Qlobal müharibələr: Azərbaycan mütləq qalib olan tək ölkədir
Bizi izləyin

Nida Təhlil

Qlobal müharibələr: Azərbaycan mütləq qalib olan tək ölkədir

Qlobal müharibələr: Azərbaycan mütləq qalib olan tək ölkədir

ABŞ-İsrail və İran müharibəsi qlobal münaqişələr sırasında qalibin müəyyən edilmədiyi daha birini əlavə etdi. Müharibə başlayanda prosesin saatlar ərzində başa çatacağı və nəticənin əldə olunacağı gözlənilirdi, xüsusilə ABŞ-ın qlobal gücü fonunda belə bir ehtimalı olduqca yüksək görünürdü. Hərçənd, aktiv döyüşlər 40 günə qədər davam etdi və heç bir qalib müəyyən olunmadı. Əvəzində qlobal iqtisadiyyat ciddi böhranla üzləşdi.

Müharibənin başlanğıcında ABŞ və İsrailin İranın hərbi-siyasi rəhbərliyinə və hərbi infrastrukturuna zərbələr endirməklə istədiyinə nail olacağını düşünürdü. İran isə müharibəni regiona yaymaq taktikasından istifadə edərək, gərginlik coğrafiyasını genişləndirdi. Daha sonra Hörmüz boğazını bağlaması İranın ABŞ və İsrail qarşısında əlini gücləndirdi. Çünki boğazın bağlanması qlobal enerji bazarında kəskin qiymət artımlarına yol açdı və bu, enerji istehsakçısı olan, həmçinin, iqtisadi çətinliklə üzləşən çoxsaylı ölkənin anti-müharibə cəbhəsindən çıxış etməsinə zəmin yaratdı. Tərəflər 38 gün sonra atəşkəslə bağlı razılığa gəldilər.

38 gün davam edən müharibənin qalibi yoxdur:

- ABŞ və İsrail İranın hərbi potensialını böyük ölçüdə sıradan çıxarsa da, əsas hədəfinə - hakimiyyətin dəyişməsinə nail ola bilmədi. Əvəzində Yaxın Şərqdəki Amerika bazaları hədəfə çevrildi, eləcə də Vaşinqtonun qlobal güc imici müəyyən qədər də olsa zədələndi. Raket hücumlarına məruz qalan İsrail də ABŞ-la birlikdə müharibədən payını aldı.
- İranın yeganə nailiyyəti hakimiyyətin dəyişməməsidir, əvəzində verdiyi itkilərin miqyaslı dəhşətlidir: hərbi-siyasi rəhbərlik böyük ölçüdə sıradan çıxıb və bu, təkcə müqavimətin davam etdirilməsində yox, ölkənin idarəçiliyində də problemlər yaradır; bununla yanaşı, hərbi potensialı – donanma, raket arsenalı, müdafiə qabiliyyəti ciddi itkilərə məruz qaldı, həmçinin, infrastuktur və iqtisadi itkilərlə üzləşdi; ölkə onilliklər boyunca bərpası çətin olan vəziyyətlə üzləşib;

Bunun fonunda atəşkəs razılaşması kövrək olaraq qalır və mövcud vəziyyət müharibənin hər an yenidən başlaya biləcəyini deməyə əsas verir. Tərəflər iki həftə ərzində dayanmağa razılaşıblar. Bu müddətdə ABŞ və İsrail hücum etməyəcək, İran isə Hörmüz boğazından keçidi təmin edəcək. Hadisələrin gələcək inkişafını isə masadakı danışıqlar həll edəcək, hərçənd, sülh perspektivləri dumanlıdır.

Tərəflər danışıqlar masasına gəlməmiş atəşkəsin pozulduğu haqda məlumatlar yayılır, eyni zamanda, qarşılıqlı ittihamlar davam etdir. Bu vəziyyət, həmçinin, tərəflərin əvvəlki tələblərindən geri çəkilməməsi də ortaq məxrəcin tapılmasını çətinləşdirir.

Müharibə təkcə iştirakçılar – ABŞ, İsrail və İran üçün mənfi nəticələr yaratmadı, eyni zamanda, körfəz ölkələri və dünya iqtisadiyyat ciddi təhdidlərlə üzləşdi. Beynəlxalq Enerji Agentliyi müharibəyə görə Hörmüz boğazının bağlanmasını qlobal neft bazarı tarixində ən böyük təchizat kəsintisi olaraq qiymətləndirib.

Bütün bu itkilərə rəğmən, müharibənin nə qalibi var, nə də hər-hansı nəticə əldə olunub, əksinə, eksalasiya riski hələ də yüksək olaraq qalır.

İran müharibəsi yalnız bir nəticəni ortaya çıxardı: XXI əsrin bütün münaqişələrində və müharibələrində bir mütləq qalib var – Azərbaycan.

Əsrin əvvəlində təkrarlanan Əfqanıstan müharibəsi, ardınca İraqa beynəlxalq müdaxilə, 2010-cu ildə “ərəb baharı” ilə başlanan toqquşmaların qalibi olmadı, əvəzində humanitar və iqtisadi böhranlar yaşandı. 2022-ci ildə başılanan Rusiya-Ukrayna müharibəsi də analoji vəziyyətlə üzləşib. Dörd ildir davam edən müharibə hər iki ölkənin böyük itkilərinı, infrastrukturun məhvibə, iqtisadi çətinliklərə səbəb olub. Və müharibənin nə vaxt başa çatacağı da bəlli deyil.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər mütləq qələbə nümunəsi olaraq qalır. Və Azərbaycan təkcə XXI əsr müharibələrinin tək qalibi deyil, həm də II Dünya müharibəsindən sonra buna nail olan yeganə dövlətdir. Vyetnam (1955-1975) və Əfqanıstan (1979-1989) müharibələrinin nəticəsi bunu deməyə əsas verir.

Prezident İlham Əliyev ötən il Ağdama səfəri zamanı bu məsələyə diqqət çəkmişdi.

“Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq”, - dövlət başçısı bildirmişdi.

Tarixi faktlar Prezident İlham Əliyevin dediklərini sübut edir.

2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı çətin relyefə və 30 il ərzində düşmənin qurduğu keçilməz istehkamlara rəğmən, cəmi 44 gün ərzində azad etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. 2023-cü ildə isə ordumuzun 24 saatdan da az çəkən antiterror əməliyyatı nəticəsində suverenliyimiz bərpa olundu.

Azərbaycanın II Dünya müharibəsindən sonra dünyanın mütləq qalib ölkəsinə çevrilməsində əsas amil Prezident İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun qəhrəmanlığıdır. Azərbaycan qazandığı Zəfərlə qlobal nümunə də yaratdı: qələbə liderin milli maraqlara əsaslanan prinsipial siyasəti, ordunun rəşadəti və hədəfə çatmaq üçün doğru addımlarla irəliləməklə mümkündür. Prezident İlham Əliyev milli maraqlara əsaslanan doğru siyasəti ilə Azərbaycanı mütləq qalibə çevirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm