PA-da növbəti görüş: mühüm siyasi müzakirə...
Bizi izləyin

Nida Xəbər

PA-da növbəti görüş: mühüm siyasi müzakirə...

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabğ problemi ətrafında müzakirə aparılıb.

Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 20% torpağımız işğal edilib, 1 milyon qaçqın və məcburi köçkün öz torpaqlarından qovulub. BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin Ermənistan öz işğal siyasətini davam etdirir.

İyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başladığı hərbi təxribat cəhdləri, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti pislənilib. Qeyd edilib ki, baş vermiş hadisələr fonunda ölkədə 43 siyasi partiya birlikdə və 4 siyasi partiya ayrı-ayrılıqda, ümumilikdə 47 siyasi partiya dövlətçiliyimizin qorunmasını, düşmənə qarşı vahid güc kimi çıxış etməsini və Ali Baş Komandanın ətrafında sıx birləşməsini təzahür edən birgə bəyanatı, eləcə də ayrı-ayrı siyasi partiyaların bu səpkidə bəyanatı ölkədə sağlam və düzgün siyasi mühitin formalaşmasından xəbər verir.

Hərbi təxribat nəticəsində şəhid olmuş Azərbaycan hərbi qulluqçularına Allahdan rəhmət və ailələrinə, yaxınlarına səbir diləkləri ifadə olunub. Yaralılara isə Allahdan şəfa istənilib.

O da vurğulanıb ki, Ermənistanın hərbi bölmələrinin sərhəddə növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək istəyi, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi ilə bağlıdır.

Görüş zamanı iqtidar-müxalifət siyasi dialoqu, siyasi partiyaların Dağlıq Qarabağ probleminə münasibətdə vahid mövqedən çıxış etməsinin səmərəliliyi də vurğulanıb.

Dünyanı bürüyən COVİD-19 pandemiyası, ölkəmizdə bu virusa qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, qısa müddət ərzində 10 yeni modul tipli xəstəxananın tikintisi, 300-dən artıq süni tənəffüs aparatının ölkəmizə gətirilməsi, 84 xüsusi təcili tibbi yardım avtomobilinin xaricdən ölkəmizə gətirilməsi, tibbi maska, dezinfeksiya məhsullarını istehsal edən müəssisənin tikintisi və 50 milyondan artıq tibbi maskanın istehsalı ölkəmizdə yoluxma sayının minimal səviyyədə saxlanılmasına, eləcə də virusa yoluxmuş xəstələrin sağalmasına böyük dəstək olub.

Həmçinin, Azərbaycanın təşəbbüsü ilə qlobal və regional təşkilatların platformasından dünya ölkələrinə həmrəylik çağırışının, 30-a yaxın dövlətə humanitar yardımın göndərilməsinin ölkəmizin nüfuzunun bariz nümunəsi olduğu vurğulanıb.

Ədalət Vəliyev pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini bildirib. Onun sözlərinə görə, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub.

Ədalət Vəliyev bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir. Bunun nəticəsində ölkəmizdə 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklər yenidən qeydiyyata alınıb. Sonuncu dəfə 2011-ci ildə ölkədə siyasi partiya dövlət qeydiyyatına alınmışdı.

Bundan əlavə, VI çağırış Milli Məclisə keçirilən seçkilərdə 8 müxalif siyasi partiyanın mandat qazanması, eləcə də onların Milli Məclisdə rəhbər orqanlarda təmsili Azərbaycan parlamentarizm tarixində bir ilk idi.

7 iyul 2020-ci il tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ə.Vəliyevin iştirakı ilə Milli Məclisin sədri Sahibə Qafarova və parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə keçirilmiş video-müşavirə də iqtidar-müxalifət dialoqunun inkişafına öz töhfəsini verib. Qeyd olunub ki, qanunvericilik orqanında siyasi partiyaların uğurlu fəaliyyəti çox vacibdir və qanunvericilik orqanında təmsil olunan siyasi partiyalar arasında əməkdaşlıq qabul olunacaq qanunlara müsbət təsir göstərəcək. Bu baxımdan, hazırlanacaq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi iqtidar-müxalifət dialoqunun inkişafına dəstək olacaqdır.

Sərdar Cəlaloğlu qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını atəşə tutması onun təcavüzkar siyasətini bir daha ortaya qoyur.

Partiya sədri ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək dəyərləndirdiyini söyləyib. Onun sözlərinə görə, siyasi partiyalar dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıq səylərini artırmalıdır. Dövlətçiliyin qorunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində bütün siyasi partiyalar həmrəylik nümayiş etdirməlidirlər. Azərbaycan Demokrat Partiyası COVİD-19 pandemiyasının tezliklə bitəcəyini ümid edir və dövlətin bu sahədə gördüyü işləri yüksək qiymətləndirərək, sosial məsuliyyətin artırılmasını da vacib sayır.

S.Cəlaloğlu ölkədə iqtidar-müxalifət dialoqunun inkişafını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Demokrat Partiyasının uzun müddət qurultaylarının keçirilməsi ilə bağlı müəyyən çətinliklər olub, lakin yaranmış yeni siyasi konfiqurasiya fonunda ADP növbəti qurultayının yaxın zamanlarda keçirilməsini təşkil edəcək.

Bundan əlavə, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına hesabatlılığı da müzakirə edilib. Qeyd olunub ki, qanunvericiliyin tələbi ilə ADP hər il müəyyən edilmiş dövrdə MSK-yə hesabat təqdim edir və bu sahədə yeni mexanizmlərin təşkili “Siyasi partiyalaq haqqında” hazırlanan Qanun layihəsində nəzərə alınmalıdır.

Sonda S. Cəlaloğlu qəbula görə təşəkkür edib və iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına rəhbərlik etdiyi partiyanın hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm