Rusiya AZAL-ın təyyarəsini vurduğunu qəbul edir – Qəza ilə bağlı hesabatlar
Bizi izləyin

Nida Təhlil

Rusiya AZAL-ın təyyarəsini vurduğunu qəbul edir – Qəza ilə bağlı hesabatlar

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəzanın ildönümü tamam olsa da, yekun hesabat hələ də açıqlanmayıb. Hazırda qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırmanın davam etdiyi haqda məlumatlar var.

Qəza ilə bağlı iki araşdırma aparılır.

Biri beştərəflidir: Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən araşdırmada Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələri də iştirak edir.

Digəri üçtərəflidir: Azərbaycan, Qazaxıstan və Rusiya istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

Bu araşdırmalar yekunlaşmasa da, ilkin hesabat və aralıq bəyanat mövcuddur. Qazaxıstan bu ilin 4 fevral tarixində ICAO tələblərinə uyğun olaraq, ilkin hesabatı dərc edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixində mümkün olmadığı üçün Qazaxıstan aralıq bəyanat verib. Bəyanatda təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğradığı öz əksini tapır:

- Daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb;
- Təyyarəyə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd edilib.

Aralıq bəyanatda həmin silah sisteminin modeli barəsində məlumat qeyd edilməyib. Lakin bu silahın Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olduğu bəllidir. Bunu Rusiya prezidenti Vladimir Putin də dilə gətirib.

9 oktyabrda Düşənbədə Prezident İlham Əliyevlə görüşən Vladimir Putin bildirib ki, hadisə baş verən gün Rusiyanın hava məkanına müdaxilələr olub və hava hücumundan müdafiə sistemləri buna qarşı atəş açıb. Mülki təyyarə (AZAL-a məxsus təyyarə) hədəf kimi seçilməsə də, atəş açılan vaxt qəlpələrə tuş gəlib.

Bu, təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin atəşi nəticəsində qəzaya uğradığı faktının birbaşa bu ölkənin prezidenti tərəfindən rəsmi şəkildə bəyan edilməsidir. Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər-hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Bu faktlar yekun hesabatda öz əksini tapmalıdır. Qazaxıstan tərəfi növbəti mərhələdə tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq, yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

Rusiya tərəfi də prezident Putinin Düşənbədə bəyan etdiyi kimi, məsuliyyətini dərk edib baş vermiş hadisəyə görə Azərbaycana təzminatın ödənilməsini və günahkarların cəzalandırılmasını təmin etməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm