Nida Təhlil
BMT-nin fəaliyyətsizliyi, Avropanın ikili standartları - Bakının mesajları nə deyir?
Azərbaycan Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyəti, Avropa Parlamentinin və Avropa Şurasının Azərbaycana münasibəti, eləcə də BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi ilə bağlı mühüm mesajlar verib. Dövlət başçısı beynəlxalq təşkilatların qərarlarının icra olunmamasının münaqişələrin davam etməsinə şərait yaratdığını vurğulayıb.
Publika.az mövzu ilə bağlı politoloq Elxan Şahinoğlunun fikirlərini öyrəndi.
Ermənistanın keçmiş rəhbərləri məsuliyyətə cəlb olunmalıdır
Prezident İlham Əliyev Ermənistanın əvvəlki rəhbərlərinin məsuliyyət məsələsinə toxunub.
Sitat: “Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar”.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın yürütdüyü siyasət Azərbaycanla Ermənistan arasında düşmənçiliyin dərinləşməsinə, müharibələrə və minlərlə insanın ölümünə səbəb olub.
Onun sözlərinə görə, Ermənistan və Qarabağ separatçıları separatçılığa başlamasaydılar, soyqırımlar törətməsəydilər, iki müharibə də baş verməz, xalqlar arasında normal qonşuluq münasibətləri formalaşa bilərdi.
Politoloq qeyd etdi ki, nəticədə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, separatçılıq siyasəti isə Ermənistanın özünə də heç bir fayda verməyib. Əksinə, bu siyasət iki dövləti düşmənə çevirib və minlərlə insanın ölümünə yol açıb.
Elxan Şahinoğlu vurğuladı ki, Prezident İlham Əliyevin Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı mövqeyi əsaslıdır. Onun fikrincə, həmin şəxslərin yalnız siyasətdən uzaqlaşması kifayət deyil, onlar cinayət məsuliyyətinə cəlb olunmalı və tarix qarşısında cavab verməlidirlər.
Politoloq əlavə etdi ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın keçmiş rəhbərlərlə mübarizə aparması, onlara qarşı müəyyən tədbirlər görməsi də yetərli deyil. Çünki həmin şəxslərin yenidən imkan qazanacağı təqdirdə iki dövləti müharibəyə sürükləmək və separatçılıq siyasətini davam etdirmək təhlükəsi qalır.

Avropa institutlarının Azərbaycana münasibəti: ikili standartlar
Prezident İlham Əliyev çıxışında Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana münasibətini də tənqid edib.
Sitat: “Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi”.
Elxan Şahinoğlu qeyd etdi ki, Avropada Azərbaycana münasibətdə ikili standartlar mövcuddur. Onun sözlərinə görə, Avropanın icra strukturları Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduqları halda, qanunverici orqanların Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirməsi ziddiyyət yaradır.
Politoloq bildirdi ki, Azərbaycanın enerji resursları, yaşıl enerji layihələri və Avropa ilə əməkdaşlıq imkanları ortadadır. Buna baxmayaraq, Avropa institutlarının müəyyən qurumlarının ölkəmizə qarşı mövqeyi əməkdaşlığın inkişafına mane olur.
Onun fikrincə, bu yanaşma Avropanın öz daxilində də ikitirəliyin mövcudluğunu göstərir.
BMT niyə münaqişələri həll edə bilmir?
Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasına diqqət çəkərək beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi üçün mexanizmlərin vacibliyini vurğulayıb.
Sitat: “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, BMT bu gün ciddi beynəlxalq problemlərin həllində yetərli təsir imkanlarına malik deyil. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verənlər, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi beynəlxalq təşkilatların münaqişələri dayandırmaqda üzləşdiyi çətinlikləri göstərir.
Elxan Şahinoğlu qeyd etdi ki, bunun əsas səbəblərindən biri BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında mövcud olan fikir ayrılıqlarıdır. Fərqli mövqelər vahid qərarların qəbulunu və onların icrasını çətinləşdirir.
Politoloq vurğuladı ki, məhz BMT-nin fəaliyyətsizliyi Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək üçün müstəqil addımlar atmağa məcbur edib.
Onun sözlərinə görə, 1990-cı illərdə Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icra olunmadı. Halbuki həmin sənədlər yekdilliklə qəbul edilmişdi. Azərbaycan nəticədə öz ərazi bütövlüyünü bərpa etmək üçün özü hərəkətə keçməli oldu.
Elxan Şahinoğlu hesab edir ki, BMT-də ciddi islahatlar aparılmadığı və qərarların icrasını təmin edən mexanizmlər yaradılmadığı təqdirdə təşkilatın mövcud münaqişələrin həllində effektiv rol oynaması çətin olaraq qalacaq.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO






































