Hüquq müdafiəçiləri Prezidentə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Hüquq müdafiəçiləri Prezidentə müraciət etdi

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri Qazaxıstanda yaşayan azərbaycanlı vətəndaşımız, ziyalı Sakin Ağayev tərəfindən onlara ünvanlanmış şikayətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə və Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova müraciət ediblər.

Müraciətdə Sakin Ağayevi və həyat yoldaşı Vüsalə Rəhimlini aldadaraq əmlakını mənimsəmiş və həmin əmlakın haqqını ödəməmək üçün qaçıb Azərbaycana gələrək saxta, möhürsüz və imzasız sənədlərlə, məhkəmə aidiyyat prinsipini pozmaqla gizli məhkəmə prosesinin keçirilməsinə nail olmuş Azərbaycan vətəndaşı Fikrət İbrahimov və ona havadarlıq edən dövlət məmurlarının hərəkətləri açıqlanır. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu həmin işi ölkə Prezidenti İlham Əliyevi şəxsi nəzarətinə götürməsini, Prezident Administrasiyasında şikayətçi tərəfi və onun vəkilinin qəbul edilməsini və bu qanunsuzluqları törədənlərin cəzalandırılmasını xahiş edir. Qeyd edək ki, hazırda iş həm də Avropa Məhkəməsinin icraatındadır.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu hüquqi dövlətdə bu cur hallarin baş verməsini qətiyyətlə pisləyir və ədalətin bərpa olunmasını gözləyərək işi nəzarətində saxlayır.

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri

cənab Fuad Ələsgərova

Azərbaycan Respublikasının Baş prokuroru

cənab Kamran Əliyevə

Azərbaycan Respublikası Milli Məclisin

ASPA-dakı nümayəndə heyətinin rəhbəri

cənab Səməd Seyidova

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupundan

MÜRACİƏT

Hörmətli cənab Prezident,

Sizin təşəbbüşünüzlə yaradılmış və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri hörmətli Fuad Ələsgərovun və Azərbaycan Respublikası Milli Məclisin ASPA-dakı nümayəndə heyətinin rəhbəri hörmətli Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri Sizə müraciət edərək ölkəmizdə bəlkə də analoqu olmayan bir ədalətsizliyin qarşısının alınmasında köməklik göstərməyinizi istərdik. İnanırıq ki, şəxsən Sizin nəzarətiniz əsnasında qaldırdığımız məsələdə məmur özbaşınalığının qarşısı alına biləcək. Qanunları şəxsi maraqları naminə ayaq altına atan məmurlar hər bir cinayətkardan belə təhlükəlidir.

İşçi Qrupunda təmsil olunan hüquqmüdafiəçiləri tərəfindən qəbul edilmiş Ağayev Sakin Abdulhuseyn oğlu son 3 ilədək Qazaxıstanda ailəsi ilə birlikdə yaşamışdır. Gəmi təmiri və gəmiqayırma üzrə mühəndis, inzibati idarəçilik üzrə alimdir. Sakin Ağayev Qazaxıstanda aldadılmış, pulu ödənilmədən əmlakı polis orqanlarından qovulmuş, lakin hansisa məmurun yaxın qohumu olan Fikrət İbrahimov adlı birisi tərəfindən əllərindən alınmışdır. Fikrət İbrahimov həmin əmlakı başqa şəxslərə satmış və qaçaraq Azərbaycana gəlmişdir. Qazaxıstanda Ağayevlər ailəsi onu məhkəməyə verdiklərini eşidən F.İbrahimov kimlərinsə tapşırığı ilə Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovla əlaqəyə girib, iki hüquqi şəxs arasında guya bağlanmış saxta müqavilə tərtib edib (Ağayevlərin imzası və möhürü olmadan) və Azərbaycanda məhkəməyə müraciət edərək qanunsuz Qətnamə əldə etmişdir. Ən dəhşətlisi də odur ki, cavabdeh tərəf kimi qeyd edilən Sakin Ağayev və həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızı nə belə bir saxta müqaviləni görmüşlər, nə də məhkəmə keçirilərkən Azərbaycanda olmuşlar. Məhkəmə işi Pirallahı rayon məhkəməsində heç cür baxıla bilməzdi (əgər iki hüquqi şəxs arasında belə müqavilə olsaydı da belə!)! Belə işlər yalnız İnzibati-İqtisad məhkəməsində baxıla bilər!

Deməli qanun çox kobud şəkildə pozularaq həm də aidiyyat prinsipi pozulmuşdur. Bu yolverilməz və analoqu olmayan bir haldır. Məhkəmədə cavabdeh tərəflər iştirak etməmişlər, çünki məhkəmə gizli keçirilmiş, cavabdehlər isə Qazaxıstanda olmuşlar və belə bir məhkəmənin keçirilməyi haqda məlumatlı olmamışdır.

Biz Sizə imza və möhürü olmayan saxta müqavilənin surətini göndəririk. İnanırıq ki, həmin müqavilənin son səhifəsində tərəflərdən birinin imzası və möhürü olmadığını gördüyünüz andan bu məsələnin araşdırılması üçün göstəriş verəcəksiniz. Belə bir imza və möhür olmadan kimsə cavabdeh kimi məhkəmədə tanına bilərmi?

İkinci qanunsuzluq: Qazaxıstan məhkəmələri tərəfindən Fikrət İbrahimova qarşı qaldırılmış iddialar təmin edilmiş və tanınma üçün Sakin Ağayevin həyat yoldaşı Vüsalə Mahmud qızı Rəhimli tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Lakin yenə hansısa məmurun zəngi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Qətnaməni tanımaqdan heç bir əsas göstərmədən imtina etmişdir. Bununla da nəinki Azərbaycan qanunları, həmçinin 07.10.2002-ci il tarixli Kişinyov şəhərində imzalanmış “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiyanın tələbləri pozulmuşdur.

Hər iki məsələ ilə bağlı Ağayevlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə iki müraciət göndərilmiş və hər iki iş icraata qəbul edilərək qovluq nömrəsi açılmışdır.

Üçüncü pozuntu: Qazaxıstan Respublikasında F.İbrahimova qarşı məhkəmə qərarının icra edilməsinə baxmayaraq artıq üç ilə yaxındır ki, vətəndaş Sakin Ağayev və qızı Dilarə Ağayeva haqqında onların Azərbaycandan çıxışına qadağa qoyulmuşdur.

Dördüncü pozuntu: Məhkəmə qərarı icra olunsa da belə, Sakin Ağayev və ailə üzvlərinə təzyiq edilmək məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarını icra edilməməsi ilə bağlı 2018-ci ildə cinayət işi qaldırılmışdır. Lakin bu günədək heç bir istintaq hərəkəti aparılmır, Qətnamənin Qazaxıstanda icrasına və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə Qazaxıstanın rəsmi qurumları tərəfindən göndərilmiş sənədlərə məhəl qoyulmur.

Hörmətli cənab Prezident,

Üç ildir ki, Azərbaycan Respublikasında məmur girovluğunda saxlanılan Sakin Ağayevin və vəkilinin iştirakı ilə müraciət etdiyimiz məsələnin Prezident Administrasiyasının rəsmi şəxsləri tərəfindən araşdırılaraq Sizə məruzə edilməsi üçün göstəriş vermənizi Sizdən xahiş edirik. Ümid edirik ki, qaldırılmış məsələlər öz təsdiqini taptığı təqdirdə bu qanunsuzluğa göstəriş vermiş və bu prosesdə iştirak etmiş hər bir vəzifəli şəxs Sizin tərəfinizdən cəzalandırılacaqdır.

Biz Sizin araşdırmaya göstəriş verəcəyinizə tam inanaraq və zərərçəkmiş Sakin Ağayev tərəfindən Birgə İşçi Qrupuna təqdim edilmiş ərizəni və digər sənədləri müraciətimizə əlavə edirik.

Hörmətlə,

1. Novella Cəfərova - D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri

2. Çingiz Qənizadə - Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri

3. Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri

4. Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri üzrə Komissiyanın üzvü

5. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin rəhbəri

6. Sahib Məmmədov - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri

7. Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri

8. Əvəz Həsənov - Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru

9. Zəlihə Tahirova - Azərbaycan İnsan Hüquqları Mərkəzinin proqram koordinatoru

10. Eldar Zeynalov - Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru

11. Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm