40 milyon soydaşımızın ana dili həsrəti və İranın assimilyasiya siyasəti
Bizi izləyin

Nida Təhlil

40 milyon soydaşımızın ana dili həsrəti və İranın assimilyasiya siyasəti

40 milyon soydaşımızın ana dili həsrəti və İranın assimilyasiya siyasəti

Müəllimin “böyüyəndə nə olacaqsan” sualına biri “doktor”, digəri “müəllim”, o biri “polis” cavabını verən uşaqların ana dilində şirin danışığı bütün izləyənlərin könlünü oxşayır, həm də 40 milyon soydaşımızın əsrlərdir tapdanan hüquqlarını göz önünə gətirir. Azərbaycan dilində danışan bu məktəblilər İrandakı soydaşlarımızdır. Onlar öz aralarında doğma azərbaycanca danışsa da, kitabları, dəftərləri, öyrəndikləri hərflər, yazdıqları cümlələr, bir sözlə bütün təhsil fars dilindədir. Ona görə yox ki, məktəblilər doğma dillərini bilmir, ona görə ki, ana dilində təhsil almaq hüququndan məhrum ediliblər.

Bu məhrumiyyət şirin Azərbaycan dilində danışan uşaqlara atalarından, atalarına babalarından, babalarına da öz atalarından qalan ağrılı “mirasdır”. Nə az, nə çox, düz 200 ilə yaxındır ki, Arazın cənubundakı soydaşlarımız ana dilini yalnız öz aralarında danışmaqla, övladlarına öyrətməklə qoruyub saxlaya biliblər. Ana dilində nə məktəbləri var, nə də qəzetləri. Orta məktəbdə təhsil almaq, universitetə qəbul olunmaq, daha sonra işləmək üçün fars dilini bilmək məcburiyyətindədirlər. Hətta doğma Azərbaycan dilində danışmaları bir çox hallarda süni şəkildə əngəllənir.

Ötən əsrin 30-cu illərində başlanan “mədrəsə ləhcəsi” qadağaları bunun ən bariz örnəklərindən olub. Pəhləvinin hakimiyyətə gəlişindən sonra azərbaycanlıların məktəblərdə və işdə, bir sözlə ictimai yerlərdə doğma dillərində danışmalarına qarşı cəzalar tətbiq edilməyə başlandı. 1940-cı illərdən 80-ci illərə qədər bu cəzalar daha da sərtələşdirilib. Misal üçün, məktəblərin dəhlizlərində, yaxud tənəffüs zamanı uşaqların bir-biri ilə doğma Azərbaycan dilində danışmaları qadağan edilmişdi. Bu qadağanı pozan uşaqları cəzalandırmaq üçün məktəbələrdə “cərimə qutuları” quraşdırılmışdı, ya da fiziki cəzalar verilirdi.

1979-cu ildə İranda inqilab baş verəndə azərbaycanlılar ana dilində təhsil haqlarının təmin ediləcəyinə inanırdılar. Hakimiyyətə gələn qüvvələr də bununla bağlı vədlər vermişdi. İnqilabın baş verdiyi ildə qəbul edilən İran Konstitusiyasına milli azlıqların ana dilində təhsil alması və mətbuat orqanı çıxarması daxil edilib. Konstitusiyanın 15-ci maddəsində qeyd olunur: “İran xalqının rəsmi və ümumi dili və yazısı fars dilidir. Rəsmi sənədlər, yazışmalar, rəsmi mətnlər və dərsliklər bu dildə və yazıda olmalıdır. Lakin yerli və etnik dillərdən mətbuatda və kütləvi informasiya vasitələrində istifadə edilməsi, habelə onların ədəbiyyatının məktəblərdə fars dili ilə yanaşı tədris edilməsi sərbəstdir”.

Lakin inqilabdan sonra da soydaşlarımızın ana dilində təhsil hüququ yalnız kağız üzərində qaldı. Hətta bununla da yekunlaşmadı, Pəhləvilər dövründə azərbaycanlıların doğma dilində danışmasına qarşı qoyulan qadağalar inqilabdan sonra qeyri-rəsmi formada davam etdirildi. Dövlət idarələrində, banklarda, xəstəxanalarda Azərbaycan dilində danışmaq faktiki olaraq, qadağandır. Hakimiyyət bu qadağaları təkzib etsə də, məhkəmə proseslərində real vəziyyət çılpaqlığı ilə ortaya çıxır. İran Cinayət Prosessual Məcəlləsinin 202-ci maddəsində qeyd olunur ki, iddiaçı, təqsirləndirilən şəxs və ya şahid fars dilini bilmədikdə məhkəmə tərcüməçi təyin etməlidir. Praktikada isə qanunun tələbi nəzərə alınmır. Azərbaycan dilində danışanlar hakimlər tərəfindən aşağılanır, onların etirazları “məhkəməyə hörmətsizlik” kimi rəsmiləşdirilir.

Milli fəal Abbas Lisaninin məhkəmə prosesi bunun ən məşhur nümunələrindəndir. Doğma dilində ifadə vermək istəyən Lisani məhkəmədə bildirirdi ki, “fars dilində fikirlərimi doğru ifadə edə bilmirəm, konstitusiyanın 15-ci maddəsinə əsasən öz dilimdə müdafiə olunmaq hüququm var”. Hakimlər bunu “məhkəməyə hörmətsizlik” və “separatizm” kimi qiymətləndiriblər.

2024-cü ildə həbs edilən Rahir Nəqəvi, Ayaz Seyfxah, Kərəm Mərdanə kimi azərbaycanlı fəallar da məhkəmə prosesində eyni hallarla üzləşib. Azərbaycanlı fəal Əlirza Fərşi isə “Beynəlxalq Ana Dili Günü”ndə uşaqlara azərbaycan dilində kitab payladığı üçün “milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamı ilə ağır şəkildə cəzalandırılıb. İranda ana dilini müdafiə edənlərin “casusluq” və “separatçılıq” ittihamı ilə həbs ediləsi adi hala çevrilib. Hətta ana dilinin təbliğinə görə verilən cəza qatilə verilən cəzadan daha ağırdır: qətl törətmiş şəxs 7,5 il həbsə məhkum edilir, ana dilini təbliğ edənlər 8 il. Soydaşlarımız ana dildə təhsil tələblərinə görə mütəmadi olaraq kütləvi həbslərə də məruz qalırlar. Belə hallar əsasən Təbrizin “Traktor” futbol klubunun oyunları zamanı yaşanır. Doğma dildə təhsil hüquqları ilə bağlı şüarlar səsləndirən azarkeşlər oyundan dərhal sonra kütləvi şəkildə həbs edilir.

İranda soydaşlarımızın övladlarına milli adlar qoyması da qəti şəkildə qadağan edilib. Hətta milli ad qoyulmuş uşaqlara pasportun verilməsindən imtina edilir, xəstəxanada müalicə olunmalarına belə icazə verilmir. Bununla bağlı hakimlərin “övladınıza fars dilində ad qoyun, iş bağlansın” dediyi çoxsaylı məhkəmə prosesi var.

İaşə obyektləri ilə bağlı da vəziyyət eynidir. Əgər bir azərbaycanlı işlətdiyi mağazaya, yaxud şirkətinə milli ad qoyarsa, İctimai Nəzarət İdarəsi (Amakin) dərhal müdaxilə edir, obyekti, yaxud şirkəti möhürləyərək, fəaliyyətinə imkan vermir. Zaman-zaman İran hakimiyyətinin rəsmi və qeyri-rəsmi təbliğat resurslarında dilimizin aşağılanması (2006-cı ildə fars dilini başa düşməyən soydaşlarımızın “tarakana bənzədilməsi”, 2015-ci ildə dövlət televiziyasının “Fitilə” uşaq proqramında azərbaycanlı uşağın dişini tualet fırçası ilə təmizləməsini əks etdirən təsvirlər və s.) siyasəti də həyata keçirilir. Bu siyasətin hədəfi digər milli azlıqlarla müqayisədə əsasən, azərbaycanlılardır. 40 milyon azərbaycanlının ana dilində təhsil hüququ təmin edilməyən İranda yarım milyona yaxın erməninin 50-dən çox məktəbinin olması faktı hər şeyi izah edir.

Azərbaycan dilini “küçə və məişət ləhcəsi” kimi təqdim etməyə çalışan İranın əsas məqsədinin soydaşlarımızın doğma dillərini unutdurmaq olduğu aydın görünür. Ana dilində təhsil hüququnu təmin edilməməsi ilə yanaşı, müxtəlif yerlərdə - idarələrdə, məhkəmələrdə, yaxud ictimai ərazilərdə Azərbaycan dilində danışanların sıxışdırılması buna hesablanıb. Halbuki, bütün bu məhrumiyyətlərə, təzyiqlərə və həbslərə rəğmən, soydaşlarımız ana dilini unutmur, unutdurmur. Məktəbli uşaqların doğma dillərində şirin danışığı bunun bariz nümunələrindəndir. İran üçün ən uyğun addım öz konstitusiyasının 15-ci maddəsinin tələbinə uyğun olaraq, soydaşlarımızın ana dilində təhsil hüququnu təmin etməkdir. Yalnız bu halda azərbaycanlıların İran dövləti daxilində bərabərhüquqlu vətəndaş kimi yaşaması mümkün olar. Əks təqdirdə tarix 40 milyon azərbaycanlının əsarətdən qurtuluş mübarizəsinə şahidlik edəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm