Nida Xəbər
İbrahimov qayıtdı və sensasion açıqlamasını şərh etdi
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimovun Axar.az-a müsahibəsini təqdim edirik:
- Son açıqlamanız kifayət qədər rezonans yaratdı. Xüsusən, “düşmən” ifadəniz. Bunu necə başa düşmək olar?
- Dediyim fikirlərim təhrif olunub, bu işdə jurnalistin müəyyən səhvi olub. Jurnalist də bunun üçün hətta məndən üzr istəyib. İnsandır da, səhv olanda olur. Kimlərsə bu müsahibəni ortaya salıb, bundan bəhrələnməyə çalışırlar. Bu sözləri bugünkü parlamentdə olan həmkarlarıma şamil etməmişəm. Keçmişdə ifadəsini işlətmişəm, təəssüf ki, bu söz ora əlavə edilməyib və ona görə də müsahibədən guya bu sözləri indiki deputatlara şamil etdiyim fikirləri ortaya çıxıb. İndiki parlamentdə müxalifətdən olan deputat yoldaşlarımın hamısı çox gözəl, yüksək səviyyədə qanunlara münasibətlərini bildirirlər və çox konstruktiv danışırlar. Mən belə adamların düşmən olması barədə niyə hər hansı bir ifadə işlətməliyəm?
Yadınızdadırsa, keçmişdə müxalifətdən seçilən elə adamlar vardı ki, parlamentdə oturub təkcə tənqid yox, təhqir də edir, fərqli ifadələr işlədirdilər. Mən də bunu ad çəkmədən, ümumiləşdirərək fikir bildirmişəm. Bunun kimə şamil olunmasını heç kim bilmir, o, mənim ürəyimdə olan bir şeydir. Kimlərsə bu məsələni hallandırmağa çalışır. Mən özüm də başa düşə bilmirəm ki, burada nə baş verir? Müsahibədə siyasi partiyaların adını çəkməmişəm. Bütün siyasi partiyalarda olan adamların, onların sədrlərinin çoxunu tanıyıram. Mən hər zaman barışdırıcı adam olmuşam. Hər zaman milli birlik baxımından danışmışam. Fikrimi indi hara və niyə yozduqlarını anlamıram.
- Eldar müəllim, sizin cəmiyyətdə müəyyən bir nüfuzunuz var, 5 çağırışdır parlamentdə deputat kimi təmsil olunursunuz, üstəlik, YAP-ın ilk üzvlərindən birisiniz. Fikirlərinizin kimlərsə tərəfindən yozulduğunu dediniz. Sizcə, belə bir addımın arxasında hansı məqsəd dayana bilər?
- Mən 1990-cı ildən, yəni təxminən 30 ilə yaxındır millət vəkiliyəm. Açığını desəm, mənim düşmənim və ya istəməyənim yoxdur. Əksinə, hər kəs xətrimi çox istəyir, çünki ağsaqqal adamam, müxalifət və iqtidardan hər kəslə yaxşı münasibət saxlayıram. Mənim bir məqsədim var. Bu gün biz – müxalifət və iqtidar - bir olmalıyıq. Hər iki düşərgədə təmsil olunanlar azərbaycanlıdırlar. Bir yerdə olmağımız bütöv Azərbaycan deməkdir. Hər zaman barışdırıcı mövqeyi müdafiə etməyin tərəfdarı olmuşam. Doğrudur, bəzən tənqid də olur. Ola bilər ki, bir ifadə işlədirsən və jurnalist onu düz tutmayıb, bir qədər şiddətləndirir.
Açığını desəm ki, sanki bu mənim qismətimdədir. Bundan öncə bir dəfə də Bolqarıstana səfərdən öncə müsahibə vermişdim və orada səsləndirdiyim müəyyən ifadələr belə şişirdilmişdi. İndi də Türkiyəyə yüngül bir problemlə əlaqədar həkimə getməzdən öncə verdiyim müsahibədə də oxşar şeylər baş verdi. Əslində mən özümə söz vermişdim ki, kimə müsahibə verirəmsə, mətn dərc edilmədən öncə özüm də onunla tanış olmalıyam. Doğrudur, bəzən olur burada da jurnalist müəyyən ifadələri doğru tuta bilmir. Bir daha deyirəm ki, mən bu müsahibəmdə qərəzli danışmamışam. Mən ümumi siyasi həmrəylik, ümumi siyasi mənafe kontekstindən kənara çıxmamışam.
- Birlik zamanı olduğunu deyirsiniz. Bunu nəyə əsaslanıb söyləyirsiniz? Ölkəmiz üçün hər hansı təhlükə var, ya nədənsə şübhələnirsiniz?
- Heç bir təhlükə yoxdur. Biz hamımız Azərbaycan vətəndaşıyıq. Hörmətli Əli Həsənov da hörmətli Prezidentin fikirlərini çox düzgün şəkildə təqdim və şərh etdi. Hörmətli Prezidentimiz seçiləndə dedi ki, mən hər bir azərbaycanlının prezidentiyəm. Prezidentimiz Yeni Azərbaycan Partiyasının sədridir. Mən Prezidentimiz, partiyamızın dediyi bu sözdən sonra nə haqla deyə bilərəm ki, biz ayrıyıq? Müxalifət də, iqtidar da azərbaycanlılardan ibarətdir və birlikdə olanda güclü oluruq. Mən belə baş düşürəm və bilirəm. Mən nəyə görə burada kiməsə düşmən deməliyəm? Sadəcə, jurnalist mənə keçmişdə olan şeylə bağlı sual verdi və mən də sualdan qaçmadım. Baş verənlərin keçmişdə olduğunu dedim, sadəcə o, “keçmiş” sözünü yazmayıb və ona görə də sözlərimin indikilərə də şamil olunduğu fikri yaranıb. Mən hazırkı deputat yoldaşlarımdan çox razıyam. Bu şəxslərin hamısı sağlam insanlardır. Açığını desəm, onların hamısı yüksək hörmət etdiyim insanlardırlar. Heç vaxt qərəzli adam olmamışam. Mənim üçün yalnız Azərbaycan və azərbaycanlılar, dövlətim və xalqım var.
- Sizin bəyanatınız, eləcə də Siyavuş Novruzovun eks-nazirlərlə bağlı sərt açıqlamasından sonra sosial şəbəkələrdə bir sıra fikirlər yayılmağa başladı. Belə təəssürat yarandı ki, YAP-ın daxilində hansısa fikir ayrılıqları var...
- YAP-ın daxilində heç bir çəkişmə, yaxud fikir ayrılığı yoxdur. Siyavuş müəllimin dediklərindən mənim xəbərim yoxdur. Belə çıxır ki, o da mənimlə eyni zamanda müsahibə verib. Bu gün gecə saatlarında Bakıya gəlmişəm və açığını desəm, Siyavuş Novruzovun müsahibəsini oxumamışam, sadəcə kimlərdənsə nəsə fikirlər eşitmişəm. Bu, Siyavuş müəllim öz fikridir. Novruzovun da, mənim də tək məqsədimiz dövlətçilikdir. Biz hər zaman milli mənafelərdən danışırıq. Bilirsiniz ki, mən parlamentdə o qədər də çox danışmıram. Daha çox öz sahəm üzrə - kənd təsərrüfatı, iqtisadiyyat üzrə danışıram və siyasətə o qədər də girişmirəm. Belə deyək ki, buna o qədər ehtiyac da olmur. Yenə də deyirəm dövlətimi, xalqımı sevən adamam və bu dövlətin qurulmasında mənim əməyim var. İndi mən nəyə görə xalqı ayırmalıyam? Məni tanıyan hər kəs bilir ki, mənim üçün regionçuluq deyilən bir şey yoxdur.
- Siz həm YAP-ın İdarə Heyətinin üzvüsünüz, həm parlamentin ən qocaman millət vəkillərindən birisiniz, həm də parlamentdə partiyanızı təmsil edən deputatlar arasında böyük nüfuzunuz var. Siyavuş Novruzovun eks-nazirlərlə bağlı kəskin tənqidi var, üstəlik, bəzi deputat yoldaşlarınız hətta bəyan edirlər ki, o şəxslərin etdiklərinin cəzasını biz (deputatların özləri) çəkirlər. YAP-ın deputatı olaraq yaxın gələcəkdə parlamentdə ya təkbaşına, ya da hansısa deputatlar qrupu ilə birgə bu şəxslərə qarşı hansısa araşdırmanın başladılması üçün təşəbbüslə çıxış edə bilərsinizmi?
- Çox sağ olun ki, belə bir sual qoydunuz. Hər deputatın özünün fikri var və azad şəkildə fikir söyləyə bilər. Yenə də deyirəm ki, ölkəyə yeni gəlmişəm və Siyavuş Novruzovun müsahibəsinin konkret detalları ilə bağlı məlumatlı deyiləm. Ona görə də bu barədə söz deyə bilmirəm. Bir daha deyirəm ki, deputat və ya nazir olmasından asılı olmayaraq, hər birimiz dövlətçiliyimizi, milli mənafeyimizi və milli birliyimizi qorumalıyıq. Bu sözləri havayı yerdən demirəm. Gəlin, bir olaq, birgə olaq, güclü Azərbaycan olaq. Mənim fikrim budur. Kim nə deyirsə, bu onun öz fikridir, bunu yozmaq istəmirəm və bu, doğru da olmaz.
- Bu sözlərinizi dövlətə zərər verən - nazirindən tutmuş ən kiçik məmuruna qədər - istənilən şəxsə qarşı və onunla bağlı hər hansı araşdırmanın başladılmasının tərəfdarı olmağınız kimi başa düşə bilərikmi?
- Mən hər hansı işin başladılmasını söyləmirəm. Məndən də səlahiyyətli şəxslər var, qoy onlar belə işin başlayıb-başlamamasını müəyyən etsinlər. Sadəcə olaraq deyirəm ki, gərək belə şeylər olmasın. Olubsa da və kim bunu deyirsə, bu onun öz fikridir, mən isə başqasının fikrinə müdaxilə etmək istəmirəm. Bir daha bəyan edirəm ki, Siyavuş Novruzovun fikirləri ilə tanış olmamışam. Oxumadığım, bilmədiyim şey haqqında mən necə danışım. Mənim üçün yeganə olan xalqım, onun birliyi, partiyaların birliyi, siyasi birlik, milli həmrəylikdir.
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?