Nida Xəbər
Bu sənəd əsasında beş yol xəritəsi işlənib hazırlanıb - Savelyev
Biznes onun üçün dövlət tərəfindən şəraitin yaradıldığı yerdə daha yaxşı inkişaf edir. Bu başlıca prinsip iki ölkənin səylərinin ikiqat nəticə verdiyi dövlətlərarası iqtisadi əməkdaşlıq səviyyəsində isə lap yaxşı işləyir.
Bu sözləri Azərtac-ın müxbirinə müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
-Bu günlərdə Moskvada Rusiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın sayca 17-ci iclası keçirilib. Dmitri İvanoviç, siz bu strukturun əhəmiyyətini necə qiymətləndirirsiniz?
-Xatırladım ki, komissiya artıq iyirmi ildən çoxdur - 1996-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində ölkələrimizin qarşılıqlı əmtəə dövriyyəsinin səviyyəsini müqayisə etsək, nə qədər uzun yol qət edildiyinin, nə qədər böyük işlər görüldüyünün şahidi olarıq. Şəksiz ki, Azərbaycan dünyada sahibkarlıq ruhunun çox güclü olduğu ölkələrdən biridir. Azərbaycanlı tərəfdaşlarla işləmək Rusiya biznesinə həmişə rahat olub. Ticari-iqtisadi əməkdaşlığın səmərəliliyi və bunun üçün əlverişli şəraitin yaradılması bir çox baxımdan Hökumətlərarası Komissiyanın xidmətidir, axı o, iqtisadi inkişafın ən qarşılıqlı faydalı sahələrinin potensialını üzə çıxarır və bu yoldakı maneələri aradan qaldırır. Təbii ki, ölkələrimizin münasibətlərinin, o cümlədən iqtisadi münasibətlərinin inkişafının baza vektorunun təməli prezidentlər səviyyəsində qoyulur. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev bu ilin sentyabrında Soçidə görüşəndə bir sıra sənədlər imzalayıblar. Bu sənədlərdən biri Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının prioritet istiqamətləri haqqında Birgə Bəyanatdır. Bu sənəd əsasında beş yol xəritəsi işlənib hazırlanıb. Həmin xəritələrdə ticarət, nəqliyyat, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması və müştərək müəssisələrin yaradılması, habelə humanitar əməkdaşlıq sahələrində ölkələrimizin qarşılıqlı fəaliyyəti ətraflı şərh edilib.
-Bu istiqamətlərin hər biri barədə ümumi məlumat verə bilərsinizmi?
-Ölkələrimizin başçılarının qarşıya qoyduqları əsas vəzifələrdən biri kənd təsərrüfatı məhsulları ticarətini genişləndirməkdir. Görülən tədbirlər nəticəsində Azərbaycanın 20-dən çox müəssisəsi Rusiyaya maneəsiz ət və süd məhsulları ixrac etmək hüququ qazanıb. 2018-ci ilin birinci yarısında Azərbaycandan Rusiyaya meyvə idxalı 70,6 faiz, tərəvəz idxalı 10,3 faiz artıb. İstixana təsərrüfatlarının tikintisi və istismarında ixtisaslaşan Azərbaycan mütəxəssisləri Nevinnomıssk şəhərində istixana şəraitində tərəvəz yetişdirilməsi üzrə birgə layihə həyata keçirirlər. Qarşılıqlı təchizatların həcmi də artır. Təkcə Stavropol diyarı hər il Azərbaycana bir milyon tondan çox taxıl satır. Rusiya bazarı Azərbaycan malları mağazalarının açılmasına hazırdır. Gələn il Moskvada iki Azərbaycan şərab evinin, daha sonra belə şərab evlərinin Yekaterinburq və Sankt-Peterburqda açılışı planlaşdırılır.
Energetika sahəsində “Rosneft” və SOCAR şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunun dibinin - “Qoşadaş” yatağının və Abşeron yarımadasında dənizin dayaz sulu hissəsinin şimalındakı yataqların neft və qaz potensialının birgə öyrənilməsi barədə saziş imzalayıblar. “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikintisi planlaşdırılıb ki, bu da Rusiya ilə Azərbaycanın enerji təhlükəsizliyinə öz töhfəsini verməlidir.
Nəqliyyat sahəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət yetiriləcək. Bu dəhliz nəinki Rusiya ilə Azərbaycanın tranzit imkanlarını xeyli artıracaq, həm də ticari-iqtisadi əlaqələri genişləndirəcək. Hazırda nəqliyyat dəhlizinin ayrı-ayrı hissələrində işlər aparılır. Məsələn, gələn il sərhəddəki Samur çayı üzərindən birgə körpünün inşasını başa çatdırmaq, habelə “Yaraq-Qazmalar” sərhəd məntəqəsinin buraxılış qabiliyyətini artırmaq üçün onu yenidən qurmaq nəzərdə tutulur.
-Şübhəsiz, Hökumətlərarası Komissiyanın iclasında birgə sənaye müəssisələrinin yaradılması məsələləri də müzakirə olunub?
-Şübhəsiz. Azərbaycan öz neft emalı və neft-kimya sahələrini maksimum qazanclı etmək üçün son vaxtlar qazdan gübrə, neftdən neft-kimya məhsulları, polipropilen və polietilen hazırlanması üzrə iri layihələr həyata keçirir. Ölkələrimizin bu sahədə də birgə nailiyyətləri var: Pirallahı Sənaye Parkında Rusiya-Azərbaycan müştərək əczaçılıq şirkəti müvəffəqiyyətlə fəaliyyət göstərir. Gələn il şirkət əczaçılıq zavodunda qablaşdırma xəttini işə salacaq. Artıq SOCAR ilə müştərək “Polymer” layihəsinin həyata keçirildiyi Sumqayıt Kimya Sənaye Parkı ərazisində polipropilen qurğusu işləyir, yüksək təzyiqli polietilen qurğusu isə işə salınmağa hazır vəziyyətdədir.
Gəncə avtomobil zavodunda artıq bir neçə ildir KamAZ və “Ural” yük maşınları yığılır. Hacıqabul Sənaye Məhəlləsində də bu cür yığma istehsalatı yaradılacaq, amma Azərbaycanın özünün avtomobil zavodunun inşa olunması perspektivi ilə bu dəfə aztonnajlı QAZ avtomobilləri yığılacaq. Bundan əlavə, neft-qaz sahəsinə, habelə kənd təsərrüfatı texnikası və dəmir yolu vaqonları üçün avadanlıq istehsalına dair planlar var.
-Bəs geniş oxucu auditoriyasına aydın olmayan “büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması” termininin arxasında nə gizlənir?
-Həqiqətən, rəqəmsallaşdırmanı izah etmək bir o qədər də asan məsələ deyildir, amma bu sahədə birgə layihələr elektron fakturaların və əlavə xərclərin tətbiqindən tutmuş vergi borcunun ödənilməsi və hüquqi şəxslərin dövlət elektron qeydiyyatı üzrə təcrübə mübadiləsinə qədər əməkdaşlığın bir çox istiqamətlərində sənəd dövriyyəsini sinxronlaşdırmaqda Rusiya və Azərbaycana kömək edəcək. Bütün bunlar ölkələrimizin daha operativ qərar qəbul etmələrinə və informasiya mübadiləsi aparmalarına imkan verəcək. Bu da müasir dinamik dünyada çox əhəmiyyətlidir, çünki dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların tətbiqi zamanın hökmüdür.
-Humanitar sahədə Rusiya-Azərbaycan əməkdaşlığı birgə turizm biznesinin inkişafına iqtisadi baxımdan necə təsir göstərir?
-Bu ilin doqquz ayında Azərbaycana gələn rusiyalı turistlərin sayı 2017-ci ilin oxşar dövrü ilə müqayisədə 20 faiz artıb, ilin sonunda isə ölkələrimiz arasında turizm axını təqribən 2 milyon nəfərə çatacaq. Azərbaycan Yessentuki şəhərində “İstoçnik” sanatoriya-turizm mərkəzinin, habelə Jeleznovodsk və Kislovodskda sanatoriya-mehmanxana komplekslərinin tikintisinə xeyli vəsait yatırır, çünki azərbaycanlı turistlər adətən Qafqaz Mineral Suları kurortlarında istirahət etməyi çox sevirlər.
Ancaq humanitar sahə bir çox digər məsələləri, məsələn, miqrasiya sahəsində əməkdaşlığı, gələcəkdə Azərbaycanda Rusiya institutlarının filiallarının açılmasını da nəzərdə tutur. Hələ Rusiyanın ali məktəblərində 11 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını demirəm. Hətta mədəni mübadilə və ya sərgi fəaliyyəti kimi istiqamətlər də iqtisadiyyatla sıx bağlıdır. Məsələn, bir il əvvəl Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb, bu ilin mayında Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub. Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yenidən qurulması tam sürətlə gedir. Bütün bunlar ölkələrimizin vətəndaşlarının bir-birini daha yaxından tanımalarına imkan verir, Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
-Hökumətlərarası Komissiyanın iclasında Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının yekunlarına dair hansı məsələlər müzakirə edilib?
-Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin vurğulayıb ki, 2018-ci ildə Rusiya-Azərbaycan əməkdaşlığı yüksəliş dövrü yaşayıb. Bütün əsas istiqamətlərdə çox mühüm addımlar atılıb və ticari-iqtisadi münasibətlərin inkişafı üçün zəmin yaradılıb. Görülən işlərin nəticələrini konkret rəqəmlər göstərir: 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsi təqribən 35 faiz artaraq 2,5 milyard dollara çatıb, 2018-ci ilin on ayının yekunlarına görə isə 1,99 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 20 faizdən çoxdur. Dinamika idxal və ixrac üzrə müəyyən olunur. Bu isə o deməkdir ki, münasibətlərimiz qarşılıqlı faydalıdır. Perspektivdə Rusiya və Azərbaycan əmtəə dövriyyəsinin 10 milyard dollara qədər artmasına nail olmaq niyyətindədirlər.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Rusiya iqtisadiyyatına bir milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollardan çox sərmayə yatırıblar. Rusiyanın investisiyaları, ilk növbədə, aqrar sahəyə yönəldilib, çünki nəhəng Rusiya bazarı Azərbaycandan çox böyük həcmdə kənd təsərrüfatı məhsulları qəbul edə bilər. Azərbaycanın sərmayələri isə əsas etibarilə Rusiya ərazisində daşınmaz əmlak və ticarətə istiqamətlənib.
Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən protokol imzalanıb. Sənəddə komissiyanın gələcək fəaliyyətinin istiqamətləri müəyyən olunub, humanitar sahədə, habelə ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığı genişləndirmək nəzərdə tutulub.
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı