İsrail Türkiyə istehsalı olan bombalarla İrana hücum edir - DETALLAR
Bizi izləyin

Nida Təhlil

İsrail Türkiyə istehsalı olan bombalarla İrana hücum edir - DETALLAR

İranın Naxçıvana dron hücumuna qarşı Azərbaycanın sərt mövqe sərgiləməsi və Tehrana terror aktına görə məsuliyyət daşıyanların cəzalandırılması, baş verənlərə görə üzrxahlığın edilməsi tələbini irəli sürməsi molla rejimi ilə yanaşı, Türkiyədə də bəzi dairələrin narahatlığına səbəb olub. Türkiyə mediasında Azərbaycana qarşı başlanan total qarayaxma kampaniyasında bunu aydın görmək olur.

Türkiyə hakimiyyətinə yaxın media resurslarının da daxil olduğu kampaniyada Azərbaycan İrana qarşı sərt mövqeyinə görə itiham olunur, eyni zamanda, “İsrailə dəstək verdiyi” iddiaları irəli sürülür. Heç bir əsası olmayan qarayaxma kampaniyası daha öncə Qəzza məsələsində, eləcə də İranla İsrail arasındakı “12 günlük müharibə” zamanı da həyata keçirilirdi. Hazırda Türkiyə mediasında müşahidə edilən anti-Azərbaycan təbliğatı əvvəlki qarayaxma kampaniyasının davamıdır.

Qardaş ölkənin mediasında heç bir əsası, arqumenti olmayan “Azərbaycan İsrailə dəstək verir” iddialarını “saqqız kimi çeynədikləri” vaxt Türkiyə istehsalı olan 20 mindən çox hava bombasının İsrailə satıldığı faktı ortaya çıxıb.

“Röyters” agentliyinin məlumatına görə, Tramp Administrasiyası İsrailə 27 mindən çox bombanın daxil olduğu təxminən 660 milyon dollar dəyərində böyük silah satışı həyata keçirir. ABŞ Prezidenti bu məqsədlə “təcili silah satışı mexanizmindən” istifadə edib. Bu, silah satışını Konqresin icazəsi olmadan həyata keçirmək imkanı yaradır.

İsrailə satış üçün nəzərdə tutulan paketə hər biri yarım ton ağırlığında və 151 milyon dəyərində 12 min BLU-110A\B bombası, həmçinin, hər biri 250 kiloqram ağırlığında 10 min bomba və 5 min kiçik diametrli bomba daxildir.

Bu bombalar “Repkon USA” şirkəti tərəfindən istehsal olunur. Texas ştatının Garland şəhərində yerləşən şirkət Türkiyənin “Repkon” müdafiə sənayesi firmasının ABŞ-dakı törəməsidir. “Repkon” 2025-ci ildə müəssisəni ABŞ müdafiə sənayesi şirkəti olan General Dynamics”dən satın alıb. ABŞ-da MK-80 seriyalı bombaların korpusunu istehsal edə bilən yeganə müəssisə olaraq fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi korpuslar ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin geniş istefadə etdiyi JDAM dəqiq idarə olunan bombaların əsas komponentinə çevrilir. Şirkətin istehsal etdiyi bombalar İsrail tərəfindən Qəzzada da geniş istifadə olunur. Hətta amerikalı solçular Türkiyə şirkətinin Qəzzanın bombalanmasında iştirakına görə tənqid edirdilər.

Sual yaranır: Türkiyə mediasında heç bir əsası olmadan Azərbaycanı “İsrailə dəstək verən ölkə” kimi təqdim edənlər İrana qarşı İsrailin istifadə etdiyi bombaların türk şirkətinin istehsalı olduğunu bilirlərmi?

Eyni iddialara əsaslanan kampaniya Qəzza məsələsində də Azərbaycana qarşı aparılırdı, hətta “Qəzzanı bombalayan İsrail təyyarələrinin yanacağını Azərbaycan təmin edir” kimi absurd ittihamlar irəli sürülürdü. Halbuki, Azərbaycan nefti Bakıdan Ceyhana – Türkiyənin özünə daşınır, oradan tankerlərə yüklənir. Əgər Azərbaycan İsrailə neft satırsa, Türkiyə də bu satışda iştirak edir və payını alır. Və indi məlum olur ki, İsrailin Qəzzaya atdığı bombaların istehsalçı da elə Türkiyə şirkəti imiş. Türkiyə bunu təkzib edə, yaxud “məlumatımız yoxdur” deyə bilməz. Çünki adətən müdafiə sənayesi üzrə müqavilələrdə istehsal olunan silahları üçüncü ölkəyə satan zaman istehsalçının razılığının alınması şərti olur. Fakt təqdir edir ki, ABŞ Türkiyənin razılığı ilə onun istehsal etdiyi bombaları İsrailə satıb. İsrail də əvvəl Qəzzanı bombalayıb, indi İrana zərbələ endirir. Türkiyənin bütün bunlardan məlumatı var.

Türkiyədə isə hələ də heç bir əsası olmadan Azərbaycana qarşı total qarayaxma kampaniyası aparılır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm