“Əsrin müqaviləsi” beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu - Hikmət Hacıyev - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

“Əsrin müqaviləsi” beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu - Hikmət Hacıyev - (YENİLƏNDİ)

Bu gün "Əsrin müqaviləsi"nin imzalanması münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində seminar keçirilib.

Publika.az xəbər verir ki, seminarda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Türkiyə səfiri Turqut Özoral, Mərakeş səfiri Adil Embarş, Yunanıstan səfiri Nikolas Kanellos, Prezident Adminstrasiyasının Xarici Əlaqələr Şöbəsinin rəisi Hikmət Hacıyev, Energetika nazirinin müavini Elnur Soltanov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digərləri iştirak edib.

Tədbir BMTM-nin sədri Fərid Şəfiyevin nitqi ilə açıq elan olunub. Qonaqları salamlayan Şəfiyev Əsrin müqaviləsinin Azərbaycan dövləti və xalqı üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb: "Əsrin müqaviləsi Azərbaycanın siyasi və iqtisadi həyatında əvəzolunmaz rol oynadı və köklü dəyişikliklər etdi. Bu müqavilə Azərbaycandakı sürətli inkişaf dövrünün əsasını qoyub və ölkəni aparıcı qlobal enerji tədarükçüsünə çevirərək, bölgənin enerji xəritəsini dəyişib".

Daha sonra tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışı ilə davam etdirilib.

O bildirib kİ, Əsrin müqaviləsinin imzalanmasından artıq 25 il keçir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükə və təhdidlərin fonunda bu müqavilə imzalandı. Azərbaycan enerji diplomatiyasının əsasını qoydu.

“Bu müqavilədən sonra yeni bir neft erası başladı və Azərbaycan xalqı neftin mənfəətini gördüı. Buna görə də 25 illik bu dövrə baxdıqda bir daha şahidi oluruq ki, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla yanaşı, beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu”, – o bildirib.

Qeyd edib ki, Azərbaycan nefti hər zaman böyük dövlətlərin marağında olub: "Dünya müharibəsi dövründə SSRİ-nin neft ehtiyaclarının böyük əksəriyyətini Bakı ödəyirdi. Hitlerin Bakı ilə bağlı planları hamıya məlumdur. Odur ki, enerji təhlükəsizliyi Azərbaycan üçün hələ əvvəldən mühüm xarakter daşıyıb. Əsrin müqaviləsinin Azərbaycan üçün açdığı imkan və perspektivlər əvəzedilməzdir. Bu gün biz neft və qaz idxalçısı bir ölkəyik və beynəlxalq bazarlarda layiqincə təmsil olunuruq. TANAP və TAP layihələrinin son mərhələsindəyik".

Daha sonra çıxış edən Energetika nazirinin müavini Elnur Soltanov “Əsrin müqaviləsi”nin dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Nazir müavini vurğulayıb ki, həmin vaxtdan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Elnur Soltanov qaz sektorunda da eyni uğurların davam etdiyini bildirib və Azərbaycanın bu sahədə də müsbət nəticələr əldə edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan elektrik enerjisi istehsalının artırılmasında da böyük işlər görür və Cənub Qaz Dəhlizi layihəsindən sonra ölkəmiz bu sahədə də uğur hekayəsini davam etdirə bilər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üz vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Şahdəniz” dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. O deyib ki, sonradan “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına da sahib olduğunu təsdiq edib. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb. "Bəxtiyar Aslanbəyli əlavə edib ki, son 25 ildə BP digər tərəfdaşları və Azərbaycanla birlikdə 3,6 milyard barel neft ixrac edib".

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizinə birləşdirən ilk boru xəttidir: “Bu boru xətti Xəzər dənizi karbohidrogenini dünya bazarına daşıyır və enerji bazarının diversifikasiyasına xidmət edir”.

ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer “Əsrin müqaviləsi”nin Azərbaycanda çətin siyasi proseslərin cərəyan etdiyi bir dövrdə imzalandığını qeyd edib. O vurğulayıb ki, həmin zaman Azərbaycanın 20 faiz torpaqları işğal olunub və ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkün olub. Brenda Şaffer əlavə edib ki, bütün bunlara baxmayaraq, hərtərəfli strategiya ilə müqavilənin imzalanması və aparıcı beynəlxalq şirkətlərin regiona cəlb edilməsi mümkün oldu. O, Azərbaycanın bu gün də etibarlı tərəfdaş olduğunu əlavə edib. Seminar sual-cavab sessiyası ilə davam etdirilib

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm