Həşimov toyunu təxirə salıb, Türkiyəyə niyə getmişdi? - Şəhid generalın HƏYAT HEKAYƏSİ
Bizi izləyin

Nida Xəbər

Həşimov toyunu təxirə salıb, Türkiyəyə niyə getmişdi? - Şəhid generalın HƏYAT HEKAYƏSİ

Ermənistan ordusunun Tovuz rayonu istiqamətində hücumu zamanı şəhid olan general-mayor Polad Həşimov şücaəti, igidliyi və vətənpərvərliyi ilə yadda qalıb.

Şəhid generalımızı anası çox yaxşı övlad, övladları örnək ata, silah yoldaşları isə cəsur, qətiyyətli və əzmli zabit kimi xatırlayır.

Publika.az general-mayor Polad Həşimovun həyat hekayəsini, ailəsinin və silah yoldaşlarının xatirələrini təqdim edir.

1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Həşimovun hərbi fəaliyyəti 1992-ci ildə Bakıda yerləşən hərbi məktəbə daxil olması ilə başlayır.

O dövrdə Azərbaycan çətin günlər yaşayırdı, erməni hərbi qüvvələri Dağlıq Qarabağı və ətraf əraziləri işğal edərək irəliləyirdi. Gələcəkdə bu tip hücumların qarşısını almaq üçün ölkəyə peşəkar vətənpərvər zabitlər lazım idi. Bu, Polad Həşimovun zabit olmağı seçməsinin əsas səbəbi idi.

Orta məktəbdə çox uğurlu və bacarıqlı şagird olan Həşimov bu müvəffəqiyyəti hərbi məktəbdə də davam etdirdi. O, qısa müddətdə müəllimlərinin və dostlarının sevgisini, hörmətini qazanaraq hərbi məktəbdən yüksək dərəcə ilə məzun oldu və leytenant kimi fəaliyyətə başladı.

P.Həşimov Azərbaycanın əksər bölgələrində, əsasən də Ermənistan ordusu ilə təmas xəttində fəaliyyət göstərib. Bütün vəzifələrin icrası zamanı öz otağında oturmayan, əsgərlərlə birlikdə səngərdə və ön mövqelərdə dayanan zabit olmağa üstünlük verib.

2016-cı ilin Aprel döyüşlərində Polad Həşimov bəzi strateji yüksəkliklərin işğaldan azad olunmasında böyük rol oynayıb.

Çoxlu sayda medallarla təltif olunan Həşimov 2019-cu ildə general-mayor rütbəsinə layiq görülüb. İyulun 12-də Ermənistan ordusunun təxribat törədərək Tovuz istiqamətində bəzi strateji mövqeləri ələ keçirməyə cəhd etdiyi bir zamanda o, yenə də ön xətdə, əsgərlərinin yanında idi.

Ordumuz ermənilərin təxribatını dəf etdi, lakin general-mayor Polad Həşimov iyulun 14-də davam edən qarşıdurmalarda şəhid oldu. Generalın şəhidliyi ölkəni yasa boğdu, minlərlə vətəndaş Ermənistanın hücumuna etiraz olaraq küçələrə çıxdı.

General-mayor Polad Həşimovu son mənzilə yüzlərlə insan yola saldı.

Prezident İlham Əliyev Həşimovun anası Səmayə Həşimovaya zəng edərək başsağlığı verdi. Ölkə başçısı şəhidlərin qisasının alındığını və bundan sonra da alınacağını bildirdi.

Generalın Sumqayıtdakı evinə ölkənin dörd bir yanından başsağlığı üçün insanlar axın edir.

Onun yaşadığı evin pəncərəsində yan-yana asılan Azərbaycan və Türkiyə bayraqları diqqət çəkir...

"Toyunu təxirə salıb, Türkiyəyə kursa getdi"

General-mayor Polad Həşimovun anası Səmayə Həşimova "Anadolu" agentliyinə müsahibəsində belə bir qəhrəman generalın anası olduğu üçün qürur duyduğunu bildirib.

Onun sözlərinə görə, Polad Həşimov ailəsindən, övladlarından çox Vətənini sevirdi: "Məzuniyyətdə olduğu zaman da həmişə zəng edib, əsgərlərini soruşurdu. 1992-ci ildə könüllü olaraq əsgər getdi. O vaxtdan bu günə kimi həmişə ön xətdə idi. 2003-cü ildə toyunu təxirə saldı və Türkiyəyə hərbi kursa getdi".

Qızı Aybəniz Həşimova deyir ki, atası onların təhsilinə çox önəm verirdi: "Atamızla çox vaxt keçirə bilmirdik. Ancaq şəhidliyi ilə bizə çox şey öyrətdi. Ümid edirəm, onun yolu ilə gedəcəm".

"Nümunəvi zabit idi"

Həşimovun silahdaşlarından olan ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov onun hər kəs tərəfindən sevilən və nümunəvi şəxs olduğunu bildirib: "Həmişə ön xətdə, əsgərlərin yanında idi. Otağında oturmağı heç vaxt sevmirdi".

Ehtiyatda olan polkovnik-leytenant Natiq Rəhimov isə Polad Həşimovla birlikdə hərbi məktəbdə oxuduqlarını və daha sonra eyni bölgədə işlədiklərini deyib: "O, bütün əsgərləri qoruyurdu. Həmişə ön cəbhədə idi. Dostumuzun general-mayor rütbəsinə yüksəlməsindən qürur duyurduq. İndi də şəhidliyi ilə fəxr edirik".

Ehtiyatda olan polkovnik Yalçın İsmayılov da şəhid generalımızla birlikdə 10 ildən çox xidmət etdiyini qeyd edib.

Polkovnik Şahin Əsgərov 1992-ci ildə P.Həşimovla hərbi məktəbdə bərabər oxuduqlarını söyləyib: "Türkiyəyə də kursa bərabər getdik. Daha sonra birlikdə döyüşlərdə iştirak etdik. Çox cəsur və şərəfli döyüşçü şəxsiyyəti var idi".

"Bir zabit necə olursa, Polad Həşimov bizə onu öyrətdi"

Ehtiyatda olan mayor Bəxtiyar Abdullayev isə general Həşimovu bu cür yada salıb:

"Bir zabit necə olursa, Polad Həşimov onu bir daha bizə öyrətdi. Biz bunu hərbi məktəbdə öyrənmişdik. Ancaq əsgər şərəfini ondan öyrəndik. Təvazökar və çox cəsur əsgər idi. Bu iki xüsusiyyətə eyni anda malik idi. Bütün işlərini çox yaxşı yerinə yetirirdi. O, əsl qəhrəmandır".

Qeyd edək ki, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstəriblər. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin daha 10 zabit və əsgərimiz şəhid olub.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm