Nida Təhlil
Lionda opera, Tehranda heykəl: İran Nizami irsini Azərbaycandan almaq üçün səfərbər oldu
Nizami Gəncəvi irsi ətrafında polemika yeni deyil. 20-ci əsrin əvvəllərindən etibarən bu polemika var, böyük maarifçi, Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi sayılan Firudin bəy Köçərlinin ədəbiyyatımızın tarixini Nizami Gəncəvi ilə başlayan üçcildliyinin dərcindən bəri bu müzakirələr səngiməyib. Biz səngitsək də, unutsaq da, “daha vacib” işlərlə əlləşsək də, əks tərəf dayanmır, hər gün bir iddia ilə qarşımıza çıxır. Çox uzaq tarixə getmədən son illər baş vermiş bəzi hadisələrin qısa xronikasını xatırladaq.
2022-ci martında Bakıda Nizami Gəncəvini İran şairi elan edən tədbir keçirilib. “Parstoday” xəbər verirdi ki, Bakıdakı İran Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının bir çox şairlərinin iştirakı ilə “İran şairi Həkim Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Anım mərasimindəki çıxışında Azərbaycan Respublikasından olan yazıçı və tarixçi Cəfər Həsənəli deyib ki, Nizami Gəncəvi coğrafi sərhədlərlə məhdudlaşmayan bir şəxsiyyətdir. Günəş şüası kimidir. Həsənəli bildirib ki, bütün bəşəriyyət Nizaminin mistik, fəlsəfi və ədəbi ideyalarından bəhrələnə bilər. İran mədəniyyət mərkəzinin müşaviri Qurban Əli Purmercan isə deyib ki, Həkim Nizami Gəncəvi İran və Azərbaycan Respublikası arasında dostluğun əsas komponentlərindən biridir”.

Purmercanın sözlərinə görə, bu böyük arifin ideyalarından bəhrələnən bir çox ədib “İran və İslam mədəniyyəti ilə” tanış olub. Azərbaycan Respublikasının 20 məmuru, şair və yazıçısı, bu ədəbi məclisdə iştirak etmişdir,- deyə “Parstoday” xəbər verirdi.
Həmin il aprelində Lionda (Fransa) əfqan mənşəli fransız rejissoru Ətiq Rəhimi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında opera səhnələşdirir. BBC fars xidməti bu münasibətlə hazırladığı reportajda Nizamini orta əsr fars ədəbiyyatının böyük nümayəndəsi kimi təqdim edirdi.
Həmin ilin dekabrında YUNESKO tərəfindən Azərbaycanın zorxana idmanı və çay dəstgahı ənənələrinin bəşəriyyətin qorunan qeyri maddi irs siyahısına salınması İranda növbəti anti-Azərbaycan isteriyasına səbəb olmuşdu. Azərbaycan dövləti və Prezidenti bu kontekstdə tənqid və təhqir edilir, mədəni oğurluqda, “qədim fars mədəniyyətini” mənimsəməkdə ittiham olunurdu. İddia edilirdi ki, zorxana və çovqan idmanı ta Əhəmənilər dövründən İranda geniş yayılıb, Nizami isə fars şairidir. Halbuki çovqan yalnız Qəznəvi və Səlcuqi imperiyaları dövründə indiki İran ərazisinə gətirilib, sözün etimologiyası türk-azərbaycan dilində çovmaq felindən törəmədir, çomaq və çovma (rikoşet) sözləri də eyni feldən törəmədir. Zorxanaya gəlincə, əsasən Səfəvi hakimiyyəti illərində müdafiə qabiliyyətini artırmaq məqsədilə inkişaf etdirilən sistem olub.

Ötən il İranda yaşayan azərbaycanlı və kürd ziyalıları arasında Nizaminin etnik mənsubiyyəti üstündə gərginlik yaşanmışdı.
Ötən il Əliəkbər Vilayəti bizdə də nədənsə təqdirlə qarşılanan, Azərbaycan-İran münasibətlərində dair silsilə yazılarında Nizami Gəncəvini fars şairi kimi təqdim etmişdi.
Nəhayət, ötən həftənin sonlarında İran KİV-lərində Nizami adı ətrafında yeni isteriya başladıldı.
Maraqlıdır ki, Nizaminin builki anım tədbirləri Urmiyada başlayıb. Yada salaq ki, Urmiyada parlament seçkilərinə kürdəsilli namizədlərin daha çox seçilməsi gərginlik yaratmışdı, Nizami irsinə isə qeyd etdiyimiz kimi, İran kürdləri də iddia edir. Anım tədbirlərinin Urmiyada başlaması, görünür, belə bir mesaj ehtiva edir-kürd də desəniz, türk də desəniz, fars şairidir. “Qudsonlayn” yazırdı, “bu tədbirlərin keçirilməsi, “xalqımızı və dünyanı İranın ədəbi əzəməti ilə tanış etmək, əlbəttə ki, yaxşı haldır, lakin Azərbaycan Respublikasının İran irsini mənimsəməsi” ilə bağlı narahatlığı aradan qaldırmaq üçün kifayət deyil. Urmiyada keçirilən anım mərasimində çıxış edənlər vurğulayıblar ki, “Bakı dövləti” Nizami Gəncəvini öz adına qeydiyyatdan keçirməyənə qədər hərəkətə keçməliyik.”
İran KİV-ləri Azərbaycan Respublikasının adı kimi, Nizami Gəncəvinin bizim milli irsə çevrilmə tarixini Stalinlə əlaqələndirməyə çalışır, bunu “yoldaş Stalinin məzarından çıxan və hələ də yanan alovlardan biri” adlandırır (Mövzudan uzaqlaşmadan xatırladaq ki, bizim bir çox ziyalılar da təxminən eyni mövqedədir, dilimizin və xalqımızın rəsmi adlarını Stalinlə bağlayırlar-C.Q)
İran tarixi və mədəniyyəti üzrə tarixçi və tədqiqatçı Cəlal Metini bildirib ki, “Sovet hökuməti öz respublikalarının hər birində bu torpağa adi klassiklərdən birinin şərəfinə mərasim keçirirdi. Sovet Azərbaycanında klassik türk şairi olmadığından Nizaminin üzərində dayandılar. Amma Nizaminin türk olması fikrini heç kimin qəbul etməyəcəyini bildiklərindən Stalinə üz tutdular”.
Bu zaman İran KİV-ləri erməni şərqşünas Sergey Ağacanyana istinad edirlər. O, “İranologiya” jurnalında dərc olunmuş “Mədəni təhrifin 50 illiyi” məqaləsində də yazırdı: “Sovet hökmdarları İkinci Dünya Müharibəsinin təhlükəsini hiss edərək, müdafiə qabiliyyətini artırmaq və öz ölkələrinin müxtəlif bölgələrində yaşayan insanların mənəviyyatını, vətənpərvərlik və milli qürur hissini gücləndirmək qərarına gəldilər... 1939-cu il aprelin 3-də Stalin “Pravda” qəzetinə müsahibəsində Nizamini Azərbaycan şairi elan etdi. Qorbaçovun dövründə Nizaminin anadan olmasının 850 illiyi münasibətilə Moskvada onun heykəli açıldı və o, “Azərbaycanın böyük mədəniyyət xadimi” kimi təqdim olunub. Son illər Azərbaycan Respublikası tərəfindən dünyanın müxtəlif ölkələrində Nizaminin abidəsi ucaldılıb.
Urmiyalı tədqiqatçı Mustafa Quluzadə deyib ki, Gəncə o zaman İrana məxsus idi. Quluzadənin iddiasına görə, Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri üç il əvvəl müsahibəsində belə fikirlər işlədib: “Biz bilmirik Nizami hansı dildə şeir yazıb, haradan olub, nə soydan olub, hansı tarixi mənbələrdə bu haqda məlumat var”. Bu iddianın doğruluğunu təsdiqləmək mümkün deyil, sabiq nazirin adından sui-istifadə cəhdi də ola bilər.
İran KİV-lərini qəzəbləndirən məqamlardan biri də budur ki, belə bir vaxtda İranda “Nizaminin türk divanı” deyilən kitab dərc olunub. “Qudsonline” xəbər verir ki, 2018-ci ildə İrandakı “Əndişeyi nou”(yeni fikir) nəşriyyatında “Nizami Gəncəvinin türk divanı” adlı kitab çap edilib. Kitabda məlumat verilir ki, Sədiyar Vəzifə Eloğlu adlı şəxs divanı tapdığını iddia edir. Həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu deyilsə də, İranın Azərbaycandilli nəşrlərində onun cənubi azərbaycanlı fəal olduğu görünür: “Təbii ki, İranın və dünyanın elmi və ədəbi ictimaiyyəti bu saxta kitabdan daha çox heyrətləndi, onlar təəccübləndilər ki, bir ölkədə bütün mədəni və siyasi qurumlar “Nizami” adını İranın məşhur simalarından biri kimi qeydə almağa çalışsınlar. Belə bir kitabın çapına Təhsil Nazirliyi icazə verir!”( Həmin divanın orijinallığı Azərbaycanda da birmənalı qəbul edilmir-C.Q)
İRNA xəbər verir ki, martın 11-də Ərdəbildə “farsdilli iranlı şair” Nizami Gəncəvinin anım günü qeyd olunub: “Ərdəbil vilayətindəki kampus universitetləri koordinatorunun müavini Malik Pənahi Ərdəbilin Fərhəngiyan Universitetində Nizami Gəncəvinin anım mərasimində deyib: “Nizami Gəncəvi fars ədəbiyyatı sahəsində qiymətli ədəbi əsərlər yaratmaqla İran poeziya və ədəbiyyatı səmasında ən parlaq ulduzlardan biridir və onun əsərlərində dini mövzu və məfhumlardan istifadə bariz şəkildə özünü göstərir”.
Nizami Gəncəvinin üçüncü milli və beynəlxalq anım mərasiminin yekununda - bazar günü axşam Prezident İbarhim Rəisinin müraciəti oxunub. Tədbir Mədəniyyət və İslami İrşad naziri Məhəmməd Məhdi İsmailinin, fars dili və ədəbiyyatı mütəxəssislərinin və xarici ölkələrin səfirlərinin iştirakı ilə Tehranın Vəhdət zalında keçirilib .

Nazir deyib ki, Nizami Azərbaycan Respublikasının və ya İranın indiki siyasi sərhədlərinə daxil deyil və “Böyük İran mədəni bölgəsi”nə aiddir: “Nizaminin xatirəsinə həsr olunmuş mərasim artıq üçüncü ildir ki, keçirilir. Bu yanaşma 2021-ci ildən başlayıb, bu, bizim Mədəniyyət və İslami İrşad Nazirliyində fəaliyyətimizin ilk ili idi. Nizami nə Azərbaycan Respublikasının, nə də İranın indiki siyasi sərhədlərinə sığmır və Böyük İranın mədəni bölgəsinə aiddir”. Sonra Tehranın Vənək meydanında Nizaminin heykəlinin açılışı olub.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?





















.jpg)
















