“Ağ Ev və Paris Minsk Qrupunu REANİMASİYA etməyə çalışır” - Deputat
Bizi izləyin

Nida Xəbər

“Ağ Ev və Paris Minsk Qrupunu REANİMASİYA etməyə çalışır” - Deputat

Minsk qrupunun üç həmsədrindən ikisi – ABŞ və Fransa onu reanimasiya etməyə, qrupu yenidən siyasi gündəmə gətirməyə çalışırlar.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (hazırda ATƏT) Belarusun paytaxtı Minskdə Dağlıq Qarabağ probleminin həlli üzrə beynəlxalq konfrans keçirmək istəyirdi. Buna görə də 10 ölkədən ibarət qrup yaradıb. Bununla da şərti olaraq ATƏT-in Minsk qrupu yaranıb. 1997-ci ilə qədər 10 ölkədən biri rotasiya qaydasında qrupa 6 ay ərzində sədrlik edib. Həmin il ulu öndər Heydər Əliyevin təklifi ilə qrupa 3 daimi həmsədr təyin edilib: “Ancaq çox təəssüf ki, ötən illər ərzində Minsk qrupu problemin həlli üçün heç nə etmədi. Baxmayaraq ki, onlar dünyanın aparıcı, nüfuzlu dövlətləri idi. Bu qrup tərəflərin görüşünü təşkil etmək istisna olmaqla problemin həlli üçün hər hansı təşəbbüs göstərmədi. Problemi dünyanın 3 aparıcı ölkəsi yox, problemlə üzləşən Azərbaycan özü həll etdi. Bununla da Dağlıq Qarabağ problemi artıq həllini tapmış oldu”.

Aydın Mirzəzadə qeyd edib ki, iki il bundan əvvəl – Vətən müharibəsindən sonra Minsk qrupunun həmsədrləri Azərbaycana səfər edərək yenidən siyasi təşəbbüs göstərməyə çalışıblar: “Amma Azərbaycan Prezidenti İlham Əliyev artıq bu qrupa ehtiyac olmadığını bildirdi. Eyni zamanda bildirdi ki, qrup artıq yeni məsələ ilə – regionda sülhün bərqərar olması, Azərbaycanla Ermənistan arasında normal qonşuluq münasibətlərinin yaranması üçün fəaliyyət göstərə bilər. Həmsədrlər Azərbaycan Prezidentinin bu təşəbbüsünü demək olar ki, qəbul etmədilər. Ona görə də Azərbaycan bu qrupun mövcud olmasına ehtiyac görmədi. Rusiya tərəfi həmsədrlikdən artıq demək olar ki, kənara çəkilib. ABŞ və Fransa hakimiyyəti isə qrupu bərpa etməyə cəhdlər göstərir. Yenidən həllini tapmış Dağlıq Qarabağ problemini gündəmə gətirməyə cəhd edir. Problem həll edilibsə, qrupa ehtiyac yoxdur. Xüsusilə ABŞ-da son dövlərdə bununla bağlı xüsusi nümayəndənin təyin edilməsi Azərbaycanda təəccüb və təəssüf doğurur”.

Aydın Mirzəzadə qeyd edib ki, ABŞ-da bu addımın atılması Konqresə qarşıdan gələn (noyabrda) aralıq seçkilərdə erməni diasporunun səsini qazanmaq üçün edilən cəhddir: “Ancaq artıq elə bir dövr gəlib ki, hansısa icmanın maraqlarını dövlət maraqlarından üstün tutmaq həmin dövlətə heç bir fayda vermir. Erməni icmasının nə düşünməsinin Azərbaycan üçün əhəmiyyəti yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşayan ermənilər isə Azərbaycan vətəndaşlığı almaq istəsələr bunun üçün müraciət edə bilərlər. Yəni, prinsip etibarilə biz buna ancaq siyasi reallığa uyğun olmayan, heç bir siyasi problemi həll etməyən səy adlandırırıq. Hesab edirəm ki, ABŞ və Fransa kimi nüfuzlu ölkələr belə etməmişdən əvvəl regionda yeni yaranmış reallıqları qiymətləndirməlidirlər”.

Qeyd edək ki, avqustun 25-də ABŞ tərəfindən keçmiş ATƏT-in Minsk qrupunun xortladılmasına cəhd edilib. Belə ki, dövlət katibi Entoni Blinken səfir Filip Rikeri ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edib. O əlavə edib ki, Filip Riker ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi çıxış edəcək.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm