İsrail Azərbaycana mina tapan aparat verir?
Bizi izləyin

Nida Xəbər

İsrail Azərbaycana mina tapan aparat verir?

İsrailin Azərbaycana minaları təsbit edən aparat verəcəyi haqda xəbər yayılıb.

Xəbərdə bildirilir ki, bu avadanlıqlar vasitəsilə dronlar minaların basdırıldığı yerin koordinatlarını operatorlara yollayır və avtomatik olaraq mina xəritəsi əldə olunur.

Belə bir texnika mövcuddurmu?

Hazırda hər kəsi maraqlandıran bu sualın cavabıdır.

Publika.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Musavat.com-a açıqlamasında xəritələri tam şəkildə əldə edəcəyimizə inandığını bildirib.

“Texnologiya çox inkişaf edib. Bu sarıdan da İsrail dünyanın ən qabaqcıl ölkələrindən biridir. Xüsusilə silah sarıdan bu ölkə dünyada ön sıralardadır. Hesab edirəm ki, ən müasir dronları necə Azərbaycana veribsə, bu cür aparatları varsa, onları da verəcək. Azərbaycanla İsrailin çox yaxşı əməkdaşlığı var. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına uyğundur. Azərbaycan təkcə İsraillə deyil, dünyanın çox ölkələri ilə əməkdaşlıq edir. İsraildən bu aparatları alsaq - hərçənd ki, varsa, alacağıq - qısa müddətdə ciddi nailiyyətlər əldə edəcəyik. Sonda onsuz da Ermənistan məcbur olub xəritələri verəcək. Artıq bu proses başlayıb. Ermənistan zor gücünə məcbur ediləcək. Bu, işğalçının istəyib-istəməməsindən asılı deyil. Kəlbəcər, Laçın və Ağdamın qayıtmasında ləngimələr oldu. Jurnalistlər sual vermişdi ki, Ermənistan buna əməl edəcək, ya yox, demişdim ki, bu, Azərbaycan Ordusunun tələbidir. BMT-nin qərarı deyildi ki, əməl də etməyəydilər? Ermənistan müxtəlif üsullarla cığallıq edəcək, ləngimələr olacaq. Amma bütün üstünlük Azərbaycan tərəfdədir. Azərbaycanın bütün tələblərini Ermənistan yerinə yetirməyə məhkumdur. Əgər bölgədə normal dövlət olmaq istəyirlərsə, yeganə nicat yolları var, o da Azərbaycan və Türkiyənin dediklərini etməkdir. Yüzillər boyunca başqa ölkələrə arxayın olub soyqırım siyasəti həyata keçirdilər, amma sonda bunun bir sonunun olmadığını gördülər. Əgər ağıllarını başlarına yığmasalar, Ermənistanın dövlət kimi mövcudluğu sual altında qalacaq. Yaxşı olardı ki, Ermənistan özü bu xəritələri versin. Azərbaycan onsuz da xəritələri almaq istiqamətində iş aparır, eyni zamanda minaları özü təmizləyir. Azad edilən ərazilərdə işlər sürətlə gedir. Zəngəzur dəhlizi mütləq açılacaq. Proseslər yekunlaşacaq. Cənubi Qafqazın bütün sahələr üzrə ən güclü dövləti Azərbaycandır. Bu bölgədə Azərbaycanla hesablaşmamış heç bir fəaliyyət həyata keçirmək mümkün deyil”.

E.Həsənli alına biləcək aparat vasitəsilə xəritələri yüzdə yüz əldə etməyin mümkünsüzlüyündən də söz açıb:

“Bilirsiniz, II Dünya müharibəsindəki silah-sursatların bir qismi hələ indi tapılır. Əfqanıstan və digər yerləri də nümunə gətirə bilərik. Bu baxımdan təbii ki, yüz faiz nəticə əldə etmək çox çətindir. Amma mümkünsüz də deyil. Azərbaycan dövləti dünyanın ən müasir texnologiyalarından istifadə edir. Xatırlayırsınızsa, zamanında ermənilər deyirdilər ki, mina xəritələri yoxdur. Amma biz bunun mümkünsüz olduğunu hər addımbaşı deyirdik. Çünki bilirdik ki, minaları peşəkarlar basdırır. Başqa sahələrdə qeyri-peşəkarlar ola bilər, amma mina basdırılması prosesində peşəkarlar iştirak edirlər. Burada üç hissədən ibarət xəritə hazırlanır. Biri hərbi hissədə, digəri korpusda, başqa birisi də Müdafiə Nazirliyində qalır. Ona görə xəritələrin düşməndə olduğuna hər kəs əmindir. Təəssüflər olsun ki, minaların hərbi və mülkü tərəfdən həlak etdiyi vətəndaşlarımız var. Kaş bunlar baş verməzdi. Amma bu müharibədir, belə hallar olur. Keçən dövr göstərir ki, mina məsələlərində qısa zamanda yüzdə yüz nəticə əldə etmək mümkünsüzdür”.

Hərbi ekspert Ruslan İmamquliyev isə bunları deyib:

“Hazırda müasir texnoloji vasitələr var. Dronlar vasitəsilə minaların yerini müəyyən etmək olur. Bu, tamamilə yeni texnoloji vasitədir. Amma sınaqdan keçirilmiş vasitə deyil. Bu vasitəni Azərbaycanın əldə etməsindən sonra qısa zamanda azad etdiyimiz ərazilərin minalardan təmizlənməsini təmin etmək mümkündür. "Belə vasitələr varmı" sualına cavab olaraq deyə bilərəm ki, bəli, var. Sadəcə, bu aparat vasitəsilə təqribi xəritələr çıxarmaq mümkündür, yəni xəritələri yüzdə yüz çıxarmaq mümkün deyil".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm