Nida Xəbər
"Ermənistanda elə zənn etməsinlər ki..." - Baş Qərargah rəisi ilə MÜSAHİBƏ
Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov "Milli Məclis" jurnalına geniş müsahibə verib. Azərbaycan ordusunda son illərdə aparılan islahatlar və döyüş meydanında əldə olunan nailiyyətlər barədə danışıb, Ermənistanın indiki rəhbərliyinə mesajlar verib. Bu, belə demək olar ki, Nəcməddin Sadıqovun ilk geniş müsahibəsidir. Həmin müsahibənin stenoqramını təqdim edirik:
– Cari ildə 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ötən dövr ərzində həyata keçirilən səmərəli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən yaxşı təchiz edilmiş və döyüş qabiliyyətli ilk 50 ordusu sırasına daxil olub. Ordu quruculuğu sahəsində görülən işlər və əldə edilən nəticələr haqqında nə söyləmək olar?
– Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordunun əsaslı şəkildə yenilənməsi kursunu tutmaqla müdrik qərar qəbul etdi. Ölkə başçımız bu çətin vəzifəni yüksək hazırlıqlı, bilikli və tələbkar rəhbər olan general-polkovnik Zakir Həsənova tapşırdı. Respublikada bu gün hər kəs, hətta skeptik köklənmiş müxalifətçilər belə ordumuzun qısa müddət ərzində böyük nəticələr qazandığını etiraf edir. Bütün birləşmə və hərbi hissələrin döyüş hazırlığı və döyüş qabiliyyəti ən yüksək səviyyəyə qaldırılıb. Birləşmə, hərbi hissə və əlahiddə bölmələrin dislokasiya yerlərinin infrastrukturu inşa edilib və ya 80 faiz yenilənib. Şəxsi heyətin məişət şəraiti, qidalanması, geyim forması ilə təmin edilməsi və digər bütün təminat növləri ilə bağlı problemlər tam həcmdə həllini tapıb.
Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətin diqqət və qayğısı sayəsində son illər 1400-dək hərbi qulluqçu Bakı, Gəncə və Naxçıvan şəhərlərində daimi mənzillə təmin edilib, ölkənin digər bölgələrində isə 2000-dək hərbi qulluqçuya xidməti mənzillər verilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin edilməsi nəzərdə tutulub.
Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycanda bütün sahələrin inkişafına güclü təkan verdi və hərbi xərcləri ciddi şəkildə artıran Prezidentimiz dərhal ordunun ən müasir silah və texnika nümunələri ilə təchizatına istiqamət götürdü. Bu istiqamətdə artım gələn ildə də gözlənilir. 2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3 milyard 37 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,6 faiz çoxdur.
Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılır. Ordumuzun müasir silah və hərbi texnika ilə təchiz edilməsi, həmçinin onun yüksək döyüş ruhu bu gün təcavüzkar erməni işğalçıları üzərində böyük üstünlüyə nail olduğumuzu deməyə imkan verir.
Ölkədə vətənpərvərlik görünməmiş həddədir. Biz ona nail olduq ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətdən keçir, o cümlədən qadınlar həvəslə hərbi xidmətə qoşulurlar, orduda müddətdən artıq həqiqi hərbi xidmət edən vətəndaşların sayı isə 21 min nəfərə çatıb.
Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi, habelə Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibəti ilə keçirilən paradlar ordumuzun bütün gücünü və qüdrətini bir daha nümayiş etdirdi. Həmin paradlarda tərəfimizdən 240 ədəddən artıq hərbi texnika, gəmi, 70-dən çox uçuş vasitəsi, ən müasir zirehli texnika, ən yeni raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər və pilotsuz uçuş aparatları nümayiş etdirildi.
Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində ölkəmizin iqtisadi inkişaf tempi böyük rol oynadı. Dinamik iqtisadi inkişafla yanaşı, güclü ordunun yaradılması müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir.
– Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu nümayiş etdirdi. Bununla bağlı nə deyə bilərsiniz?
– 2016-cı ilin aprelində bütün bu deyilənlər sözdə deyil, döyüşdə nümayiş etdirildi. Aprel əks-həmlə əməliyyatı Silahlı Qüvvələrdə keçirilən islahatların nə qədər uğurlu olduğunu növbəti dəfə sübut etdi. Bu əməliyyatda ordumuzun əsas məqsədi qoşunların təmas xəttinin bilavasitə yaxınlığında yerləşən, Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutan erməni silahlı birləşmələrinin atəş mövqeləri və nöqtələrinin məhv edilməsi idi. Biz dinc əhalinin təhlükəsizliyinin təmin edilməsinə çalışırdıq və bu məqsədə nail olduq. Dinc əhalini atəşə tutan düşmən nəinki məhv edildi, hətta üstünlük təşkil edən yüksəklik və mövqelərdən də çıxarıldı. Qoşunların genişmiqyaslı iştirakı olmadan belə biz işğal edilmiş 2000 hektardan çox ərazini azad etdik, eyni zamanda, Ağdərə-Madagiz və Horadiz-Cəbrayıl istiqamətlərindəki ərazinin böyük bir hissəsini və yolları əməliyyat nəzarətinə götürdük.
Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin rəşadətinə ən yüksək qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi. Onun “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi” deyərək səsləndirdiyi fikirlər sizin sualınıza tam cavab verir.
Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi növbəti dəfə idrakın səsinə qulaq asmadı, münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ona verilmiş fürsətdən istifadə etmədi və danışıqlarda yenidən qarşıdurma yolunu seçdi.
2018-ci ildə rəşadətli ordumuz ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar Naxçıvan torpağını azad edərək bir daha qəhrəmanlıq və şücaət göstərdi. Böyük həcmdə mühəndis və kəşfiyyat işi aparıldı. Naxçıvan əməliyyatı yüksək ustalıq və peşəkarlıqla həyata keçirildi. Biz düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu güclüdür və onun qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır.
Bu gün Ermənistanın daxilində yaranmış çətin siyasi vəziyyəti nəzərə alaraq, Prezidentimiz Ermənistan Respublikası hökumətinin yeni başçısına fürsət verir ki, düşünsün və Azərbaycanın zəbt edilmiş torpaqlarını sülh yolu ilə azad etsin. Ermənistanda hər kəs anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən əmrini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə hazırdır və işğal edilmiş əraziləri azad etməyə qadirdir. Ermənistanda elə zənn etməsinlər ki, vaxtı uzatmaqla danışıqlardakı status-kvonu qoruyub saxlaya biləcəklər.
– Azərbaycan güclü müdafiə sənayesi yaradıb. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. İstehsal edilən rəqabətə davamlı məhsullar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
– Uzaqgörən və hörmətli Prezidentimizin qayğısı ilə müdafiə təyinatlı hərbi sənayenin ən müasir infrastrukturu yaradılır. Biz hərbi təyinatlı məhsulların tamamilə xaricdən alınmasından asılı ola bilmərik. Qısa müddət ərzində respublikamızda hərbi texnikanın, silahların, döyüş sursatlarının, hərbi-texniki əmlakın və təchizatın, yüksək keyfiyyətli əşya və ərzağın ən müasir nümunələrinin istehsalı həyata keçirilir. Azərbaycanda 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda ordumuzun təchiz olunduğu 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal edilir. Eyni zamanda, biz hərbi təyinatlı məhsulları Yaxın Şərq, Cənubi-Şərqi Asiya, Afrika və Avropanın 10-dan çox ölkəsinə ixrac edirik. İxrac olunan məhsulların həcmi ildən-ilə artır.
Bununla yanaşı, Azərbaycanda güclü zirehli maşınlar da istehsal olunur. Bu zirehli maşınlardan şəxsi heyət üçün nəqliyyat vasitəsi, səyyar komanda məntəqəsi, gözətçi avtomobillər və s. kimi istifadə edilir.
Bizim zərbə və döyüş-kəşfiyyat pilotsuz uçuş aparatları dünyada geniş şöhrət qazanıb. Yeni nəsil “Zərbə” pilotsuz uçuş aparatı özünün ən yüksək texnoloji səviyyəsi və imkanları ilə böyük heyranlıq doğurur.
Mən başqa ölkələrdə rəsmi səfərlərdə oluram. Orada qoşunları və hərbi zavodları ziyarət edərkən müdafiə təyinatlı məhsullarımızın xarici analoqlarından nəinki geri qalmadığının, hətta onları üstələdiyinin şahidi oluram. Təsadüfi deyil ki, Cənubi Koreya, İraq, Afrika ölkələri də Azərbaycandan silah alıcıları sırasındadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsullar dünyanın ən yüksək standartlarına cavab verir.
2014-cü ildən Azərbaycanda “ADEX” Beynəlxalq müdafiə sərgisi keçirilir. Regionda təşkil olunan böyük, genişmiqyaslı bu tədbir Azərbaycanın müdafiə sənayesi kompleksinin, müasir silah və avadanlığın gücünü, qüdrətini nümayiş etdirmək üçün geniş imkanlar açır.
“ADEX” dünya bazarlarına ixrac üçün təklif edilən hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə hərbi texnikanın ən yeni nümunələri, müasir müdafiə texnologiyaları ilə tanış olmaq imkanı yaradır. Artıq bu sərgi silahların ən son nümunələrinin nümayişi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində sazişlərin imzalanması üçün gözəl platformaya çevrilib. Son “ADEX-2018” sərgisi cari ilin sentyabr ayında Bakıda keçirilmiş və xeyli sayda xarici ölkələrdən olan müdafiə sənayesi şirkətləri və müəssisələrini cəlb etmişdir.
– Respublikamız bir çox ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı uğurla davam etdirir. Bu əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?
– Regionun xüsusiyyətləri, siyasi durum və cəbhəboyu zonadakı vəziyyət nəzərə alınmaqla, həmçinin düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədi ilə Azərbaycan Ordusunun silahlanmasına inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.
Prezidentimizin qərarı ilə Azərbaycan bu gün Rusiya, Belarus, Ukrayna, Çin kimi ənənəvi tərəfdaşları ilə yanaşı, NATO-ya üzv ölkələr – Türkiyə, İspaniya, Böyük Britaniya, habelə İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə ən fəal şəkildə əməkdaşlıq edir. Bizim hərbi-texniki əlaqələrimiz ən yüksək səviyyədə, strateji maraqlara cavab verən istiqamətdə inkişaf edir. Hərbi-texniki əməkdaşlıq üzrə fəaliyyət göstərən daimi komissiyalar fəal işləyir.
Bundan əlavə, Azərbaycan Ordusunun hərbçiləri xarici ali hərbi məktəblərdə və kurslarda təhsil alır, müxtəlif mütəxəssislərin və xüsusi təyinatlı qüvvələrin yarışlarında, eləcə də sərgilərdə və forumlarda, sülhyaratma əməliyyatlarında, nazirlər və baş qərargah səviyyəsində keçirilən iclas və konfranslarda fəal iştirak edirlər.
Bu, bizim yüksək nüfuzumuzdan, dünyadakı mürəkkəb hərbi-siyasi vəziyyətin istənilən çağırışlarına cavab vermək və ən çətin məsələləri həll etmək bacarığımızdan xəbər verir. Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən bütün tədbirlərdə biz lazımi təcrübə toplayır, vərdiş və peşəkarlığımızı artırırıq.
Bu yaxınlarda mən ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons ilə görüşərkən o, bizim Əfqanıstandakı sülhməramlı qüvvələrimizə ən yüksək qiymət verərək vurğuladı ki, Azərbaycan hərbçiləri nümunəvi xidmətləri ilə bu ölkədə həyata keçirilən missiyada fərqlənirlər.
– Azərbaycan Ordusunun səciyyəvi xüsusiyyətlərindən biri də yüksək vətənpərvərlik ruhudur. Məhz bu mühüm keyfiyyət ordunun döyüş qabiliyyətində öz əksini necə tapır?
– Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir və güclü silah və hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu, hərbi-vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığı, psixoloji dayanaqlığı və intizamı bu gün, həqiqətən də, yüksək səviyyədədir.
Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bütün birlik, birləşmə, hərbi hissə və bölmələrdə şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsi və mənəvi-psixoloji hazırlığı istiqamətində məqsədyönlü iş aparılır.
Azərbaycan Ordusunun şəxsi heyətinin hərbi-vətənpərvərlik tərbiyəsinin əsas keyfiyyətləri Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanına, Konstitusiyaya və hərbi borca sədaqət; nümunəvi davranış və xidmət yoldaşları ilə dostluq münasibətlərinin qurulması; özünə qarşı tələbkarlıq və qarşıya qoyulmuş tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi kimi yüksək qabiliyyətlərin formalaşdırılmasıdır.
Bu gün Azərbaycan Ordusunda, o cümlədən müdafiənin ön xəttində hərbi xidmət keçmək üçün optimal şərait yaradılıb. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli iş aparılır. Hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi xidmətin nüfuzu, ölkə və xalq qarşısında öz borcunun yerinə yetirilməsi tələbatı təbliğ olunur, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir, ordu ilə cəmiyyət arasında əlaqələrin genişləndirilməsinə yönəldilən “Açıq qapı” günləri və bir sıra digər tədbirlər həyata keçirilir.
Bu gün Azərbaycan Ordusunun dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət və media nümayəndələri ilə əməkdaşlığının inkişafına böyük əhəmiyyət verilir.
Biz cəmiyyət üçün açığıq. Bu baxımdan Azərbaycan Ordusunun fəaliyyəti, ordu quruculuğunda aparılan islahatlar, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, habelə hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində tərəfimizdən görülən işlər barəsində ictimaiyyətin məlumatlandırılmasına xüsusi diqqət yetirilir.
-
Rəsmi xronika09:34
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq