Nida Təhlil
Türkiyə-Ermənistan sərhədində nə baş verir? - İrəvanın Bakıya qarşı planının şifrələri
Rusiyanın iqtisadi təzyiqləri qarşısında çətinlik çəkən Ermənistanın vəziyyətdən çıxmaq üçün iki istiqamətdə manevr etdiyi müşahidə edilir: bir tərəfdən, Kremlə loyallıq nümayiş etdirir, münasibətlərin davam etdirilməsində maraqlı tərəf kimi çıxış edir, digər tərəfdən, Avropanın müəyyən iqtisadi dəstəyi, eləcə də Azərbaycan və Türkiyə ilə ticarət əlaqələrinin genişləndirilməsi üzərindən itkilərini kompensasiya etməyə çalışır.
Bu, rəsmi İrəvanın Rusiya qarşısında zaman qazanmaq taktikası kimi görünür. Sual yaranır: Ermənistan “xilas yolunu” nədə görür və nəyə istinadən belə manevrlər edir?
Avrointeqrasiya kursunu izləyən Ermənistan hakimiyyətinin yeganə çıxış yolu Azərbaycanla yekun sülh sazişinin imzalanmasıdır. Yalnız bu halda Türkiyə ilə sərhədlərin açılması reallaşa, Avropa bazarına çıxışını təmin edə bilər. Bunun üçün Ermənistanın önündə bir məsələ dayanır: Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyanın dəyişdirilməsi;
Lakin Ermənistan hakimiyyətinin konstitusiya maneəsini aşmaq imkanı hələ də sual altındadır, eyni zamanda, “Paşinyan həqiqətənmi bu məsələni həll etmək istəyir” şübhələri var.
Birincisi, Paşinyan hakimiyyəti elan etdiyi yeni konstitusiyanın referenduma çıxarılması üçün parlamentdə tələb olunan “mütləq çoxluğa” malik deyil.
Son seçkilərdə hakim “Mülki müqavilə” partiyası hökuməti təkbaşına formalaşdırmağa yetərli olan səs faizini qazansa da, “konstitusion çoxluq” üçün parlamentin 3/2 hissəsinə nail ola bilmədi. Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbulunu parlamentin müzakirəsinə çıxara bilsə də, referenduma getmək müxalifətin dəstəyindən asılıdır. Ki, mandat sahibi olan revanşistlərin buna gedəcəyi ehtimalı sıfıra bərabər görünür. 64 mandata malik olan “Mülki müqavilə” əlavə 6 deputatın dəstəyini qazanmalı və konstitusion çoxluq olan 70 deputat səsi ilə referenduma getməlidir. Bu halda Ermənistan hakimiyyəti ya 6 deputat səsini müxalifətdən “oğurlamalıdır”, ya da növbədənkənar seçkilərlə şansını yenidən yoxlamalıdır. Birinci yol asan görünmür, ikinci yol isə “Mülki müqavilə” üçün risklidir. Bu baxımdan, yeni konstitusiyanın qəbulu üçün referendumun keçirilməsi mürəkkəb vəziyyət olaraq qalır.
İkincisi, Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbulunda nə qədər maraqlıdır?
Rəsmi İrəvanın sülh ritorikası fonunda bu sual qəribə görünə bilər, lakin vəziyyətin belə davam etməsi – yeni konstitusiyanın qəbul edilməsində maraqlı görünməsi, amma bunu rellaşdıra bilməməsi Paşinyanı bütün tərəflər üçün “lazımli fiqura” çevirir:
- Qərb – ABŞ və Avropa İttifaqı Paşinyanı onların maraqlarının təminatçısı olaraq dəstəkləməyə davam edir;
- Azərbaycan və Türkiyə sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və regional layihələrin icrasında yeganə oyunçu kimi Paşinyanla işləyir;
- Sülh istəsə də, yeni konstitusiya qəbul edə bilməyən Paşinyanın Rusiya üçün təhlükəsi azalır və Moskva da hakimiyyəti dəyişə bilməməsi reallığı fonunda erməni baş nazirlə davam etməyə pis variantların ən məqbulu kimi baxır;
Bu mənzərə Paşinyanın yeni konstitusiyanın qəbul edilməsindən daha çox, sülh prosesini tamamlayacaq “missioner” kimi qalmaqda maraqlı olduğu versiyasına diqqət çəkir. Və belə bir sualı aktuallaşdırır: Ermənistanın yeganə xilas yolu olan Azərbaycanla yekun sülh sazişinin imzalanması perspektivlərinin çətinləşməsi fonunda Paşinyan Rusiyanın iqtisadi təzyiqi qarşısında əslində nəyə ümid edir?
Məhz burada Ermənistan-Türkiyə sərhədində baş verənlər ön plana çıxır. İrəvan əvvəldən Ankara ilə münasibətlərin normallaşmasında, sərhədlərin açılmasında Bakı amilinin kənara qoyulması istəklərindən çıxış edib. Lakin Bakı və Ankaranın vahid mövqeyi, xüsusilə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyip Ərdoğanın prinsipiallığı Ermənistanın niyyətinin “arzu və istək” olaraq qalmasını təmin edir. Hətta Türkiyədə müəyyən qrupların sərhəd məsələsində Ermənistanın təklif etdiyi ssenarini – Azərbaycan maraqlarının nəzərə alınmamasını dəstəkləyənlər olsa da, Ərdoğanla Əliyevin siyasi iradəsi hadisələrin bu istiqamətdə inkişafına imkan verməyib. Son günlər müşahidə edilən proseslər isə Azərbaycan amili nəzərə alınmadan Türkiyə ilə sərhədin açılması istiqamətində yenidən aktivləşdiyini deməyə əsas verir.
30 avqust: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin xaricdəki diplomatik xidmət orqanlarının rəhbərlərinin iştirakı ilə Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsinə baş çəkdi. Ermənistan Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə bərpa edilən “Marqara” keçid məntəqəsini “sərhədin açılması üçün hər şey hazırdır” görüntüsü yaratmaq və Avropanın bu məqsədlə Ankaraya təzyiq etməsinə nail olmaq üçün təbliğat vasitəsi kimi istifadə edir. Mirzoyanın xaricdəki diplomatları başına toplayaraq, indi keçid məntəqəsinə gəlməsi də analoji təbliğatın yenidən aktivləşdiriləcəyi ehtimalını gücləndirir.
3-4 sentyabr: İrəvanda Ermənistan-Türkiyə Biznes Forumu keçirildi. Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Forumda çıxışı zamanı bildirdi ki, “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması nəticəsində yaranan iqtisadi əlaqələri və ticarət məsələlərini yerində əlaqələndirəcək nümayəndəliyin yaradılması üçün yer ayırmağa hazırdırlar”. Həmçinin qeyd edib ki, sərhəd keçid məntəqələri açılarsa, Van və İrəvan arasındakı 290 kilometrlik məsafəni 3-4 saata qət etmək mümkündür.
7 sentyabr: Ermənistanla sərhəddəki “Ani Ören Yeri”ni ziyarət edən CHP-nin Qars millət vəkili İnan Akgün Alp normallaşma prosesinin sürətləndirilməsinin vacibliyindən danışıb. Bəyan edib ki, “Azərbaycanla Ermənista arasındakı problemlərin davamlı sülhlə həll edilməsini, Türkiyənin təhlükəsizlik hövzəsinə çevrilməsini və Ermənistanla sərhəd ticarətinin başlanmasını tələb edirik”. O, Ani körpüsünü “sülh körpüsünə” çevirmək istədiklərini də vurğulayıb.
İrəvanda Ermənistan-Türkiyə Biznes Forumunun keçirilməsi, Necdet Takvanın verdiyi açıqlamalar və türkiyəli millət vəkilinin dedikləri o demək deyil ki, Ankara Bakının maraqlarını nəzərə almadan sərhədləri açmağa hazırlaşır. Əslində Takva İrəvanda dediyi “mən və rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin Ermənistanla bağlı milli siyasətini təmsil etmir” sözləri ilə ticarət əlaqələrinin Ankaranın milli siyasətini dəyişdirməyəcəyi mesajını verdi. Akgün Alp da sərhəddə “Azərbaycanla Ermənistan davamlı sülhə nail olmalıdır” sözləri ilə Ankara-İrəvan münasibətlərində Bakı amilinə diqqət çəkdi. Lakin bütün bunlar – Forumun keçirilməsi, verilən açıqlamalar Ermənistanın “Azərbaycan maraqları nəzərə alınmadan Türkiyə ilə münasibətlərinin normallaşması” tezisini qüvvətləndirə biləcək amillərdir. Rəsmi İrəvanın təbliğatı məhz bu kontekstdə qurması da belə düşünməyə əsas verir.
Ermənistan hakimiyyətinə yaxın media orqanlarının apardığı təbliğatda qabartdıqları tezislər xüsusilə diqqət çəkir:
- “Türkiyə-Ermənistan sərhədinin açılması tədricən xarici siyasət məsələsindən çıxır və yerli iqtisadi maraqlara çevrilir”;
- “Qars və Van kimi bölgələrdə biznesmenlər bölgə əhalisinin rifahı üçün sərhədin açılmasını tələb edir”;
- “Türkiyənin şərqi Ermənistanla ticarət əlaqələrinin faydalarından qazanır və bu, sərhəd məsələsini siyasi prosesdən kənarlaşdırır”;
Ermənistanın tezisləri Türkiyə ictimai rəyini manipulyasiya etməyə, xüsusilə şərq vilayətlərində “Azərbaycana görə ticarət imkanlarından məhrum olmusunuz” təbliğatını aparmağa hesablanıb. İrəvanda hesab edirlər ki, bu təbliğat nəticəsində ictimai tələblə üzləşəcək Türkiyə siyasi rəhbərliyi sərhədlərin qeyd-şərtsiz açılmasına meyllənə bilər.
Bütün bunlar Rusiyanın iqtisadi təzyiqindən xilas olmaq üçün Avropa bazarına çıxmağa can atan Ermənistanın Azərbaycanla sülhdən keçən çıxış yolunu deyil, Bakı amili olmadan sərhədlərin açılması istiqamətinə ağırlıq verdiyini, bu məqsədlə həm Avropada, həm daxili ictimai rəydə Türkiyə rəhbərliyinə təzyiq dalğasının yaradılmasına çalışdığını deməyə əsas verir. Bu mənzərə Bakı və Ankaranın proseslərə müdaxiləsi zərurətini yaradır.
Asif Nərimanlı
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ














.jpg)





















.png)



