• USD 1,7000 0,00% EUR 1,9195 -0,07%
    • GBP 2,2499 -0,41% RUB 0,0231 +0,43%

Ermənistan unutmamalıdır ki, “dəmir yumruq” hər an hazır vəziyyətdədir

Ermənistan unutmamalıdır ki, “dəmir yumruq” hər an hazır vəziyyətdədir

Son vaxtlar Ermənistan ordusunun Azərbaycan ərazilərində törətdiyi təxribatlar artıq beynəlxalq aləmin də narahatlığına səbəb olub. Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat tarixi Qələbəmizi rəsmiləşdirdi. Bu Bəyanat Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu və regionun coğrafiyasını dəyişdi. Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək rəsmi Bakının şərtlərini qəbul etməli oldu. Bu Bəyanatın imzalanmasından 2 ay sonra - 2021- ci il yanvarın 11-də Moskvada üç ölkənin – Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü oldu. Bu görüş 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Üçtərəfli görüş və imzalanan Bəyanat xüsusi aktuallıq təşkil edirdi.

Publika.az xəbər verir ki, bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə son günlər Ermənistan ordusunun Azərbaycanın sərhədboyu ərazilərində törətdiyi təxribatlara münasibət bildirərkən deyib.

Hüquq müdafiəçisi deyib ki, Moskva görüşündə Ermənistanın heç bir şərtinin qəbul edilməməsi sözsüz ki, Azərbaycanın postmüharibə dövründəki diplomatik uğuru idi. Ermənistandan fərqli olaraq, əksinə, Bakı Moskva görüşündə qarşısına qoyduğu mühüm məqsədlərə çatmağı bacardı. Bağlı qapılar arxasında baş tutmuş üçtərəfli görüşdə Azərbaycan 10 noyabr Bəyanatının dəqiqliklə icrasını tələb edib və razılıq əldə olunub. 2021-ci il 11 yanvar Bəyanatında isə bilavasitə 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımların müəyyənləşdirildiyini qeyd edə bilərik.

Bundan sonra artıq dünya birliyinin də Azərbaycanı qalib, Ermənistanı isə məğlub ölkə kimi qəbul etdiyini diqqətə çatdıran komitə sədri həmin vaxtdan başlayaraq işğaldan azad edilmiş ərazilərdə geniş yenidənqurma, abadlıq, tikinti işlərinə başlanıldığını vurğulayıb. O deyib ki, artıq dünyanın bir sıra ölkələrinin qabaqcıl şirkətləri də bu işlərdə yaxından iştirak edir. Qısa müddət ərzində ərazinin enerji sisteminin yenidən qurulması, nəqliyyat-kommunikasiya işlərinin geniş vüsət alması, beynəlxalq hava limanlarının tikintisi, xüsusilə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, ilk sərnişinini qəbul etməsi Ermənistanı və havadarlarını təşvişə salıb. Ona görə də Ermənistan ordusu sərhədboyu ərazilərdə təxribatlara əl atır və atəşkəsi intensiv şəkildə pozur.

Hüquq müdafiəçisi qeyd edib ki, artıq Ermənistanın beynəlxalq hüquq normalarını və özlərinin də tərəfdar çıxdığı, şəxsən bu ölkənin baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatları pozması beynəlxalq ictimaiyyətin də narahatlığına səbəb olub. Ç.Qənizadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini xatırladıb. O deyib ki, söhbət zamanı Ş.Mişel Ermənistan – Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib.

Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq dövlətimizin başçısı deyib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətlərində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu baş verib. Dövlətimizin başçısı Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.

Ç.Qənizadə deyib ki, görünür, Ermənistan “dəmir yumruğ”un dadını unudub. Sərhədboyu ərazilərdəki təxribatlar Ermənistanı uçuruma sürükləyir. Beynəlxalq ictimaiyyət də düşünürdü ki, Ermənistan bu məğlubiyyətdən sonra öz ölkəsinin iqtisadiyyatının dirçəldilməsi, sülh müqaviləsinin imzalanması barədə qərar qəbul edəcək və işğalçılıq siyasətindən əl çəkəcək. Ancaq bu ölkənin faşizm ideologiyasına olan meyili sülh razılaşmasına problem yaradır. Həm də digər ölkələrin əraziləri hesabına “böyük Ermənistan” imperiyası yaratmaq iştahasını unuda bilmirlər. Bu isə onları daha dərin uçuruma aparır.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan maksimal konstruktivlik göstərir. Prezident İlham Əliyev dəflərlə deyib ki, biz səhifəni çevirmək və sərhədləri müəyyən etmək istəyirik. Ermənistandan isə cavab gəlmir. Demək olar bir ildir onlar sükutu saxlayırlar.

Hazırda Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə olduğunu bildirən Ç.Qənizadə qeyd edib ki, ölkə siyasi və iqtisadi böhran içərisində boğulur. Bir tərəfdən acınacaqlı məğlubiyyət, digər tərəfdən daxili didişmə, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdikləri revanşist meyillilər vəziyyəti getdikcə pisləşdirir. Bu da erməni cəmiyyətinin məğlubiyyəti əməlli-başlı dərk etməsinə problem yaradır. Ona görə də sərhədboyu ərazilərdə yenidən təxribatlar törətməyə başlayıblar. Ancaq unudurlar ki, İkinci Qarabağ müharibəsində onların başını əzən “dəmir yumruq” hər an hazır dayanıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR