Nida Təhlil
Mİ6-nın gizli qanadı: “British Council”un Bakı ofisinin gerçək missiyası nədir?
Azərbaycanda ABŞ-a bağlı şəbəkələr formalaşdıran, onları qeyri-qanuni formada maliyyələşdirən, ölkənin daxili işlərinə müdaxilə etməyə cəhd göstərən USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) layihələri dayandırılıb. Bu təşkilatın dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda “humanitar layihələr” adı altında “agent şəbəkəsi” yaratdığı və onlar üzərindən milli hökumətlərə təzyiq etmək planını həyata keçirdiyi sirr deyil. Təşkilatın Azərbaycanda gizli hədəfləri də xüsusilə “qrant qaçaqmalçılığı” işində faktlarla ifşa olundu və layihələrinə son qoyuldu. USAİD-in ifşa olunması Qərb ölkələrinin təmsilçisi olan digər təşkilatların Azərbaycandakı fəaliyyətini yenidən gündəmə gətirir və “milli təhlükəsizliyə təhdidlər tamamilə aradan qalxıbmı” sualını aktuallaşdırır. Çünki Qərb təşkilatlarının təmsil etdiyi ölkələrin kəşfiyyat orqanlarına bağlı olduğu USAİD-in timsalında təsdiq olunub.
Bu kontekstdə fəaliyyəti diqqət mərkəzinə düşən təşkilatlardan biri “British Council”dur. Bu təşkilatın gerçək missiyası nədir, doğrudanmı göstərildiyi kimi, humanitar, təhsil və xeyriyyə işlərində başqa məqsəd güdmür?!
İngiltərə, Şotlandiya və Uelsdə qeydiyyatdan keçən “British Council” 100-dən artıq ölkədə fəaliyyət göstərir. Əsas missiyası “Böyük Brityaniya və dünyanın digər ölkələri arasında mədəni əlaqələrin qurulmasıdır”. Təşkilatın Böyük Britaniya hökuməti ilə bağlılığının olmadığı bəyan edilsə də, rəsmi səhifələrində hökumətdən maliyyə yardımı aldıqları qeyd olunur. (1). Bu fakt “British Council”in fəaliyyətinə dair şübhəli paradoks yaradır və təşkilatın fəaliyyət göstərdiyi bir çox ölkədə “Britaniya hökumətindən maliyyələşən təşkilat müstəqil QHT kimi necə fəaliyyət göstərə bilər” suallarının yaranmasına səbəb olur.
Sualların cavabını təşkilatın yaradıldığı illərdə tapmaq mümkündür. “British Council” 1934-cü ildə Britaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə yaradılıb. İlkin adı “Böyük Britaniyanın digər ölkələrlə əlaqələr komitəsi” olsa da, sonradan “British Council” olaraq dəyişdirilib. Ad dəyişikliyinin əsas səbəbi təşkilatın fəaliyyətinin Britaniya dövlətinin fəaliyyəti kimi qəbul edilməsi idi. Ad dəyişikliyi ilə bu əlaqəni gizlətməyə çalışsalar da, təşkilat rəsmi olaraq Böyük Britaniya səfirliklərinin təhsil və mədəniyyət departamenti tərəfindən maliyyələşir, yəni 90 il öncə olduğu kimi, indi də Xarici İşlər Nazirliyinin qurumu olaraq fəaliyyət göstərir.
“British Council” gerçək missiyasını bir neçə kateqoriyaya ayırmaq olar.
1. Böyük Britaniyanın “yumşaq güc” strategiyasını icra etmək;
2. Fəaliyyət göstərdikləri ölkələrin dövlət qurumlarında mövqelərini gücləndirmək;
3. İngilis dilinin tədrisi ilə cəmiyyətin aşağı və orta təbəqəsi üzərində təsiredici gücə sahib olmaq;
4. Müxtəlif ölkələrin ictimai rəyini manipulyasiya etmək;
5. Fəaliyyət göstərdikləri ölkələrdə Böyük Britaniyaya bağlı “təsir agentiləri” yetişdirmək, şəbəkələr qurmaq;
Təşkilatın bu fəaliyyət istiqamətləri açıq və gizli mənbələrdə yayılan faktlarda öz əksini tapır. Hətta Böyük Britaniyanın rəsmi sənədlərində də “Britich Council”in “yumşaq güc” siyasətinin icrasını həyata keçirən, müxtəlif ölkələrdə hökumətin maraqlarını təmin edən təşkilat olduğu qeyd olunur. Britaniyanın 2015-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında bildirilir: “Biz BBC, “Britich Council” kimi təsisatlarımızla bütün dünyada dəyərlərimizi yaymağa, maraqlarımızı təmin etməyə və mövqelərimizi möhkəmləndirməyə davam edəcəyik”. (2).
“Britich Council” fəaliyyət göstərdiyi ölkələrdəki real vəziyyət və təsir imkanlarının artırılmasının yolları ilə bağlı Britaniya hökuməti üçün hesabatlar hazırlayır. Təşkilatın Lordlar Palatasına təqdim etdiyi “Təsir və cəlbedicilik” adlı hesabatı belə nümunələrdəndir. (3). Hesabatda Britaniyanın xarici siyasətinin ölkələr üzrə hansı istiqamətlərdə aparılması, eləcə də müxtəlif ölkələrdə cəmiyyətlərə təsir etmək üsulları və onlara bağlı şəbəkələrin qurulmasına dair tövsiyələr yer alır. Buna paralel olaraq təşkilat fəaliyyət göstərdiyi ölkələrdə iki sektor üzrə öz şəbəkəsini formalaşdırır.
Birincisi, dövlət sektorudur: “British Council”un layihələrində adətən fəaliyyət göstərdikləri ölkələrin icra orqanları, xüsusilə təhsil idarələrinin də iştirakı ənənəvi hal alır. Bu, təşkilatın dövlət orqanlarına nüfuz etmək və öz şəbəkəsini qurmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. 2018-ci ildə haker qrupları tərəfindən internetə sızdırılan Böyük Britaniya Xarici İşlər Nazirliyinə məxsus sənədlərdə qeyd olunur ki, “British Council” postsovet məkanında müxtəlif ölkələrin Təhsil nazirliklərinə nüfuz edir, məktəb direktorları, müəllimlər, hətta valideynlərlə işləyərək, öz şəbəkəsini qurur”. (4).
İkincisi vətəndaş cəmiyyətləri institutlarıdır: təşkilat təhsil proqramı, xeyriyyə işləri, mədəniyyət tədbirlərinin keçirilməsi, sərgilərin təşkili və s. kimi layihələrlə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları özünə cəlb edir.
Rusiyada fəaliyyət göstərən “Underside” (https://underside.today/) araşdırma şirkətinin 2022-ci ildə apardığı tədqiqatda “Britich Council”un “təsir agentləri”ni bir neçə proqram üzərindən formalaşdırdığı qeyd olunur.
- Beynəlxalq Təhsil Marketinqi üzrə Xidmətlər (SIEM): bu proqram vasitəsilə ölkələrin təhsil müəssisələrinə marketinq xidmətləri təklif olunur. Ödənişli və ödənişsiz qaydada göstərilən xidmətlərin əsas hədəfinin həm təhsil sektorunun Britaniya maraqlarına uyğun yönləndirilməsi, həm də sektor daxilində şəbəkənin qurulması olduğu bildirilir.
- İELTS proqramı: təşkilat bu layihə üzərindən ingilis dilini təbliğ etməklə yanaşı, hazırlıq kurslarında Britaniyaya bağlı “kadrların” yetişdirilməsini həyata keçirir.
- “Chevening” proqramı: qeyri-kommersiya xarakteri daşıyan bu proqramın Britaniyaya bağlı şəbəkənin qurulmasında mühüm rol oynadığı haqda məlumatlar var. “Underside” tədqiqatında “Britich Council”un Rusiyada bu proqram vasitəsilə ictimai rəyə nüfuz edə bilən 300-ə yaxın tanınmış “təsir agenti” hazırladığını iddia edir. (5).
Yeniyetmə və gəncləri hədəf auditoriyası olaraq müəyyən edən “Britich Council”un fəaliyyətində LGBT hüquqlarının təbliği də xüsusi yer tutur. İngilis dili kurslarında, eləcə də təşkilatın mədəniyyət və incəsənət layihələrində bu təbliğatın açıq şəkildə aparıldığına dair məlumatlar var. Hətta təşkilat bunu gizlətmir də. 2016-cı ildə Moskvada təşkil edilən “Şeksprin yay gecələri” festivalı real nümunələrdən biridir. Homoseksual aktyor İan MakKellenin festivalda iştirakını təmin edən “Britich Council”un hazırladığı hesabatda qey olunur ki, “MakKellenin iştirakı LGBT problemləri və insan hüquqları ilə bağlı məlumatlılığın artırılmasına kömək etdi”.
Bu faktlar “British Council”un heç də göründüyü kimi apolitik təşkilat olmadığını təsdiq edir. Təşkilatın Böyük Britaniya kəşfiyyatının (Mİ6) qeyri-rəsmi strukturu olduğuna dair məlumatlar da mövcuddur. Hətta Britaniyanın məşhur “Chatham House” beyin mərkəzinin xarici siyasətlə bağlı hesabatları “British Council”un missiyasına dair daha aydın təsəvvür yaradır.
“Hökumətin təşşəbbüsləri və layihələri vətəndaşlar, eləcə də digər hökumətlər tərəfindən inamsızlıqla qarşılanır, bəzən də mənfi reaksiya doğurur. Bu, tez-tez digər dövlətlərdə “xarici agent” kimi görünmək riskini yaradır. Lakin biznes, təhsil və mədəniyyət layihələri ictimaiyyət arasında maraqla qarşılanır, hökumətlərdə isə daha az şübhə oyandırır”, - “Chatham House” Britaniya hökumətinin xarici siyasətinə belə istiqamət verir. “British Council” da məhz Britaniya kəşfiyyatının daha az şübhə yaratmaq və hədəfə doğru daha rahat hərəkət etmək üçün istifadə etdiyi çətir rolunu oynayır.
“British Council”un Mİ6-nın əməliyyatlarını icra etməsinə dair faktlar açıq mənbələrə də sızıb. 2018-ci ildə təşkilatın Moskva ofisinin bağlanmasına səbəb onun Britaniya kəşfiyyatı ilə əlaqəsi göstərilirdi. Təşkilatın Britaniya kəşfiyyatı ilə bağlılığına dair məlumatlar hələ 2008-ci ildə - Rusiyanın keçmiş kəşfiyyatçısı Aleksandr Litvinenkonun Londonda öldürülməsindən sonra yaşanan qalmaqalda ortaya çıxmışdı. Beynəlxalq mediada Britaniyanın diplomatik mənbələrinin etirafı kimi bu ifadələr tirajlanırdı: “British Council” kiçik də olsa, bizim gizli kəşfiyyat xidmətimizin qanadı olduğuna dair geniş fərziyə var. Rəsmi olaraq belə bir şey yoxdur, amma əlaqələr var. Niyə də olmamalıdır, çünki bütün məlumatlar əvəzolunmazdır. Axı “Britis Council” ticarət missiyaları ilə də məşğul olur və istər-istəməz bu, aşağı dərəcəli kəşfiyyat məlumatlarının toplanması üçün lazımıdır”. (6).
“British Council”un adının Mİ6-nın keçmiş əməkdaşı Riçard Tomlinsonun yaydığı, “Tomlinson siyahısı” kimi ilə məşhurlaşan hesabatda da əks olunduğu haqda məlumatlar var. Hakerlər tərəfindən internetə sızdırılan Böyük Britaniya Xarici İşlər Nazirliyinin sənədlərində isə təşkilatın Mİ6-nın əməliyyatlarında iştirakı sübuta yetilib.
İnternetə sızdırılan sənədlərdən aydın olur ki, Britaniya kəşfiyyatı bir sıra ölkələrdə həyata keçirdiyi iğtişaş və çevriliş planlarında bu təşkilatdan istifadə edib.
Livan: bu ölkədə hakimiyyət dəyişikliyi planında “Britich Council”un missiyası gələcək hakimiyyətdə əsas vəzifələri tutacaq qadın siyasi liderlərin hazırlanması olub. Təşkilat təhsil proqramları vasitəsilə lazım olan “kadrları” hazırlayıb.
Misir: təşkilat 2016-2019-cu illərdə “Misir vətəndaş cəmiyyətinə dəstək” layihəsini həyata keçirib. Bu layihə üzrə dəstək verilən QHT-lər üç kateqoriyaya ayrılıb: “müxalif ictimai birliklər”, “dövlət tərəfindən dəstəklənən QHT-lər” və “icma təşkilatları”. Təşkilat bununla Misirin daxili siyasi mənzərəsinin formalaşmasında əsas işi icra edib.
Balkan ölkələri: təşkilatın bu coğrafiyadakı əməliyyatlarda iştirakı 1990-cı illərdən başlayıb və əsas işi təhsil müəssisələrinə təsir etmək, siyasətçilər, elm adamları və jurnalistlərdən ibarət gələcək şəbəkəni qurmaq olub.
Serbiya: bu ölkədə mövcud hakimiyyətə qarşı aparılan “qara piar” kampaniyasının əsas təşkilatçısı kimi “British Council”un adı çəkilir.
(“British Council”un İngiltərə kəşfiyyatının əməliyyatlarında iştirakına dair sənədlər (7).
Bütün bunlar 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən “British Council”un Bakı ofisinin gerçək missiyasına dair şübhələrə yol açır. Təşkilatın Azərbaycan nümayəndəliyinin rəsmi səhifəsində hədəflər açıq şəkildə qeyd olunur:
- Azərbaycanda ingilis dilinin tədrisi, təhsil imkanlarının yaradılması və Birləşmiş Krallıqla daha yaxın əməkdaşlığın inkişafı;
- Daha çox gənc azərbaycanlının beynəlxalq miqyasda tanınmış Birləşmiş Krallıq imtahanlarına girməsini, Birləşmiş Krallıqda təhsil almasını və evə Birləşmiş Krallığa daha böyük inam və anlayış gətirməsini təmin etmək;
- Azərbaycan gənclərinə iş qabiliyyəti, inam, inklüzivlik və dünya ilə inteqrasiya üçün istədikləri və ehtiyac duyduğu yüksək keyfiyyətli təhsil və bacarıqları təmin etmək və s; (8).
İlk baxışdan kifayət qədər müsbət görünən bu hədəflər “British Council”un Britaniya kəşfiyyatı ilə bağlılığına və fəaliyyət göstərdiyi ölkələrdə “təsir agentləri” şəbəkəsi qurmasına dair faktlar fonunda heç də “məsum” deyil. Və istisna deyil ki, təşkilatın Bakı ofisi digər ölkələrdə olduğu kimi, Azərbaycanda da “təsir agentləri” yetişdirir, Britaniyaya bağlı şəbəkə formalaşdırır.
Araşdırmalarımıza görə, “British Council” Azərbaycandakı fəaliyyətini Cənubi Qafqaz proqramı üzrə qurub. Bu proqramın nədən ibarət olduğu Böyük Britaniya Xarici İşlər Nazirliyinin internetə sızan sənədlərində öz əksini tapıb.
“Risklərin idarə edilməsi” adlanan və təşkilata ünvanlanan sənədlərin birində qeyd olunur:
“Siyasi dəyişikliklər (seçkilər, hakimiyyət dəyişikliyi, siyasi iğtişaşlar) hökumətlə ilkin razılaşmara təsir göstərə bilər. Milli hökumətlərlə əlaqə çox yaxşı qurulub. Hökumət dəyişikliyi zamanı bunun davamlılığı təmin edilməlidir. İstənilən siyasi iğtişaşlar üçün daxildəki vəziyyəti yaxından təqib edəcək “British Council” məsləhətləşərək, risklərin idarəedilməsini həyata keçirməlidir”.
Bununla yanaşı, “British Council”un uzaq icmalarda (bölgələrdə-red) uşaqları ingilis dilinə cəlb edərək, komanda formalaşdırması və bu prosesdə valideynlərlə işləməsi tövsiyə olunur. Əsas diqqətin “gender bərabərliyi” mövzusuna yönəlməsi, lakin bölgələrdə buna görə yarana biləcək mümkün narazılıqların nəzərə alınması tapşırılır. Bu sənəd 2018-2019 illəri əhatə edir. (9).
İnternetə sızan sənədlər toplusunda Cənubi Qafqazla bağlı ümumilikdə 30 sənəd yer alır və hər bir sənəddə “British Council”un adı əsas icraçı kimi qeyd olunur. (7)
Sənədlər “British Council”un fəaliyyətinin USAİD-dən fərqlənmədiyini və əsas missiyasının Britaniyaya bağlı şəbəkənin formalaşdırmaq olduğunu təsdiq edir. Bu təşkilatı fərqləndirən məqam Britaniya üçün “kadr bankı” rolunu da oynayan şəbəkənin formalaşdırılması əməliyyatında təhsil müəssisələrindən geniş istifadə etməsidir. Təşkilatın Bakı ofisinə dair əldə etdiyimiz məlumatda əsas diqqətçəkən məqam isə son iki ildə fəaliyyətini məhdudlaşdırmasıdır. Əvvəllər Bakı ofisində 50-dən çox əməkdaşın işlədiyi və təhsillə yanaşı, müxtəlif layihələr həyata keçirildiyi deyilir. Hazırda isə “British Council”un 5-6 əməkdaşın çalışdığı Bakı ofisi fəaliyyətini və layihələrini məhdudlaşdırıb. Təşkilatın keçmiş əməkdaşları məhdudlaşmanın maliyyə imkanlarının azalması ilə əsaslandırıldığını deyirlər. Hərçənd, bu, şübhəli məqamdır. Çünki dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən 90 illik təşkilatın “maliyyə problemləri” yaşaması mümkünsüz görünür. Əsas fikirlərdən biri belədir ki, Azərbaycanda USAİD-in ifşa olunmasından sonra “British Council” fəaliyyətini kiçildərək, “kölgəyə çəkilmək” xəttini seçib. Şübhəli və diqqətçəkəndir.
Və bütün bu faktların fonunda sual yaranır: Azərbaycan “British Council”un fəaliyyətini dayandırmaq haqda düşünürmü?
Asif Nərimanlı
1. https://www.britishcouncil.org/about-us
2.https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/478933/52309_Cm_9161_NSS_SD_Review_web_only.pdf
3. https://www.britishcouncil.org/sites/default/files/influence-and-attraction-report.pdf
4. https://smotrim.ru/article/2540836
5. https://peterburg-news.ru/2022/07/11/kak-mi-6-s-pomoshhyu-britanskogo-soveta-pytaetsya-destabilizirovat-situacziyu-v-rossii/
6. https://www.heraldscotland.com/default_content/12768673.its-widely-assumed-british-council-wing-secret-services/
7. https://britishfiles.com/
8. https://www.britishcouncil.az/about
9.https://s3.amazonaws.com/appforest_uf/f1637854982734x123238776551568340/1.2.5%20Risk%20Management.pdf
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO