Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
Bizi izləyin

Nida Təhlil

Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm

Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm

Avropa siyasi dairələrinə aid olduğu iddia edilən videonun sosial şəbəkələrdə geniş müzakirəsi davam edir. Qeyd edək ki, kadrlarda BMT Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və onun oğlu Tomas Moreno Okamponun səsləndirdiyi bəzi fikirlər yer alır. Yayılan sensasiyalı materiallar Azərbaycana qarşı aparılan informasiya kampaniyasının miqyasını və arxasında dayanan qüvvələri yenidən gündəmə gətirib. Məsələ artıq təkcə ayrı-ayrı siyasi bəyanatlar deyil, müxtəlif mərkəzlərdən idarə olunan koordinasiyalı təzyiq mexanizmi kimi qiymətləndirilir. Xüsusilə beynəlxalq institutlar, diaspor şəbəkələri və xarici maliyyə axınlarının bu prosesdə rolu diqqət çəkir.

Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Elxan Şahinoğlu hesab edir ki, ortaya çıxan faktlar kampaniyanın planlı və uzunmüddətli strategiya əsasında qurulduğunu göstərir. Onun fikrincə, bu proses təkcə Azərbaycana deyil, bütövlükdə regionda siyasi sabitliyə yönəlmiş daha geniş məqsədlərə xidmət edir.

Politoloq bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyi ilə Avropa Parlamentinin yanaşması arasında ciddi ziddiyyət mövcuddur: “Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh yaratmaq istəyir və bu zaman Qarabağın Azərbaycan ərazisi olduğunu və ermənilərin Qarabağa geri qayıdışının əleyhinə olduğunu vurğulayır. Avropa Parlamenti isə Paşinyanın siyasətinə zidd olaraq ermənilərin Qarabağa geri qayıdışını tələb edir”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bu yanaşma Ermənistan daxilində siyasi gərginliyi artırır və seçkiöncəsi dövrdə Paşinyanın mövqelərini zəiflədir.

“Avropa Parlamenti bununla parlament seçkisi öncəsi Paşinyana da problem yaradır və Rusiyaya bağlı erməni radikalları Paşinyan əleyhinə gücləndirmiş olurlar. Halbuki, Nikol Paşinyan Ermənistanı Rusiyanın təsirindən çıxarıb Avropa qurumlarına inteqrasiyasına çalışır”, - deyə o vurğuladı.

Elxan Şahinoğlu diqqətə çatdırdı ki, Avropa strukturlarının öz daxilində də vahid mövqe yoxdur: “Ziddiyyət həm də ondadır ki, Avropa Komissiyası Azərbaycanla əməkdaşlığı genişləndirməyə, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın enerji resurslarından faydalanmağa çalışır. Avropa Parlamenti isə əksinə, Azərbaycanla münasibətləri gərginləşdirmək yolunu tutub”.

Onun sözlərinə görə, bu cür yanaşma Avropa İttifaqının regiondakı mövqelərinə də mənfi təsir göstərir.

“Təəssüf ki, Avropa Komissiyası Azərbaycanla əməkdaşlığın əhəmiyyətini Avropa Parlamentinə anlatmağa çalışmır. Bu gedişat Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaratmır”, - deyə o qeyd etdi.

Politoloq əlavə etdi ki, Qarabağın hüquqi statusu ilə bağlı məsələ artıq qapanıb və bu reallıq beynəlxalq səviyyədə qəbul olunmalıdır.

“Qarabağ Azərbaycan ərazisidir və ermənilər bölgəni könüllü tərk ediblər. Çünki onlar Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Belə olan halda ermənilərin Qarabağda yaşaması mümkün deyildi. Avropa strukturları bu sadə həqiqəti anlamaq istəmirlər. Halbuki, Avropanın istənilən dövlətində yaşayan biri həmin ölkənin qanunları ilə yaşamasa, dərhal deport edilər”, - deyə o fikrini yekunlaşdırdı.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm