İlham Əliyev - Taleyin və tarixin Azərbaycana bəxş etdiyi lider
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev - Taleyin və tarixin Azərbaycana bəxş etdiyi lider

Ümummilli lider Heydər Əliyev onun haqqında belə demişdi: “Mən ona özüm qədər inanıram”...

Hər şeyi öz yerinə qoyan zaman böyük Heydər Əliyevin – o siyasət dühasının bütün bəlalardan xilas edərək, ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini hər keçən gün bir daha təsdiqləyir. Heydər Əliyev deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.


Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. İlham Əliyev dahi liderdən ona keçən dərin zəkası ilə Azərbaycanı regionun liderinə çevirə bildi, dünyanı bu kiçik Qafqaz ölkəsi ilə hesablaşmağa məcbur etdi. Azərbaycan insanının firavan həyatı üçün gecə-gündüz çalışdı. Bu fəaliyyət beynəlxalq arenalarda gərgin diplomatik manevrlərdən tutmuş, ölkə içində ən ucqar rayondakı vətəndaşın rahatlığını təmin etmək üçün eyni əzmkarlıqla davam edir.​​​​​

Və zaman dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiq edir: İlham Əliyevə inanmağa dəyərmiş! Azərbaycan dahi Heydər Əliyev kimi bir liderin timsalında böyük şansa sahib idi, lakin ömür böyük strateqə vəfa etməyəndə yenidən 90-cı illərin ağrılı günlərinə qayıtmaq təhlükəsi yarana bilərdi və məhz bu məqamda tale İlham Əliyevi bizə ikinci şans olaraq bəxş etdi.

O, Azərbaycana qarşı bütün xain planların qarşısına cəsarətlə çıxdı və dəf etdi. Düşmənə qarşı nə qədər sərt oldusa, xalqına o qədər humanist və qayğıkeş davrandı, bu millətin rifahı uğrunda gecə-gündüz çalışdı. Vətəndaşlarla görüşəndə ətrafında yaratdığı səmimilik və xeyirxahlıq mühiti, sadə və sıravi vətəndaşın ən xırda problemindən tutmuş, üzləşdiyi haqsızlığa qədər bütün çətinlikləri yerindəcə həll etməsi və bunu xalqının xidmətçisi kimi həyata keçirməsi çox az ölkənin liderinə xas cəhətlərdir. Və biz onun sadəliyi, incə davranışlarına paralel olaraq, müzakirə mövzusu dövlətinin və xalqının maraqları olanda nə qədər sərtləşdiyinin də şahidi olduq. Azərbaycanı və onun sərhədləri içində xalqı mütiləşdirmək, ələbaxan etmək cəhdlərini necə qətiyyətlə dəf etdiyinə də hər şeydən öncə tarixin özü şahidlik edir. Anti-Azərbaycan dairələrin məkrli oyunlarına alət olmamaq üçün zaman-zaman sinəsini qabağa verdi, hətta dünyanın supergücü hesab olunan ölkələrə qarşı çıxdı, çünki hədəfdə millətinin maraqlarının olduğunu hər birimizdən daha yaxşı anlayırdı. Lakin baş verən siyasi oyunların ağırlığını xalqının üzərinə atmadı, bizi bu ağır yükün altına vermədi, daim bu milləti əzmək istəyənlərin üzərinə yeridi, hətta onun özünün şəxsini hədəfə alanda belə... Əsl ailə başçısı kimi, əsl lider kimi... Bizləri yalnız xoş günlərə ortaq etdi, qələbələrə daşıdı, xoşbəxt gələcəyi bu gündən inşa etdi.

Xoşbəxtliyin rəngi olmur. Onu əllə tutmaq, qoxusunu duymaq olmur, onu sadəcə yaşamaq mümkündür. Bir insanın xoşbəxtliyi ona dayaq olacaq insanla çiyin-çiyinə addımlamaqdırsa, bir ölkənin xoşbəxtliyi ədalətli və müdrik liderinin olmasıdır. Bir də gələcəyə bu gün kimi inanmaqdır xoşbəxtlik. İlham Əliyev xalqa bunu nəsib etdi.

- O, ilk dəfə prezident seçiləndə Azərbaycanda yoxsulluğun minimuma endiriləcəyi vədini verdi. “Hər bir azərbaycanlının prezidenti olacam” vədinə sona qədər sadiq qalan Prezident İlham Əliyev bu illər ərzində sosial-iqtisadi sferada inqilabi uğurlar əldə etdi.
- Azərbaycan bütün dünyanın hesablaşdığı, beynəlxalq güclər arasında tarazlıq yaradan regional gücə çevirdi.
- Dünyanın enerji xəritəsində həlledici oyunçulardan biri Azərbaycandır və bu, məhz Prezident İlham Əliyevin strateji addımları ilə baş verib.
- O, Azərbaycanı qlobal nəqliyyat şəbəkəsinin mərkəzinə çevirdi: ölkəmiz “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizi və Orta dəhlizin əsas açarı rolunu oynayır;
- ABŞ, Çin, Rusiya, İran, Avropa İttifaqı ölkələri Azərbaycanla münasibətlərə xüsusi önəm verir, regional proseslərdə rəsmi Bakının dəstəyini qazanmağa çalışır. Prezident İlham Əliyevin strategiyası Azərbaycanı Afrikada, “Qlobal Cənub” adlandırılan strateji regionda, bir sözlə, uzaq Şərqdən uzaq Qərbə uzanan bütün coğrafiyada qlobal oyunçuya çevirib.

İlham Əliyev Azərbaycanın 250 illik məğlubiyyət tarixini qələbəyə çevirən liderdir.

İki əsrdən artıq müddətdə - son 250 illik tariximizdə Azərbaycan ardıcıl şəkildə ərazi və güc itkisinə məruz qalıb. Bu, 1747-ci ildən - Nadir Şah Əfşarın vəfatından sonra başlanan ağrılı dövr idi. Azərbaycanda xanlıqlara parçalandı. 1813-cü ilə - Gülüstan müqaviləsinin imzalanmasına qədər davam edən bu dövrdə Azərbaycanın demək olar ki, yalnız adı qalmışdı. Gülüstan, ardınca da Türkmənçay (1828-ci il) müqaviləsi ilə Azərbaycan torpaqları iki hissəyə bölündü. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda böyük dönüşün başlanğıcı ümidləri yaranmışdı, lakin cümhuriyyət ilk qurulanda İrəvan şəhəri ermənilərə güzəşt edilməklə itkilər yaşandı. Cəmi 23 aydan sonra yenidən işğal altına düşən Azərbaycanın torpaqları sovetləşmənin ilk illərindən başlayaraq, qırmızı imperiyanın sonuna qədər ermənilərə “otlaq” və “əkin sahəsi” adı altında bağışlandı. Zəngəzur, Göyçə, Dərələyəz və digər tarixi torpaqlarımız itirildi. SSRİ dağılandan sonra isə Azərbaycan 20 faiz torpaqlarını itirdi. Məhz 27 sentyabr tarixi iki əsr yarımlıq məğlubiyyət tarixinin qələbəyə çevrilməsi idi.

Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi ilə bu tarixi tamamilə dəyişdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Azərbaycan xalqının 30 illik işğala qarşı yumruq kimi birləşməsinin, ermənilərin uydurduğu qondarma “miflərin” – “yenilməz ordu”, “qəhrəmanlar” və digərlərinin darmadağın edildiyi təqvimdir. Bu, həm də Cənubi Qafqazın siyasi mənzərəsinin dəyişdiyi, qlobal hadisələrə birbaşa təsir edən gün kimi də tarixə düşdü.

Bütün bunlar Azərbaycan liderinin – Prezident İlham Əliyevin əsəridir. Məhz o, Azərbaycanın 250 illik məğlubiyyət sindromunu sındırdı, qələbə səhifəsini açdı. Məhz o, torpaqlarımızı azad edərək, beynəlxalq hüququ təmin etdi. Məhz o, “erməni miflərini” tarixin zibilliyinə göndərdi.

İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağının anonsunu vermişdi və Vətən müharibəsinin başlandığı günə qədər – 17 il ərzində Azərbaycanı bu zəfərə hazırladı. Qüdrətli, daxili sabitliyin və inkişafın təmin edildiyi, geosiyasi arenada söz sahibinə çevrilən Azərbaycanı qurdu. İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi, sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı, Azərbaycanı beynəlxalq siyasətin həlledici oyunçusuna, enerji və nəqliyyat layihələrinin mərkəzinə çevirdi. Region və dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemi formalaşdırdıı. İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı. Və bütün bunlara paralel olaraq qüdrətli ordu qurdu. Prezident İlham Əliyev Zəfər gününü addım-addım yaxınlaşdırırdı.

Cəmi 44 gün bəs etdi ki, işğalçı Ermənistanın 4 ilə zəbt etdiyi və 30 ilə yaxın işğalda saxladığı ərazilərimizi azad edək. Cəmi 44 günə Ermənistan ordusu darmadağın edildi. Şuşaya üçrəngli bayrağımız sancıldı və işğalçı ölkə kapitulyasiyaya məcbur oldu. Və İlham Əliyev 2018-ci ildə Azadlıq meydanında keçirilən hərbi paradda bəyan etdiyi “Şuşaya sancılan qələbə bayrağınızı burada – Azadlıq meydanında hərbi paradda nümayiş etdirəcəyik” sözləri gerçək oldu.

İlham Əliyev həm də “yenilməz erməni ordusu”, “qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri” kimi erməni miflərini də alt-üst etdi. “Yenilməz erməni ordusu” Azərbaycan əsgərinin qarşısında diz çökdü, “qəhrəman erməni əsgəri” Azərbaycan əsgərinin qarşısında qaçdı, “görkəmli erməni sərkərdələri” arxalarına baxmadan “yoxa çıxdılar”.

Vətən müharibəsində ərazi bütövlüyümüz təmin edilsə də, Xankəndi və ətrafında erməni separatizmi hələ də qalırdı və bu, suverenliyimiz üçün ciddi təhdid idi. Separatçılar və havadarları ümid edirdilər ki, kənar oyunçuların dəstəyi ilə qondarma “dövlət” yarada biləcəklər. Hərçənd, bir qarış torpağımızı belə güzəştə getməyən Prezident İlham Əliyevin öz planı vardı və incə gedişlərlə regionun bəlasına çevrilən erməni separatizmini təslim olmağa məcbur etdi. Vətən müharibəsindən başlayaraq, Xankəndidə bayrağımızın dalğalanmasına qədərki 3 il ərzində Prezident İlham Əliyev suverenliyimizin bərpası məqsədilə tarixi planlarını həyata keçirirdi: Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədlərimiz tam bərpa olundu; Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi; separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı; reinteqrasiya prosesi ön plana çıxarıldı, erməni əhalisinin separatçıların girovluğundan xilas edilməsi istiqamətində addımlar atıldı; və nəhayət, antiterror tədbirləri ilə cəmi 24 saata separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi.

Döyüş meydanında Azərbaycanı qalib edən Prezident İlham Əliyev danışıqlar masasından da qələbə ilə qalxdı. 8 avqust Vaşinqton görüşü – sülh sazişi layihəsinin paraflanması, Zəngəzur dəhlizinin açılışının rəsmiləşməsi, rəsmi Bakının tələbələrinin qəbul edilməsi müharibəni qazanan Azərbaycanın sülhü də qazanması demıkdir.

Və tarix bir daha sübut edir ki, Azərbaycanın ən böyük xoşbəxtliyi İlham Əliyev kimi liderinin olmasıdır. Bu gün onun - müharibə meydanında bu ölkəni – bu milləti qalib edən Ali Baş Komandanın, siyasi meydanda Azərbaycanı daim zirvəyə daşıyan Prezidentin doğum günüdür. İlham Əliyev üçün ən böyük hədiyyə özünün əsəri olan ərazi bütövlüyü təmin edilmiş suveren Azərbaycandır!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm