy hazırlanmasına çalışır.
“Politico” yazır ki, bir çox ermənilər “potensial soyqırım və etnik təmizləmə” ilə bağlı dəhşətli xəbərdarlıqlar edir. Azərbaycan İsrail və Türkiyə tərəfindən qətiyyətlə dəstəklənir, Qərb liderləri isə Azərbaycanla birbaşa üzləşməkdən çəkinirlər, ən azı ona görə ki, onlar təbii qaz sövdələşmələri üçün illərdir Bakıya rəğbət bəsləyirlər.
Bu əlaqələrin əlaməti olaraq, Azərbaycan öz qələbəsini evə apararkən, Böyük Britaniyanın enerji nəhəngi BP keçmiş prezidentin anadan olmasının yüz illiyini qeyd etmək üçün idarə heyətinin sədri Helge Lund və keçmiş baş direktor Lord Braun da daxil olmaqla yüksək səviyyəli nümayəndə heyətini Bakıya göndərib.
“Qarabağ ermənilərini daha da narahat edən odur ki, onların Ermənistan və Rusiyadakı ənənəvi himayədarları da indi çətin ki, köməyə tələsinlər. Bu, 100.000-ə yaxın Qarabağ ermənisini Türkiyə, Rusiya və İran kimi geosiyasi ağır dövlətlərin strateji maraqlarının olduğu bir münaqişədə girov kimi ərazi daxilində qoyur. İndi çoxları qorxur ki, 1990-cı illərdə Dağlıq Qarabağ və onun ətrafındakı azərbaycanlıların başına gəldiyi kimi, onlar həmişəlik evlərini tərk etmək məcburiyyətində qalacaqlar", - deyə “Politico” davam edir.
“Chatham House”un region üzrə eksperti Lorens Broersin iddia edir ki, beynəlxalq müşahidəçilərin olmadığı yerlərdə Qarabağ ermənilərinin bəzi qorxuları əsaslıdır.
Britaniyanın “The Guardian” qəzeti də etnik təmizləmə təhlükəsindən yazır. "İşıq, qaz, yemək yox - kəndlərini tərk edən və şəhərdə qalmaqdan qorxan insanlar hava limanına üz tutublar", - separatçı xuntanın keçmiş yüksək vəzifəli məmuru və varlı iş adamı Ruben Vardanyan deyib. Vardanyan son günlər törədilən yanğınların səbəbinə də aydınlıq gətirib. Onun dediyinə görə, ermənilər yerli arxivləri azərbaycanlıların əlinə keçməməsi üçün dağıtmağa başlayıblar. Çünki kişilərin Azərbaycan nəzarət-buraxılış məntəqələrində filtrasiyadan keçirilə və yerli müdafiə qüvvələrinin tərkibində döyüşdükləri üçün terrorçu kimi mühakimə oluna biləcəyi ilə bağlı qorxular var: "Qarabağdan Ermənistana gedən kişilər bəzən Azərbaycanın Laçın dəhlizi boyunca keçirdiyi nəzarət-buraxılış məntəqəsində oğurlanırdı”.
Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç Rusiya liberallarının “parlaq” simalarından olan jurnalist Yuliya Latıninanın rəsmi Bakının guya Qarabağda etnik təmizləmələr aparmaq fikrində olduğu haqda dediklərinə cavabında bildirib ki, bu cür yanaşma və ittihamların cəfəngdir: “Azərbaycan böyük yol keçib. Bilirsiniz, Azərbaycanda məni nə heyran edir? Heç də onların tətbiq etdikləri yüksək dəqiqli silahların çoxluğu yox. Bu, məlumdur... Məni Azərbaycan Ordusunun, onun dövlət xadimlərinin bu müharibədə necə fəaliyyət göstərməsi heyran edir. Çünki hərbi peşəkarlıq və dövlət müdrikliyi özünü olduqca dəqiq riyazi ölçülmüş, soyuqqanlı fəaliyyətdə əks etdirir” (azpolitika.info). Latınina yenə “etnik təmizləmə” mövzusuna qayıtmaq istəyərkən Arestoviç onun sözünü kəsib:
“Azərbaycanda olduqca ağır şəraitdə bu müharibəyə hazırlaşdılar, orduda, cəmiyyətdə islahat apardılar və bu müharibəni həyata keçirdilər. Bütün bunlardan sonra Azərbaycanın etnik təmizləməyə gedəcəyini düşünmək bizim tərəfimizdən tamamilə qeyri-rasional olardı. Niyə etnik təmizləməyə getsinlər ki? Orada heç bir etnik təmizləmə olmayacaq. Məsələ ondadır ki, Azərbaycanda indiyə qədər 40 min erməni yaşayıb və heç kim onlara toxunmayıb. Hətta yadımdadır ki, Azərbaycanın şəhərlərinin birini “İskəndər”lə bombalayarkən (Gəncə nəzərdə tutulur-red.) səhv etmirəmsə, bir erməni əsilli müəllimənin həlak olduğu məlum olmuşdu. Bakıda 127 rusdilli məktəb var (Azərbaycanda belə məktəblərin sayı 340-dır). Bu insanlar müdrik, hərtərəfli ölçülmüş siyasət aparırlar.
“France Presse”(AFP) yazır ki, diqqət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və azərbaycanlı həmkarı İlham Əliyev arasında Ermənistan və İran arasında yerləşən Naxçıvan bölgəsində keçirilən görüşə yönəldiyi bir vaxtda, separatçı Qarabağ bölgəsi kütləvi köçlə üz-üzədir. Birtərəfli qaydada elan edilmiş separatçı “Artsax Respublikası” xəbərdarlıq edib ki, 120 min insan Azərbaycanın tərkibində yaşamaq istəmədiyi və etnik təmizləmədən qorxduğu üçün Ermənistana gedəcək. Böhranın öhdəsindən gələ bilmədiyi üçün getdikcə istefa tələbləri ilə üzləşən Nikol Paşinyan köçkün erməniləri qəbul etməyə “şərti” hazır olduğunu bildirsə də, “Artsax” prezidentinin müşaviri David Babayan deyib: “Bizim xalqımız Azərbaycanın bir hissəsi kimi yaşamaq istəmir. 99,9 faiz köçməkdə qərarlıdır".
Ər-Riyaddan yaymlanan “Asharq News” isə “Reuters”ə istinadən yazır ki, Azərbaycanın onları qoruyacağına dair öhdəliyinə baxmayaraq, ermənilər Dağlıq Qarabağ bölgəsini tərk edirlər. “Kütləvi köç Rusiya, ABŞ, Türkiyə və İranın nüfuz uğrunda mübarizə apardığı Cənubi Qafqaz regionunda incə güc balansını dəyişə bilər”.
“Azadlıq radiosu” yazır ki, Qarabağda 9 aylıq blokadanın yaratdığı humanitar böhrandan və bu son hərbi əməliyyatdan sonra bir çox müşahidəçilər adamlara evakuasiya olunmaq imkanının verilməsinə tərəfdardırlar. Azərbaycan-Ermənistan danışıqlarında ABŞ-ın keçmiş vasitəçisi Karey Kavana X platformasında yazır ki, növbəti bir neçə gün Qarabağdan nə qədər əhali axınının və ya əhalinin tam çıxışının olub-olmayacağını göstərəcək: "Azərbaycanı tərk etmək istəyənlərə belə bir imkan verilməlidir. Beynəlxalq icma onların Dağlıq Qarabağdan sağ-salamat çıxışını təşkil etməlidir və onların Ermənistanda qəbuluna köməklik göstərilməlidir”. Regionda uzun müddətdir ki, sülh fəallığı edən və San Dieqo Universitetinin professoru olan Filip Qamaqelyanın fikrincə ermənilərin Qarabağı heç olmasa müvəqqəti tərk etməsinə imkan yaradılmalıdır. Lakin “Caucasus Edition” jurnalından Lalə Darçınova xəbərdarlıq edir ki, müvəqqəti evakuasiya “həmişəlik” ola bilər:
"Mən Qarabağı azərbaycanlılarsız görmək istəmədiyim qədər, Qarabağı ermənilərsiz də görmək istəmirəm. Odur ki, mənim üçün evakuasiya böyük bir müəmmadır. Adamlar geri qayıda biləcəklərmi?”
“Currentime”in şərhçisi Vadim Dubnov isə etiraf edir ki, indi Azərbaycan hakimiyyətinin problemi gərginləşdirməyə, mümkün etnik təmizləmə ilə bağlı hər hansı qorxunu təsdiqləməyə və erməniləri köçə sövq etməyə qətiyyən ehtiyacı yoxdur, ermənilər özləri bölgəni tərk edir.
Xatırladaq ki, Azərbaycanın prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşündə Qarabağın erməni əhalisinin təhsil, mədəniyyət, din, bələdiyyə, seçki hüquqları da daxil olmaqla bütün hüquqlarının qorunacağını qeyd edib. Prezident xalqa müraciətində də Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görüləcək tədbirləri sadalayıb. Azərbaycan dövləti bu istiqamətdə real addımlar da atmağa başlayıb, real yardımlar göstərilir, Azərbaycan pasportunun verilməsi üçün müraciətlər alındığı deyilir. AzTV və İTV KİV-lərdə etnik nifrət dilinin aradan qaldırılması üçün əvvəldən Azərbaycan vətəndaşlığında qalmış erməni əsilli vətndaşlardan müsahiblər də təqdim etməyə başlayıb. Görünür, ifrata varmadan digər KİV-lərin də birgəyaşayışı təbliğ etməsinə ehtiyac var. İndi erməni lobbisi və havadarlarının Azərbaycanı yersiz ittihamlara tuş etməsinin qarşısını almaq üçün belə addmların zərurəti cəmiyyətə də izah edilməlidir.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı