Erməni lobbisinin seçki qələbəsi: Bakı-Vaşinqton xəttində yaranacaq risklər
Bizi izləyin

Nida Təhlil

Erməni lobbisinin seçki qələbəsi: Bakı-Vaşinqton xəttində yaranacaq risklər

Erməni lobbisinin seçki qələbəsi: Bakı-Vaşinqton xəttində yaranacaq risklər

Demokratların aralıq seçkilərinin nəticəsinə görə Konqresdə (Senat və Nümayəndələr Palatası) üstünlük əldə etməsi ABŞ-ın təkcə daxili yox, xarici siyasəti ilə bağlı da müəyyən dəyişikliklərin olacağı gözləntisini yaradır. Doğrudur, Tramp prezident kimi xarici siyasətə rəhbərlik edəcək və ABŞ prezidentinin veto hüququnun olması ona müəyyən üstünlüklər verir. Lakin Prezident Donald Trampın manevr imkanlarının məhdudlaşacağı, eyni zamanda, Konqresdə demokratların xarici siyasətə müdaxilə cəhdlərinin artacağı, öz maraqlarına uyğun kursun ön plana çıxmasına çalışacağı bəllidir.

Bu seçkilərin nəticələri – respublikaçıların məğlubiyyəti ABŞ-Azərbaycan münasibətlərinə, ümumilikdə Cənubi Qafqazdakı proseslərə mənfi təsiri istisna edilməməlidir. Demokratların yanaşması bunu deməyə əsas verir. Məsələ təkcə demokratların daxili işlərə müdaxilə siaysətindən ibarət deyil, əsas problemlərdən biri ermənipərəst yanaşma, regiona Ermənistanın pəncərəsindən baxmaq cəhdləridir. Sonuncu dəfə Bayden Administrasiyasının bu təcrübəni yaşadıq.

- Qarabağda suverenliyimizin bərpası prosesində demokratlar həm qaunvericilik, həm administrasiya müstəvisində Azərbaycana qarşı mövqe sərgilədilər;
- Zəngəzur dəhlizi layihəsində İrəvanın gündəliyindən çıxış edirdilər; ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycana qarşı 907-ci düzəliş yenidən aktivləşdirildi;


Bütün bunlarr demokratların ABŞ xarici siyasətində aktivliyinin Azərbaycanla münasibətlərə mənfi təsirinin bir neçə nümunəsidir.

Konqresə nəzarət edən demokratların ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirəcək bu fəaliyyəti yenə davam etdirəcəyi istisna deyil. Bu riski yaradan əsas amillərdən biri də Konqresdə ermənipərəstlərin sayının artmasıdır. Əslində demokratların ABŞ-da administrasiya və qanunverici orqanlara rəhbərliyi dövründə Azərbaycana qarşı siyasətin təməlində dayanan amillərdən biri məhz erməni lobbisinin təsiri olub. Son seçkinin nəticələri də erməni lobbisinin təsir imkanlarının güclənməsinə şərait yaradır. Çünki ANCA-nın (Amerika Erməni Milli Komitəsi) dəstəklədiyi namizədlərin əksəriyyəti qalib gəldi. Erməni komitəsi ümumilikdə 64 namizədə (7-si Senat, 57-ci Nümayəndələr Palatası) dəstək verirdi. Senata dəstəklədiyi 7 namizədin hamısı, Nümayəndələr Palatasına dəstəklədiyi namizədlərin 50-si qalib gəldi.

Təcrübə təsdiq edir ki, ANCA-nın dəstəyi ilə seçilən siyasətçilərin Azərbaycana qarşı fəaliyyət göstərmək öhdəliyi var. ABŞ-Azərbayca münasibətlərinə mənfi təsir edən bəyanatların səslənməsi, qərarların verilməsi də bir çox halda bundan qaynaqlanır. Son seçkidə qalib gələn namizədlər də anti-Azərbaycan siyasət izləyəcəklərini gizlətmir. Misal üçün, Senata seçilən ilk müsəlman amerikalı Əbdül Əl-Səid qələbəsinə görə ANCA-ya təşəkkür edir. Qələbə çıxışında Tramp Administrasiyasının Azərbaycana hərbi yardımını tənqid edib. İddia edib ki, Tramp administrasiyasının Azərbaycana qeyd-şərtsiz hərbi yardımı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. O, senator kimi fəaliyyətində “erməni xalqının sülh, ləyaqət, təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcəyini də vəd edib”.

Müsəlman olmasına baxmayaraq, Əbdül Əl-Səidin erməni yalanlarına xidmət etməsi erməni diasporu/lobbisinin ABŞ siyasətinə təsir imkanlarını ortaya çıxarır.

Senata seçilən Kris Pappas da belə nümunələrdəndir. ANCA tərəfindən xidmətlərinə görə “A” kateqoriyası üzrə qiymətləndirilən Pappas “Qarabağ erməniləri” və Bakıda həbsdə olan erməni əsilli cinayətkarların müdafiəçisidir. Bu şəxs ANCA-nın dəstəyi ilə qalib gəldi və məlumdur ki, erməni diasporu/lobbisinin tapşırıqlarını Senatda icra edəcək. ANCA-nın dəstək verdiyi digər namizədlərlə bağlı da vəziyyət eynidir.

Administrasiya respublikaçılarda olsa da, Konqresə nəzarət edən demokratların Azərbaycana qarşı erməni maraqlarına uyğun siyasəti aktivləşdirəcəyi aydın görünür.

1. 907-ci düzəlişin yenidən aktivləşdirilməsi;
2. “Qarabağ ermənilərinin hüquqları” iddialarının gündəmə gətirilməsi;
3. Bakıda sübuta yetirilmiş hərbi cinayətlərə görə həbsdə olan ermənilərin azad edilməsi;


Konqresin erməni şəbəkəsi bu məqsədlə Tramp Administrasiyasına təzyiq etməyə çalışacaq. Məsələ təkcə bu istəklərinə nail olub-olmamaq yox, seçki kampaniyasında ANCA-nın dəstəyi qarşılığına götürdükləri öhdəliyin icra edilməsidir. Bu vəziyyət Tramp Administrasiyasına da çətinlik yaradacaq.

Mövcud nəticələrin əsas səbəbi Tramp Administrasiyasının səhvləridir, xüsusilə amerikalı seçicilərin anti-müharibə seçimini dəyərləndirə bilməmək baxımından. ABŞ seçiciləri 4 ildə öz seçimləri ilə müharibə istəmədiklərini göstərirlər. 2022-ci ildə başlanan Ukrayna müharibəsində demokratların (Bayden Administrasiyası) Kiyevə maliyyə və hərbi dəstəyi 2024-cü ildə seçkini uduzmaları ilə nəticələndi. Respublikaçıların (Tramp Administrasiyası) qələbəsini şərtləndirən də müharibəyə qarşı sərgilədikləri mövqe idi. Anti-müharibə tezisləri ilə seçkini udan respublikaçıların iki il sonra Konqresə aralıq seçkilərində məğlubiyyətlə üzləşməsi də məhz müharibədən qaynaqlanır. Vitse-prezident Ceyms Devid Vens d etiraf etdi ki, “uduzmağımızın səbəbi müharibədir”. Çünki ABŞ seçiciləri müharibənin mənfi təsirlərini gündəlik həyatlarında hiss edirlər. İran müharibəsinə görə ABŞ-da yanacaq qiymətlərinin artması, eləcə də yaşayış xərclərinin bahalaşması bunun son nümunəsidir. Seçicilər etirazlarını öz seçimləri ilə nümayiş etdirdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm