Paris İrəvanı müharibəyə sürükləyir: Ermənistanın mövcudluğu sual altında...
Bizi izləyin

Nida Təhlil

Paris İrəvanı müharibəyə sürükləyir: Ermənistanın mövcudluğu sual altında...

Fransa və Ermənistan arasında hərbi saziş imzalandı: Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisdə fransalı həmkarı Sebastyan Lekornu ilə imzaladığı sazişə əsasən “Thales” şirkətinin istehsalı olan üç Ground Master 200 (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri erməni ordusuna veriləcək;

Bu sazişdə iki məqam xüsusilə diqqət çəkdi:

Birincisi, Fransanın Ermənistana silahları pulsuz verməsidir: İrəvanın silah almaq üçün maliyyə imkanının olmadığı sirr deyil, hətta uzun müddət Rusiyadan aldığı silahları da ya pulsuz, ya da daxli bazar qiymətinə, ya da Moskvanın ayırdığı kredit hesabına əldə edirdi; Hindistanın Ermənistana silah “satması” da bu məqamı təsdiq edir, çünki Dehlidən İrəvana göndəriləcək silahların lobbiçiliyini və maliyyəsini məhz Makron təşkil edib;

Fransanın saziş imzalayaraq, Ermənistana verdiyi silahların da pulsuz təşkil edildiyi istisna deyil. Bu məqam sazişin imzalanmasında Fransanın məqsədinin yeni silah bazarına çıxış yox, məhz Ermənistanı silahlandırması olduğunu təsdiq edir.

İkincisi, Fransa öz məqsədini “silahların müdafiə xarakterli” olması adı altında gizlədir: GM200 radar sistemləri və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri müdafiə xarakterli olsa da, əsas məsələ bu silahlardan nə zaman və kimə qarşı istifadə ediləcəyidir;

Rəsmi Paris “müdafə xarakterli” məqamı xüsusi qabartmaqla Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını göstərməyə çalışır. Və əlavə edir ki, məqsədi Ermənistanın müdafiə qabiliyyətinin artırılmasıdır. Cənubi Qafqazın siyasi və hərbi mənzərəsində eskalasiya riskinin minumuma endiyi görünür. Qarabağda erməni separatizminin ləğvindən sonra rəsmi Bakı İrəvanla sülh sazişinin imzalanmasında heç bir maneənin qalmadığını dəfələrlə bəyan edib. Eyni mövqeyi region ölkələri də dəstəkləyir. Türkiyə, Rusiya və İrandan Cənubi Qafqazda müharibə dövrünün arxada qaldığına dair açıqlamalar verilir. Çünki Ermənistan Qarabağdakı separatçıları sülh danışıqlarında “kart” kimi istifadə edirdi və artıq bundan məhrum olublar. Bundan sonra yalnız sülh sazişinin imzalanması, regionun təhlükəsiz arxitekturasının inşası əsas hədəfdir.

Bölgədə eskalasiya təhlükəsinin arxa planda qalması fonunda “Ermənistanın “müdafiəsinin gücləndirilməsi” nəyə hesablanıb” sualı ön plana çıxır. Fransanın və onun timsalında Qərb cəbhəsinin hədəfi bəllidir: Cənubi Qafqazda proseslərə müdaxilə etmək, Rusiyanı bölgədən sıxışdırmaq, İrəvanda Moskvanın yerini tutmaq;

Fransa eyni zamanda, Afrikada itirdiyi mövqelərini Cənubi Qafqazda kompensasiya etmək, neokolonializm siyasətini bu bölgədə davam etdirmək niyyətindədir. Afrika təcrübəsi göstərir ki, Ermənistan Fransa üçün laboratoriya xarakteri daşıyır və hədəflərinə nail olmaq istiqamətində plasdarm kimi istifadə edəcək.

Bu prosesin inkişaf istiqamətinə dair müəyyən ehtimallar irəli sürmək olar. Çünki Ermənistanda hərbi baxımdan mövqelənmək üçün ən azı Rusiyanın bu ölkədəki hərbi təsirlərini zəiflətmək lazımdır. Prosesin artıq başlandığı müşahidə edilir:

- 2021-ci ildən etibarən Ermənistan hakimiyyəti davamlı şəkildə Rusiyanı və KTMT-ni “təhlükəsizlik öhdəliklərini” yerinə yetirməməkdə ittiham edir, bununla bağlı ictimai rəyi formalaşdırır;
- Paşinyan Avropa Parlamentində “təhlükəsizlik müttəfiqlərini” – Rusiya və KTMT-ni dəyişmək niyyətini rəsmi şəkildə elan etdi;


Hərçənd, Ermənistanın Rusiyanı tamamilə satması və KTMT-dən çıxması üçün daha ciddi bir bəhanəyə ehtiyacı olacaq. Elə bir hadisə baş verməlidir ki, Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq – Rusiyadan imtina etmək üçün həm Moskvanı “fakt qarşısında” qoymalı, həm də daxili ictimai rəydə addımını əsaslandırmalı, ictimai dəstək əldə etməlidir.

Və bu ssenarinin Azərbaycanla sərhəddə tətbiq ediləcəyi istisna deyil. Ermənistan Fransanın təhriki ilə sərhəddə təxribatlar törədə və yeni eskalasiya yarada, daha sonra İrəvan KTMT-ni “təhlükəsizlik öhdəliyini” yerinə yetirməməkdə ittiham edərək, təşkilatdan çıxa, Rusiyanın “təhlükəsizlik müttəfiqliyindən” imtina edə bilər. Qarabağda erməni separatizminin ləğvindən sonra Qərbdə “Azərbaycanın Ermənistana hücum hazırlığı” haqda aparılan siyasi-informasiya kampaniyası da bu kontekstdə təsadüfi deyil. Mümkündür ki, eskalasiya ssenarisindən öncə beynəlxalq ictimai rəyi formalaşdırırlar.

Bu ssenari və mümkün ehtimallar fonunda Fransanın Ermənistana verdiyi silahların heç də “müdafiə xarakteri” daşımadığı daha aydın görünür. O da istisna deyil ki, növbəti mərhələdə Fransa Ermənistana rəsmi olaraq hücum silahları da verəcək. Məlumatlara görə, 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorlarının verilməsi gündəmdədir. Hələ ki, rəsmi Paris erməni ordusu üçün hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Hindistanın Ermənistana göndərəcəyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır.

Fransa bölgəyə eskalasiya vəd edən hədəflərinə nail ola biləcəkmi?

Rəsmi Paris cəhdlərini davam etdirir, lakin perspektivdə nə qədər uğurlu ola biləcəyi sual altındadır.

Birincisi, sərhəddə istənilən təxribat Ermənistan üçün ağır nəticələr vəd edir: Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq gücündədir və Parisin bölgəyə göndərdiyi silahları da “metallom” olmaq taleyi gözləyir;
İkincisi, Fransanın özünü Afrikadakı tale gözləyir: rəsmi Bakı ermənipərəst mövqeyinə görə Fransanın vasitəçiliyindən imtina edib və təkcə bu addım Parisin bölgədəki mövqelərinin alt-üst olması ilə nəticələndi; bu o deməkdir ki, regionun gələcəyində Azərbaycanın mövqeyi həlledici amil daşıyır və Fransa Afrikadan qovulduğu kimi Cənubi Qafqazdan da qovulacaq;
Üçüncüsü, coğrafi reallıqlar var və bu reallıqlar Ermənistanın regiondan kənar ölkələrə bel bağlamasını, buna güvənərək, siyasət yürütməsini praktiki olaraq mümkünsüz edir;

Rəsmi İrəvanın mövcud siyasətindən ən böyük zərəri Ermənistanın özü görəcək və bu ölkənin dövlət kimi mövcudluğu sual altında düşəcək.

- Ermənistanı qorumağa çalışan İran İrəvanın Qərb oyunçularını onun sərhədlərinin dibinə qədər gətirməsini bağışlamayacaq: Tehran artıq bir neçə dəfə bunu rəsmi şəkildə dilə gətirib;
- Cənubi Qafqazda Ermənistanı forpostu olaraq görən Rusiya İrəvanın regiondankənar qüvvələrlə “filörtləşməsinə” göz yummayacaq;


Rusiyanın əsas dövlət informasiya agentliklərinin – “RİA Novosti” və TASS – yaydığı məlumatlar da bunu təsdiq edir.

Hər iki agentlik Kremldə yüksək vəzifəli mənbənin eyni açıqlamasını dərc edib. Anonim şəxs bildirib ki, rəsmi Moskva Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını, xüsusilə Rusiyaya qarşı fikirlərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli olaraq qiymətləndirir.

Moldovanı ikinci Ukraynaya, Ermənistanı üçüncü Ukraynaya çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə sürətlə Zelenskinin yolunu gedir”, - yüksək vəzifəli şəxs bildirib.

Bu informasiya Moskvanın İrəvana ünvanladığı mesajdır. Çünki eyni informasiya dövlət xəbər agentliyində yayımlanıb. Xüsusi diqqətçəkən məqam Rusiyanın Ermənistanı Ukrayna, Paşinyanı Zelenski ilə müqayisə etməsidir. Təkcə bu məqam Paşinyanın Ermənistanı Ukraynalaşdırma istiqamətində "uğurla" addımladığını göstərir.

Lakin Ukraynadan fərqli olaraq, ABŞ, Avropa İttifaqı, yaxud Fransanın özü belə Ermənistana dəstək verməyəcəyi də bəllidir. Xüsusilə coğrafi reallıqlar – Ermənistanın dörd tərəfdən region ölkələri ilə əhatə olunması bu perspektivi aradan qaldırır. Fransa üçün yeganə “müsbət nəticə” Ermənistanın Suriyaya çevrilməsi – uzunmüddətli müharibə meydanı olması ola bilər və bununla istəyini əldə edə bilməsə də, regionun inkişafının qarşısını alacaq. Bu ssenaridə Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşür.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm