Politoloq: İlham Əliyevin fəaliyyəti böyük diplomatik qərarların qəbul olunmasına öz təsirini göstərdi
Bizi izləyin

Nida Xəbər

Politoloq: İlham Əliyevin fəaliyyəti böyük diplomatik qərarların qəbul olunmasına öz təsirini göstərdi

Mürəkkəb dünyada baş verən proseslər fonunda Azərbaycanın sabit və davamlı inkişafı Prezident İlham Əliyevin 15 illik dövlət quruculuğu siyasətinin bariz nəticəsidir.

Bunu politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, yeni dünya nizamının qurulması prosesi, iqtisadi böhranlar, terror təhlükəsinin yayılması, Rusiya, İran və Türkiyə kimi böyük qonşularımızla digər güc mərkəzləri arasında nüfuz savaşının şiddətlənməsi, enerji bazarları və nəqliyyat-kommunikasiya marşrutları uğrunda amansız rəqabət, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda qeyri-konstruktiv mövqeyi, beynəlxalq təşkilatlarda ikili standartlar səbəbindən Azərbaycana qarşı ədalətsiz mövqe və s. Prezident İlham Əliyevin rəhbərliyə başladığı dövrdən ölkəmizi və regionu əhatə edən problemlərin yalnız bir hissəsidir.

Politoloq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin prezidentlik dövrü beynəlxalq siyasətdə "soyuq müharibə"nin başa çatmasından sonrakı müddəti və güc mərkəzləri arasında daha çox Rusiyanın zəif bənd olması, İranın sanksiyalar altında olması dövrünü əhatə edirdi: "Həmin dövrün də özünəməxsus çətinlikləri var idi. İlham Əliyevin prezidentlik dövrü isə Yaxın Şərq və Cənubi Qafqazda, eləcə də digər bölgələrdə Azərbaycanın üç böyük qonşusu - Rusiya, İran və Türkiyənin yeni güc mərkəzi formalaşdırmaq cəhdlərinin Vaşinqtonun maraqları ilə toqquşması, Azərbaycanın ağır geosiyasi seçim qarşısında qalaraq balanslı siyasət həyata keçirmək yolu ilə təhlükələrdən mümkün qədər təcrid olunma səyləri ilə səciyyəvidir".

N.Məmmədova əlavə edib ki, müasir dünyada müsəlman ölkəsinin lideri olmaq xüsusilə çətindir: "Azərbaycan Prezidenti sivilizasiyalararası toqquşmalar fonunda öz tolerantlıq modelini təbliğ edən dövlətimizə qarşı müəyyən güc mərkəzlərinin və onların nəzarətində olan beynəlxalq təşkilatların təzyiqindən, ikili standartlarından ölkəmizi qoruyur".

Politoloq bildirib ki, dövlətimizin başçısının əzmkar fəaliyyəti ilə ötən 15 il nəinki ölkəmiz, regionumuz, həm də bütün dünya üçün çox mühüm hadisələrlə, qərarların qəbul olunması ilə yadda qaldı. Prezident İlham Əliyevin fəaliyyəti nəhəng beynəlxalq iqtisadi layihələrin, böyük diplomatik qərarların, bəyanatların qəbul olunmasına öz təsirini göstərdi:

"Ümummilli lider Heydər Əliyevin hakimiyyət illəri separatçılığın, silahlı dövlət çevrilişinin qarşısının alınması ilə yadda qaldısa, İlham Əliyevin hakimiyyəti ölkədən qaçaraq xaricdə siyasi sığınacaq tapan və ölkəmizə qarşı baş qaldıran separatçıların, eləcə də özünü müxalifət adlandıran bəzi şəxslərin yenidən təşkilatlanması, ölkəmizə və iqtidara qarşı virtual savaş kampaniyaları ilə müşahidə olunur. Əbədiyaşar Prezident Heydər Əliyevin başladığı qlobal enerji bazarlarına çıxış siyasətini İlham Əliyev uğurla davam etdirir. Sivilizasiyalararası toqquşmanın dünyanın ən nüfuzlu alimləri, beyin mərkəzləri, hətta dövlət rəsmiləri tərəfindən etiraf edildiyi bir dövrdə Azərbaycan buna əks alternativ olaraq tolerantlıq, multikulturalizm kimi dəyərləri dövlət siyasəti elan etdi. Beynəlxalq səviyyəli idman, mədəniyyət tədbirləri keçirməklə dünyanı təkcə enerji boru kəmərləri ilə, Çindən Avropayadək uzanan Bakı-Tbilisi-Qars dəmir yolu, Rusiyadan Hindistanadək uzanan nəqliyyat yolları ilə deyil, eyni zamanda, mədəniyyət, idman kimi mənəvi dəyərlərlə birləşdirdiyini göstərdi".

N.Məmmədova deyib ki, Prezident İlham Əliyevin Azərbaycan dövləti adından imza atdığı sənədlər dünyada beynəlxalq hüquq prinsiplərinin aliliyinə hörmət edilməsinə çağırışla yanaşı, mötəbər beynəlxalq təşkilatların qərarlarına hörmət edilməsinin vacibliyini də təsbit etmiş oldu. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm