Ermənilərə vurulun ilk yumruq: 44 günlük Qarabağ savaşı və davam edən uğurlarımız
Bizi izləyin

Nida Təhlil

Ermənilərə vurulun ilk yumruq: 44 günlük Qarabağ savaşı və davam edən uğurlarımız

Ermənilərə vurulun ilk yumruq: 44 günlük Qarabağ savaşı və davam edən uğurlarımız

1990-cı ilin əvvəllərində hələ də koordinatları, parametrləri, paradiqması, prinsipləri müəyyənləşməmiş ordu yaradılmağa başladı. Bu proses 1993-cü ilin ikinci yarısına qədər, yəni Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi günədək davam etdi. Məhz bu dövrdə, yəni 1993-cü ilin ikinci yarısından Azərbaycan Ordusunun yaranması, formalaşması və inkişafı üçün çox ciddi addımlar atıldı, tədbirlər həyata keçirildi. Azərbaycan Ordusunun qanunvericilik bazası yaradıldı.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycanın Əməkdar hərbi jurnalisti, hərbi ekspert İbrahim Rüstəmli deyib.

Onun sözlərinə görə, bundan sonra Ulu Öndər ilk növbədə xalqa, o vaxt MDB məkanında xidmət edən azərbaycanlı hərbi qulluqçulara, azərbaycanlı zabitlərə müraciət edib, onları Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında yaxından iştirak etməyə çağırıb:

"Və bu da nəticəsiz qalmadı. Təcrübəli zabit və əsgərlər Azərbaycan Ordusunun sıralarına qatıldılar. Bilirsiniz, o vaxt daxili sabitlik yox idi, çox ağır, çox ciddi təzyiq var idi Azərbaycana. Ermənilər o dövrdə "sinəsinə döyə bilərdilər Qarabağı aldıq və qələbə qazandıq" deyə. Amma bunu hamımız çox yaxşı bilirik ki, Birinci Qarabağ Savaşında da Azərbaycan insanı həqiqətən də əsl qəhrəmanlıq nümunəsi göstərdi. Əsgərlərimiz bu münaqişədə ən yaxşı cəhətlərini ortaya qoydu. Ancaq bu potensialı vahid mərkəzdə birləşdirəcək bir insana ehtiyacımız var idi. Həmin şəxsiyyət isə məhz Ulu öndər Heydər Əliyev oldu".

Hərbi ekspert deyib ki, Azərbaycan Ordusunun təşkilində Heydər Əliyevin hələ sovet dönəmində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin çox böyük rolu olub:

"Eyni zamanda Bakı Ali Hərbi Məktəbinin kadr potensialını saf-çürük eləmişdi. O, hələ sovet dönəmində o məktəbin kursant sistemini öyənmişdi. Məlum olmuşdu ki, idarəetmə sistemində çalışanların, eyni zamanda kursantların da böyük əksəriyyəti ermənilərdən və ruslardan ibarətdir. Bax bu prosesin qarşısını almaq, Azərbaycanın ordu ilə bağlı kadr bazasının yaratmaq məqsədi ilə Heydər Əliyev hörmətli generalımız, mərhum Valeh Bərşadlını Almaniyadan Azərbaycana gətirdi və hərbi məktəbə rəis təyin elədi. Burada əsas məqsəd o idi ki, həmin hərbi məktəbə Azərbaycan gəncləri cəlb olunsun. Heydər Əliyevin bu uzaqgörənliyi illər sonra bizim köməyimizə çatdı".

İ.Rüstəmli deyib ki, o dövrə nəzər salsaq, problemlər olduqca çox idi. Həm cəbhə xəttində döyüşmək, həm ordu yaratmaq, həm də daxili və xarici təzyiqlərə tab gətirmək, bütün bunları nizama salmaq, ölkədə asayişi bərpa eləmək məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin siyasi iradəsi və xarakteri nayəsində mümkün olub.

O deyib ki, ondan sonrakı dövrdə təbii ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu inadla davam etdirməsi də nəticəsiz qala bilməzdi:

"Prezident İlham Əliyevin ordu quruculuğuna prioritet bir məsələ kimi yanaşması və bunu rəsmən elan etməsi, əlbəttə Azərbaycan Ordusunun həyatında kardinal dəyişikliklərə səbəb oldu. Orduya olan diqqət ilbəil nəzərəçarpacaq səviyyədə artırıldı. O qədər böyük işlər görülüb ki, bu haqda saatlarla, günlərlə danışmaq olar. Azərbaycan müstəqil dövlət kimi 30-dan çox yüksək səviyyədə inkişaf eləmiş orduya sahib dövlətlərlə çoxtərəfli hərbi əlaqələr qurub. Bu gün dünyanın ən müasir silahları Azərbaycan Ordusunun sıralarında yer alır. Biz bunun bariz nümunəsini 44 günlük Vətən Savaşında daha aydın və praktik şəkildə görə bildik. Əlbəttə Aprel döyüşləri İkinci Qarabağ Savaşı üçün bir revanş, bir başlanğıc rolunu oynadı. Bu döyüşlərdə Azərbaycan böyük bir ərazini düşməndən təmizləməklə, ermənilərin alnına vurulun ilk yumruq idi. Ermənilərə sübut olundu ki, siz Azərbaycan torpaqlarını öz gücünüzlə işğal eləməmisiniz".

Hərbi jurnalistin sözlərinə görə, 44 günlük Vətən Savaşında ordumuzun göstərdiyi performans bu gün dünyanın aparıcı dövlətləri tərəfindən hələ də öyrənilməkdədir:

"44 günlük müharibə az qala 30 il ərzində ərazilərimizdə bərkimiş, mövqe tutmuş ermənilərə çox şeyi başa saldı. Azərbaycan Ordusunun strateji və taktiki yanaşmasında nəzərəçarpan yeniliklər, müasir tələblər çərçivəsində aparılan hərbi əməliyyatlar öz nəticəsini verdi. 44 günlük Vətən Savaşı Azərbaycan tarixində elə bir hadisədir ki, onun haqqında emosiyasız danışmamaq mümkün deyil. O, son 200 ilimizin ən mükəmməl tarixidir. Bu savaşda Azərbaycan Ordusunun göstərdiyi performans həm də ondan ibarət idi ki, biz Laçın və Kəlbəcər kimi ağır coğrafi quruluşa malik ərazilərimizi bir güllə belə atmadan düşmən işğalından azad etdik".

İbrahim Rüstəmli Azərbaycan Silahlı Qüvvələrinin uğurlarından danışarkən, antiterror əməliyyatlarına da toxunub:

"Təbii ki, bir gündən də az bir vaxtda həyata keçirilən antiterror əməliyyatı da o qədər mükəmməl qurulmuşdu ki, ermənilərin əvvəlcədən planlaşdırdığı təxribatları alt-üst etdi. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında elə bir antiterror əməliyyatı həyata keçirildi ki, orada bir nəfər də mülki şəxsə ziyan dəymədi, burnu belə qanamadı. Nöqtə atışları ilə erməni separatçılarının mövqeyi sıradan çıxarıldı. Bütün bunlar əlbəttə çox ağır, gərgin əməyin nəticəsi idi. Bütün bunlar illərlə görülən işlərin nəticəsi idi".

"Bizə danışın və vuruşan ordudan çox, düşünən ordu lazımdır" deyən hərbi ekspert bildirib ki, bu mənada biz öz uğurlarımızın arxasında dayana və daha geniş miqyas almasına zəmin yaratmış olarıq:

"Cənab Prezident çıxışlarının birində dedi ki, biz nəyin ki XXI əsrin, hətta XXII əsrin döyüşünə hazır olmalıyıq. Bəli, Ali Baş Komandan İlham Əliyev qələbəni qazandı, hazırda isə sülhü qorumağa çalışır. Bu ideal bir mövqedir. Eyni zamanda bizim uzaq hədəflərimiz də var. O hədəflərdən biri Zəngəzur Dəhlizi xüsusi önəm daşıyır. Və bu məsələlərin də həlli istiqamətində uğurlar qazanmağımız üçün biz öz döyüş imkanlarımızı, kadr potensialımızı daha da gücləndirməliyik. Təbii ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin həyatında qeyd elədiyi ən uğurlu tarixdən biridir. Amma bu uğurların seriyası davam etməkdədir. Azərbaycan dövlətinin hər il büdcədən orduya ayrılan vəsaiti artırması, eyni zamanda hərbi silah sənayesinin yaradılması çox böyük uğurlardır. Artıq bizim silah sənayemiz dünyanın inkişaf etmiş ölkələrində təşkil olunan hərbi sərgilərdə iştirak edir. Və biz özümüzün müasir silahlarımızı beynəlxalq sərgilərdə nümayiş etdiririk".

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm