Ameli dö Monşalən: Məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar
Bizi izləyin

Nida Xəbər

Ameli dö Monşalən: Məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk günündə 3 ay ərzində qurumun Nazirlər Komitəsinin gördüyü işlər barədə hesabat məruzəsi təqdim edilib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinə hazırda Fransa başçılıq edir. Nazirlər Komitəsinin Fransa sədrliyi üzrə təmsilçisi - Fransanın Avropa və Xarici İşlər Nazirliyi nəzdində dövlət katibi Ameli dö Monşalən görülmüş işlər və perspektivlər haqda geniş məlumat verdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin sədrliyinin təmsilçisi - Fransanın dövlət katibinə Azərbaycan üçün son dərəcə əhəmiyyət daşıyan qaçqınlar və məcburi köçkünlər məsələsi ilə bağlı sualla müraciət edib. O, bu problemlə ATƏT-in Minsk qrupunun bilavasitə məşğul olduğunu, lakin Avropa Şurasının da məsələ ilə əlaqədar birbaşa öhdəliklərinin olduğunu xatırladıb və Nazirlər Komitəsini konkret addımlar atmağa dəvət edib. Azərbaycan təmsilçisi Nazirlər Komitəsinin Ermənistan rəhbərliyindən Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə əlaqədar son dəfə nə zaman hesabat tələb etdiyini soruşaraq deyib: “Avropalıların bir hissəsi təssüflər olsun ki, öz vətənlərində məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Ev-eşiklərindən, ata-baba yurdlarından didərgin salınan bu insanlar hərbi təcavüz və etnik təmizləməyə məruz qalıblar. Bu ağır problemin zərbəsi Azərbaycana da dəyib. Azərbaycanda da yüz minlərlə insan Ermənistanın işğalı nəticəsində məcburi köçkünə çevrilib. Suallarımıza ənənəvi cavabları çox eşitdiyimizdən, qabaqcadan deyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə həll yollarının axtarılması ilə əlaqədar ATƏT-in Minsk qrupunun xüsusi mandatı olduğundan xəbədarıq. Bunu da bilirik ki, Avropa Şurası bu münaqişə ilə bilavasitə məşğul deyil. Ancaq məni təəccübləndirən budur ki, Avropa Şurasını, xüsusilə onun Nazirlər Komitəsini bu məsələ ilə bağlı təsirli tədbirlər görməyə nə mane olur? Axı Avropa Şurası üzvlüyünə qəbul edilərkən Ermənistanın götürdüyü başlıca öhdəliklərdən biri məhz bu münaqişəyə sülh yolu ilə son qoymaq, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıdaraq həyatlarını davam etdirməsinə imkan yaratmaq idi. Bu problemi Nazirlər Komitəsi Ermənistan rəsmiləri qarşısında sonuncu dəfə nə zaman qaldırıb və onlardan Avropa Şurası qarşısında götürdüyü öhdəliyi yerinə yetirmələrini tələb edibmi?”

Fransanın dövlət katibi, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri xanım Ameli dö Monşalən deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib ki, həqiqətən bu mövzu çox ağırdır və Nazirlər Komitəsi həmin məsələni daim diqqətdə saxlayır. O, Avropa İnsan Haqları Məhkəmsində qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin qaldırıldığını və Avropa Şurasında da bu müzakirələrin heç vaxt gündəlikdən kənarda qalmadığını söyləyib.

A.Monşalin məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının mütləq olduğunu bəyan edərək, ATƏT-in Minsk qrupu ilə yanaşı, Nazirlər Komitəsinin də bu istiqamətdə gələcəkdə daha fəal olacağını, səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm