Mixail Zabelinin 75 illik yubileyi münasibətilə görüş keçirildi - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Mixail Zabelinin 75 illik yubileyi münasibətilə görüş keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Yuryeviç Zabelinin 75 illik yubileyi münasibətilə görüş keçirilib.

Publika.az-ın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Yubilyarın siyasi fəaliyyətindən bəhs edən Tahir Budaqov qeyd edib ki, Mixail Zabelin Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının rəhbəri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Vurğulanıb ki, Mixail Zabelinin fəaliyyətinin mühüm bir dövrü görkəmli siyasi və dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı olmuşdur. Ulu öndər Azərbaycan SSR-nin Birinci katibi işləyərkən Onun rəhbərliyi altında çalışmış, o cümlədən Birinci katibin referenti vəzifəsində işləmişdir.

Mixail Zabelin Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşkilatlanma prosesində fəallıq göstərmiş, partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü kimi üzərinə düşən vəzifəni hər zaman layiqincə yerinə yetirmiş, hal-hazırda YAP İdarə Heyətinin üzvü kimi siyasi fəaliyyətini uğurla davam etdirir.

O da qeyd edilib ki, Mixail Zabelinin rəhbərlik etdiyi Azərbaycan Rus İcması xalqlarımız arasında tarixi, mədəni əlaqələrin keyfiyyətcə yeni müstəvidə inkişafına öz töhfəsini verməkdədir. Bütün bunlar nəzərə alınaraq, onun icitimai-siyasi fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur.

Görüşdə çıxış edən Mixail Zabelin fəaliyyətinə verilən yüksək qiymətə, deyilən xoş sözlərə görə təşəkkürünü bildirmişdir. Yubilyar Yeni Azərbaycan Partiyasının VII Qurultayında ona yenidən yüksək etimad göstərildiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirərək, Azərbaycanın inkişafı naminə bundan sonra da əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir.

Çıxışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya səfərinə toxunan Mixail Zabelin bu mühüm hadisənin Azərbaycan-Rusiya münasibətlərinə öz töhfəsini verdiyini önə çəkərək bildirib ki, xalqlarımız bundan sonra da mehriban qonşuluq və sülh şəraitində yaşayacaqdır. Mixail Zabelin vurğulayıb ki, Azərbaycan onun doğma Vətənidir. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərdi, Vətən uğrunda vuruşdu. "Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq", söyləyən Mixail Zabelin bu Zəfəri yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan artıq postmüharibə dövrünün reallıqlarını yaşayır. Bu reallıqlar ölkəmizi daha uğurlu gələcəyə istiqamətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm