Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bizi izləyin

Nida Təhlil

Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...

Ermənistanın ikibaşlı "sülh siyasəti" -  Azərbaycanın tələblərini qəbul etməsə...

“Ermənistan rəhbərliyinin son dövrlərdə sülhlə bağlı verdiyi açıqlamalarda diqqət çəkən əsas məqam bəyan edilən niyyətlərlə real mövqe arasındakı ziddiyyətdir. Nikol Paşinyan özünü sülh tərəfdarı kimi təqdim edir və sülh müqaviləsinin yaxın zamanda imzalana biləcəyini bildirir. Lakin sülh prosesinin başlanmasından altı ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də yekun razılaşmanın əldə olunmaması suallar doğurur”.

Bunu Publika.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi. Onun sözlərinə görə, sülhün əldə olunması üçün əsas məsələlər üzrə razılığın təmin edilməsi vacibdir:

“Sülh müqaviləsinin ilin sonunadək və ya bir neçə ay ərzində imzalanmasının mümkünlüyü barədə açıqlamalar verilir. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü şərtlərin Ermənistan tərəfindən tam şəkildə qəbul edilməməsidir. Həmin şərtlərə Ermənistan konstitusiyasının dəyişdirilməsi, Azərbaycanın anklavlarının qaytarılması, regional kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlərin həlli daxildir.

Paşinyanın açıqlamalarına diqqət yetirdikdə görünür ki, Ermənistan rəhbərliyi bir tərəfdən sülhə hazır olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycanın irəli sürdüyü tələblərin qəbul edilməsinə məsafəli yanaşır. Hətta Azərbaycanın sülh üçün əlavə şərtlər irəli sürməməli olduğu fikri səsləndirilir. Ermənistan tərəfi Azərbaycanın tarixi məsələlərə istinad edərək ərazi iddiaları irəli sürməməli olduğunu vurğulayır. Lakin bu yanaşma qarşılıqlı öhdəliklər və mövcud problemlərin həlli məsələlərini arxa plana keçirir”.

Politoloq qeyd etdi ki, kommunikasiyaların açılması məsələsində də oxşar ziddiyyət müşahidə olunur:

“Ermənistan tərəfinin bütün yolların açılmasını ön plana çəkməsi TRIPP layihəsinin - Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətini arxa plana keçirə bilər. Halbuki Azərbaycan üçün əsas məsələ yalnız kommunikasiyaların açılması deyil, həm də Türkiyə ilə əlaqəni təmin edəcək marşrutun xüsusi əhəmiyyətinin və nəzərdə tutulan imkanlarının qorunmasıdır. Bütün yolların ümumi əsaslarla açılması isə bu marşrutun Azərbaycan üçün nəzərdə tutulan xüsusi üstünlüklərini təmin etməyə bilər.

Digər mühüm məsələ Azərbaycanın anklavlarının qaytarılmasıdır. Bu kontekstdə Qazax rayonunun işğal altında qalmış kəndlərinin taleyi də diqqət mərkəzindədir. Səkkiz kənddən dördünün qaytarılmasından sonra qalan dörd kəndin məsələsinin həll olunmaması ərazi məsələlərinin hələ də tam tənzimlənmədiyini göstərir”.

T. Rzayev qeyd etdi ki, digər diqqət çəkən məqamlardan biri Ermənistanın hazırkı siyasətinin əvvəlki rəhbərliyin yanaşması ilə oxşarlığıdır:

“Əgər Ermənistan tərəfi Azərbaycanın tələblərini qəbul etmir və mövcud vəziyyəti qorumağa çalışırsa, bu, mahiyyət etibarilə əvvəlki status-kvonun saxlanılması siyasətindən ciddi fərqlənmir. Əvvəlki Ermənistan rəhbərliyinin də əsas problemlərin həllinə razılıq verməməsi və sülh istiqamətində real addımlar atmaması münaqişənin uzanmasına səbəb olan amillərdən idi.

Bununla yanaşı, sülh prosesində həllini gözləyən digər mühüm məsələlər də mövcuddur. Bunlara müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi, Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kompensasiya məsələlərinin həlli və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması daxildir. Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması nəticəsində ölkəyə ciddi iqtisadi və ekoloji zərər dəyib, infrastruktur dağıdılıb və böyük həcmdə maddi itkilər yaranıb.

Azərbaycan bu tələblərin irəli sürülməsi üçün hüquqi və mənəvi əsaslara malikdir. Əsas məsələ qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, mövcud problemlərin həlli və bəyanatların konkret nəticələrlə müşayiət olunmasıdır”.

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm