Nida Təhlil
İrəvandan Bakıya gələn siqnallar: Paşinyan referenduma gedə biləcəkmi?
Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistandan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı müsbət siqnallar gəldiyini bildirib. Paraflanmış sülh müqaviləsi layihəsinin yekunlaşdırmağın yeganə yolu Azərbaycana qarşı ərazi iddialarının olduğu Ermənistan konstitusiyasından imtina edilməsidir. Ki, Paşinyan hakimiyyəti bunu etməyə hazır olduğunu, etmək istiqamətində işlədiyini açıq şəkildə bəyan edir.
Lakin hüquqi baxımdan Ermənistan hakimiyyətinin önündə əngəllər var. Ermənistanın mövcud konstitusiyasının 202-ci maddəsində qeyd olunur: “Deputatların üçdə biri və ya səsvermə hüququ olan 200 min vətəndaş konstitusiyanın qəbul edilməsi, yaxud dəyişdirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Parlament layihənin referenduma çıxarılması barədə qərarı deputatların üçdə ikisinin səsi ilə qəbul edir”.
“Vətəndaş müqaviləsi” partiyası seçkidə hökuməti formalaşdırmaq üçün lazım olan səsi qazansa da (64 deputat yeri), konstitusion çoxluğu – 105 mandatdan 70-ni əldə edə bilmədi. Bu baxımdan, Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı layihəni parlamentə təqdim edə bilsə də, referenduma getmək üçün əlavə 6 səsə ehtiyacı var. Bunun iki mümkün yolu görünür:
- ya müxalifətdən 6 deputatın səsini alacaqlar;
Mümkündür, lakin asan görünmür. Parlamentin ilk iclasında revanşistlərin verdiyi açıqlamalar müxalifətin referendumu əngəlləməyə çalışacağını deməyə əsas verir. “Güclü Ermənistan” fraksiyası referenduma imkan verməyəcəklərini bəyan etdi, “Ermənistan” fraksiyası da eyni mövqeyi paylaşır. Ermənistan hakimiyyətinin 6 deputat səsi üçün nələr edəcəyi, yaxud edə biləcəyi hadisələrin inkişafında ortaya çıxacaq.
- ya da konstitusiya çoxluğu üçün növbədənkənar seçkilərə getməlidirlər;
Bu, prosedur olaraq vaxt tələb edir, hərçənd, Ermənistan hakimiyyəti üçün yeni seçkilər sərfəli deyil. Son seçkidə Paşinyanın komandasının qalib olsa da, ötən seçkilərlə müqayisədə səs itirməsi riskin ciddiliyini göstərir.
Alternativ görünməsə də, Ermənistan hakimiyyətinin fərqli planının olduğu da istisna edilməməlidir. Seçkidən dərhal sonra ədliyyə naziri Srbuhi Galyanın açıqlaması bu ehtimalı ön plana çıxarır.
“Əslində üçdə iki tələbi hazırki konstitusiya ilə müəyyən edilir, lakin referendum xalqın birbaşa hüququdur”, - Galyan demişdi. Və nə demək istədiyini şərh etməsə də, bu, “Vətəndaş müqaviləsi” partiyasının “üçdə iki” maneəsini aşmaq üçün fərqli yollardan (indiki halda bunun nə ola biləcəyi müəmmalı olaraq qalır) istifadə edə biləcəyi versiyasını aktuallaşdırır.
Mövcud vəziyyətin Paşinyan üçün sərfəli olması şübhələri də gözardı edilməməlidir: konstitusiya çoxluğuna malik olmayan hakimiyyət Rusiya üçün daha az təhlükəlidir; Bakı və Ankara üçün Paşinyan konstitusiyanı dəyişdirə və yekun sülh sazişini imzalayacaq yeganə qüvvədir; ABŞ və Avropanın regional planlarında Paşinyana alternativ yoxdur; bütün tərəflərin maraqları Paşinyanın üzərində cəmlənir.
Bütün bunlar İrəvandan Bakıya müsbət siqnallar gəlsə də, yekun sülh sazişinin imzalanması və regionda yeni mərhələyə keçid ətrafında mürəkkəb vəziyyət yarandığını da düşünməyə əsas verir.
Asif Nərimanlı
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 12 Oktyabr 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO


















.jpg)













