Nida Təhlil
Rusiya üçün qorxunc proqnoz: Xaos ixrac edən ölkəni nə gözləyir?
Rusiyanın Ukraynada apardığı müharibə üç ildən artıqdır ki, davam edir. Kreml etiraf etməsə də, müharibə və sanksiyalar iqtisadiyyata ciddi təsir etməkdədir. Hər gün milyonlarla dollara başa gələn müharibə yüz minlərlə insanın ölümünə səbəb olub. Orduya əsgər çağırışı ciddi narazılıqlarla müşayiət edilir. Qərb Rusiya iqtisadiyyatını çətin vəziyyətə salmaq və Vladimir Putini müharibəni dayandırmağa məcbur etmək məqsədilə daha geniş və sərt sanksiyaları gündəmə gətirir. Amma Rusiya təbliğat maşını iqtisadi artımdan, yüksəlişdən bəhs edir.

Kreml: “İqtisadiyyat özünü doğrultdu”
Rəsmi təbliğat iddia edir ki, Rusiya iqtisadiyyatı qlobal qeyri-sabitlik şəraitində özünü doğruldub. 2025-ci ildə sanksiya təzyiqi və tarif müharibəsi fonunda bir çox ölkələrin iqtisadiyyatı dağılmağa başladı. Avropa durğunluq həddindədir, ABŞ başqalarının hesabına möhkəmlənməyə çalışır, Asiya ölkələri yeni alternativ ticarət marşrutları qurur. Rusiya bu reallıqlar içərisində qibtə ediləcək dayanıqlılıq nümayiş etdirir. İqtisadiyyatın strukturunda qeyri-xammal sahələrinin payı artır, yeni istehsal sahələri açılır, rəqəmsal platformalar güclənir. Eyni zamanda, dövlət bütün sosial öhdəliklərini qətiyyətlə yerinə yetirir, pensiyalar indeksləşdirilir. RF Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin bəyan edib ki, Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı artım nümayiş etdirir və dünyadakı ümumi inkişaf sürətini qabaqlayır. Sənaye və ticarət naziri Anton Alixanovun sözlərinə görə, Rusiyanın qeyri-xammal qeyri-enerji ixracı bu ilin doqquz ayı ərzində 6% artaraq 111,4 milyard dollara çatıb. O cümlədən sənaye ixracı 85,4 milyard, kənd təsərrüfatı ixracı isə 26 milyard dollar təşkil edib. Nazirin proqnozlarına görə, il sonu üzrə 149,2 milyard dollar həcmində qeyri-xammal qeyri-enerji ixracı hədəfinə nail olunacaq. Bunun 111,4 milyard dolları sənaye ixracı və 37,8 milyard dolları kənd təsərrüfatı ixracı olacaq.

Rəqəmlər başqa şey deyir
Rəsmilər nikbin bəyanatlar səsləndirsələr də, Qərbdə fərqli mövqe var. Qərbdə düşünürlər ki, sanksiyalar Rusiya iqtisadiyyatına və büdcəsinə ciddi təsir göstərir. Sanksiyalar və neftə tətbiq olunan qiymət həddi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri xeyli azaldıb. Bəzi Avropa alıcılarının Rusiya neftindən imtina etməsi, Moskvanı Asiya bazarlarında daha ucuz satışa məcbur edib. Bunun fonunda Rusiyanın büdcəsində də böyük kəsirlər yaranıb. Məsələn, 2025-ci ilin yanvar-aprel aylarında büdcə kəsiri təxminən 40,7 milyard dollar təşkil edib. Rəsmi şəxslər iqtisadiyyatın dayanıqlı olduğunu iddia etsələr də, müstəqil iqtisadçılar və analitiklər sanksiyaların təsirinin artdığını və vəziyyətin gələcəkdə daha da ağırlaşacağını bildirirlər. Bəzi proqnozlarda gələn il Rusiya iqtisadiyyatında "mülayim eniş" və ya şok gözlənilir. Sanksiyalar vətəndaşların həyatına da mənfi təsir göstərir. Beynəlxalq Valyuta Fondu 2025-ci il üçün Rusiyanın ÜDM artımı proqnozunu 0,6%-ə qədər endirib. Bu, 2024-cü ildəki təxminən 4%-lik artımla müqayisədə kəskin yavaşlamadır. İqtisadi artım əsasən hərbi-sənaye kompleksinə yönəldilən trilyonlarla büdcə xərcləri hesabına əldə edilib. Lakin bu sektorlar artıq öz potensiallarının yuxarı həddinə çatıb və qeyri-hərbi sektorlar zəifləyir. Ölkədə inflyasiya yüksək olaraq qalır (təxminən 9%). Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini yüksək səviyyədə saxlayır ki, bu da kreditləşməni boğur və iqtisadi fəallığı azaldır. Yüz minlərlə insanın orduya cəlb olunması və ya ölkəni tərk etməsi kəskin əmək qıtlığına səbəb olub, bu da iqtisadiyyatın böyüməsinə mane olur. Müdafiə xərcləri büdcənin demək olar ki, yarısını təşkil edir. Ölkənin Milli Rifah Fondu da əhəmiyyətli dərəcədə tükənib. Sanksiyalar iqtisadiyyatı dərhal çökdürməsə də, idxal-ixrac kanallarını məhdudlaşdırır və texnologiya tədarükündə problemlər yaradaraq tədricən zəiflədir. Xülasə, Rusiya iqtisadiyyatı müharibənin gətirdiyi struktur disbalanslar və xarici təzyiqlər səbəbindən böhran astanasındadır və 2026-ci ildə durğunluq dövrünə qədəm qoyur.

İtkilər böhran səviyyəsinə çatır
Rusiyada avtomobil satışları da çöküb. Təkcə 2025-ci ilin ilk yarısında yeni avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 23,9% azalıb. Tikinti şirkətlərinin təxminən 20%-i yüksək ipoteka dərəcələri fonunda daşınmaz əmlak satışlarının kəskin azalması səbəbindən iflas təhlükəsi ilə üzləşib. Bundan əlavə, Rusiya iqtisadiyyatını kadr çatışmazlığı da sarsıdır ki, bu da təkcə logistikada bir milyon işçiyə çatıb. Əhali sürətlə kasıblaşır. Rusların təxminən yarısı kommunal xidmətlər və gündəlik xərclər üçün kredit götürür.

MI6: “Rusiya xaos ixrac edir”
Rusiya ilə bağlı ən təhlükəli proqnozu MI6-nın direktoru Bleyz Metreveli səsləndirib. O, ilk rəsmi çıxışında "Rusiyadan gələn ciddi təhlükə" barədə xəbərdarlıq edib. "Xaosun ixracı Rusiyanın beynəlxalq qarşılıqlı əlaqəyə yanaşmasının səhvi deyil, xüsusiyyətidir və biz Putin öz hesablamalarını dəyişməyə məcbur edilənə qədər bunun davam edəcəyinə hazır olmalıyıq" – deyə Metreveli bildirib. Onun qənaətincə, Kremlin hərbi maşını da ciddi şəkildə çökə bilər. Bunun səbəbi Moskvanın dekabrdan etibarən neft və qaz satışından gəlirlərinin azalma riskləridir. Bu gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azala bilər. Proqnozlaşdırılır ki, dekabr gəlirləri hətta 410 milyard rublu ($5,17 milyard) keçməyəcək.
Rəqəmlər, ortaya qoyulan hesabatlar, səslənən fikirlər onu deməyə əsas verir ki, Rusiyanı ciddi problemlər gözləyir. Ölkə sanksiyalar, müharibənin iqtisadi yükü və daxili sosial problemlərin məngənəsində çabalamaqda davam edəcək. ("Kaspi" qəzeti)
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu
-
İdman11:31Qvardiola Mançesterdəki restoranını bağladı - FOTOLAR
-
Sosial11:20Azərbaycanda əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan
-
Səhiyyə09:41Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!
-
İdman09:20Arda Turan: "Lvov güclü atəş altında idi və..."
-
Digər09:10Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert


























