Naxçıvana çıxış və İrəvanın “şimal marşrutu” hiyləsi - Paşinyan nəyə çalışır?
Bizi izləyin

Nida Təhlil

Naxçıvana çıxış və İrəvanın “şimal marşrutu” hiyləsi - Paşinyan nəyə çalışır?

Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılması istiqamətində fəal addımlar atmağa hazır olduqlarını bildirib və Azərbaycanla dəmiryolu əlaqəsi üzrə istiqamətləri açıqlayıb.

- Qazaxı Tavuşla birləşdirəcək şimal marşrutu: bu, keçmiş Qazax-İcevan dəmir yolunu özündə birləşdirir;
- Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək cənub marşrutu: Zəngilan-Mehri-Naxçıvan xətti;


İrəvan bu xətləri “Sülhün kəsişməsi” layihəsi üzrə təqdim edir: kommunikasiya ölkələrin yurisdikasiyası çərçivəsində açılmalıdır, yəni Ermənistan üzərindən keçən kommunikasiyalara nəzarət onların özündə olmalıdır;

Bu yanaşma Ermənistanın Azərbaycana heç nə vermədən qazanmaq istəyidir. Və belə demək mümkünsə, Bakı sülh naminə Avrasiyanın nəqliyyat dəhlizlərində oynadığı körpü rolunu Ermənistanla paylaşmalıdır. Kommunikasiyalar Paşinyanın “Sülhün kəsişməsi” layihəsi çərçivəsində açılarsa, Ermənistan təkcə region müstəvisində qazanc əldə etmir, həm də Asiya və Avropa arasında körpü olması rolu önə çıxır: Paşinyan da magistral yolların açılmasından danışarkən bildirib ki, “şimal marşrutu orta və cənub marşrutu ilə birləşə və yeni imkanlar aça, “sülhün kəsişməsi” layihəsi ilə Ermənistan Şimal-Cənub və Şərq-Qərb oxu boyunca ölkələri birləşdirə bilər”;

O zaman sual yaranır: Azərbaycan heç nə qazanmadan Asiya və Avropa arasındakı körpü rolundan Ermənistana niyə pay verməlidir?

Azərbaycan Qarabağda erməni separatizmini ləğv edib, Naxçıvana çıxış – Zəngəzur dəhlizi layihəsində İran marşrutu üzrə razılaşma var və bu halda sülhün əldə edilməməsi – kommunikasiyaların açılmamasından itirən tərəf Ermənistan olacaq. Moskva-İrəvan münadibətlərinin kəskinləşməsi fonunda Yuxarı Lars yolunda yaranmış problemlər də Ermənistan üçün kommunikasiyaların açılmasının mövcudluq məsələsinə çevrildiyini göstərir. Bu halda İrəvan kommunikasiyanın açılmasını istəyirsə, Bakının şərtlərini qəbul etməlidir.

Birincisi, Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılmasıdır: Ki, mövcud situasiyada bu artıq real görünür;
İkincisi, Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsidir: Naxçıvana daşınan yüklərə və gedən sərnişinlərə gömrük rüsumu, eləcə də sərhəd yoxlanışı tətbiq edilmir, Mərkəzi Asiyadan Ermənistana, yaxud Ermənistan üzərindən Avropaya daşınacaq yüklərə İrəvan gömrük qaydaları tətbiq edə bilər;

Bakının ən azı bu şərti qəbul edilməlidir, əks təqdirdə yolların açılması mümkün olmayacaq, bunu İrəvanda da, Qərbdə də anlayırlar. Bu kontekstdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin son açıqlaması diqqət çəkir. Mişel bidirib ki, “Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır”. Qərb ortaq mövqe tapmağa çalışır.

Və mümkündür ki, “Azərbaycandan Azərbaycana prinsipi” əsas müzakirə edilən modeldir.

Lakin Ermənistanın bu modellərə qarşı hiyləgər gedişi də aydın görünür. Dəmiryolu xəttinin şimal və cənub marşrutunun açılmasından danışan Paşinyanın “Azərbaycan Naxçıvanla şimal marşrutu ilə əlaqə yarada bilər, bunu rəsmən ifadə etmişik” sözləri də bununla bağlıdır.

Ermənistanın dediyi “şimal marşrutu” Qazax-İcevan-İrəvan-Naxçıvan dəmir yolu xəttini təşkil edir. Arazdəyən (Yeraxs)-Naxçıvan-Culfa dəmir yolu xətti bunun bir hissəsidir. İrəvanın xüsusilə bu marşrutu irəli sürməsi Azərbaycanın Naxçıvana çıxış şərtini arxa plana keçirməyə hesablanıb, çünki “şimal marştru” üzrə Naxçıvana çıxış Ermənistan ərazisindən keçir.

Bu şərtlərdə kommunikasiyanın açılması, ümumiyyətlə sülh sazişinin imzalanması qeyri-real görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm