ABŞ və İranın ağlasığmaz şərtləri: kim təslim olacaq?
Bizi izləyin

Nida Təhlil

ABŞ və İranın ağlasığmaz şərtləri: kim təslim olacaq?

ABŞ-ın İrana təklif etdiyi “15 maddəlik sülh planı” Vaşinqtonun geri çəkilməsi kimi qiymətləndirilir, Trampın iqtisadi çətinliklər fonunda üzləşdiyi vəziyyət də bu fikri gücləndirir. Lakin təkliflərin bəlli olan detalları fərqli mənzərə yaradır.

- Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərinin sökülməsi;
- Heç vaxt nüvə silahı hazırlamamaq barədə daimi öhdəlik;
- Zənginləşdirilmiş uran ehtiyatının Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsi, bundan sonra uranın zənginləşdirilməsindən imtina etmək;
- Nüvə fəaliyyətinə beynəlxalq nəzarəti qəbul etmək;
- Raketlərin sayı və mənzili ilə bağlı məhdudiyyətlər;
- Proksi qüvvələrə dəstəyə son qoymaq;
- Regional enerji obyektlərinə hücumlara son qoymaq;
- Hörmüz boğazının açılması;
- İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması və sanksiyaların yenidən tətbiq olunmasına imkan verən BMT mexanizminin ləğvi;
- ABŞ-ın Buşehr mülki nüvə stansiyasında elektrik enerjisi istehsalına dəstək verməsi;

Vaşinqtonun təklifləri İran üçün “təslim aktı” hesab oluna bilər. Bu təkliflərdə Tehranın yeganə qazancı sanksiyaların aradan qaldırılmasıdır. Mülki nüvə stansiyasında enerji istehsalına dəstək vermək də əslində ABŞ-ın buna nəzarət etməsi deməkdir. Digər təkliflər isə müharibənin başlanmasından öncə irəli sürülən tələblərin bu və ya digər formada təkrarlanmasıdır. Yeganə fərq müharibə başlayanda rejimin dəyişdirilməsi hədəfinin arxa plana keçməsi olduğu görünür.

Vaşinqtonun təklifləri kimi İran da qəbuledilməzi çətin olan şərtlər irəli sürür:

- ABŞ və İsrail tərəfindən təcavüz və qətlin tamamilə dayandırılması;
- Yenidən hərbi təcavüz edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması;
- Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi;
- Bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması;
- İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirməklə bağlı suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.

Hər iki tərəfin qəbul etməyəcəyi şərtlər irəli sürməsi müharibənin davam edəcəyi deməkdir. Hərçənd, media üzərindən yayılan tələblərin ictimai rəyə hesablandığı, arxa fonda həll yollarının tapılması səylərinin olduğu da istisna edilməməlidir. Müharibədə hər iki tərəf üçün yaranmış “çıxılmaz vəziyyət” də bu ehtimalı gücləndirir. Diplomatik təmasları “qərar anı” kimi də dəyərləndirmək olar, razılaşma olmayacağı təqdirdə, müharibə yeni mərhələdə və tərəflərdən birinin geri çəkilməsinə qədər davam edəcək. Geri çəkilən tərəfin ABŞ və İsrail olacağı hələ də ağlabatan deyil.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm