İordaniyadakı vətəndaşlarımızın təhlükəsizliyi üçün hansı tədbirlər görülüb? - Şahin Abdullayev açıqladı
Bizi izləyin

Nida Xəbər

İordaniyadakı vətəndaşlarımızın təhlükəsizliyi üçün hansı tədbirlər görülüb? - Şahin Abdullayev açıqladı

İordaniyadakı vətəndaşlarımızın təhlükəsizliyi üçün hansı tədbirlər görülüb? - Şahin Abdullayev açıqladı

Azərbaycan və İordaniya arasında tərəfdaşlığın inkişafı hər iki ölkənin xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. Bu gün Bakı və Əmman ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxararaq əldə olunmuş razılaşmaların praktik icrasına keçir. Qarşılıqlı fəaliyyətin genişlənməsi, birgə layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin gücləndirilməsi tərəfdaşlığın yeni gündəliyini formalaşdırır.

Bu gündəliyin icra mexanizmləri və yaxın illər üçün prioritet hədəflər barədə ölkəmizin İordaniyadakı səfiri Şahin Abdullayev 1news.az-a danışıb.

Publika.az səfirlə müsahibəni qısa ixtisarla təqdim edir:

– İsrail/ABŞ ilə İran arasında baş verən münaqişə fonunda İordaniya da zərər çəkən ölkələrdən biridir. Ölkədə hazırkı təhlükəsizlik vəziyyəti necə qiymətləndirilir?

– Hərbi əməliyyatlar qısa müddət ərzində Yaxın Şərq regionunda təhlükəsizlik mühitini sürətlə və köklü şəkildə dəyişib. Bu proses onsuz da həssas olan regional balansın pozulması ilə müşayiət olunub. Baş verən eskalasiya nəticəsində hərbi-siyasi gərginlik əhəmiyyətli dərəcədə artıb, təhlükəsizlik riskləri geniş coğrafiyanı əhatə edərək çoxşaxəli xarakter alıb. İordaniya da bu qarşıdurmanın birbaşa təsir zonasına daxil olub. Rəsmi məlumatlara görə, fevralın 28-dən etibarən ölkəyə 281 hücum edilib, 495 ballistik raket və pilotsuz uçuş aparatı Krallığın Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Hücumlar nəticəsində ümumilikdə 29 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

– Hazırda İordaniyada neçə Azərbaycan vətəndaşı yaşayır və münaqişənin gərgin mərhələsində onların təhlükəsizliyi üçün hansı tədbirlər görülüb?

– Səfirlikdə olan məlumata görə, hazırda İordaniyada 118 Azərbaycan vətəndaşı yaşayır. Onların əksəriyyəti Krallıq ərazisində daimi yaşayan soydaşlarımızdır. Səfirlik bütün vətəndaşlarla əlaqəni davamlı saxlayır. Hərbi eskalasiyanın ilk günündən etibarən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq səfirlik gücləndirilmiş rejimdə fəaliyyət göstərib və vətəndaşlara dəstək tədbirləri həyata keçirilib. “Qaynar xətt” yaradılıb, soydaşlarımızın yerləşdiyi məkan və yaşayış şəraiti barədə məlumatlar toplanıb. Eyni zamanda vətəndaşlara İordaniyanın rəsmi qurumlarının təhlükəsizliklə bağlı göstərişləri çatdırılıb – naməlum əşyalara və raket qalıqlarına yaxınlaşmamaq, belə hallar aşkar edildikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək, yalnız rəsmi mənbələrə istinad etmək və dezinformasiyanın yayılmasından çəkinmək tövsiyə olunub. Münaqişə başlayandan bəri səfirliyə evakuasiya ilə bağlı heç bir müraciət daxil olmayıb.

– Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş 2025–2027-ci illər üzrə İcra Proqramının həyata keçirilməsi hansı mərhələləri əhatə edir?

– Bu proqram Azərbaycan-İordaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən və konkret addımları müəyyənləşdirən mühüm sənəddir. Proqram əməkdaşlığı sistemləşdirərək onu konkret və ölçülə bilən nəticələrə yönəldir. Sənəd elm və təhsil, mədəniyyət və incəsənət, gənclər siyasəti, idman, arxeologiya, səhiyyə və media kimi geniş sahələri əhatə edir. Bu isə əlaqələrin təkcə siyasi və iqtisadi deyil, həm də humanitar və ictimai müstəvidə dərinləşməsini nəzərdə tutur. İcra mexanizmləri mərhələli yanaşma əsasında qurulub: hər il üçün konkret fəaliyyət planları hazırlanacaq, müvafiq qurumlar arasında koordinasiya gücləndiriləcək və birgə işçi qruplar yaradılacaq. Eyni zamanda, monitorinq və qiymətləndirmə mexanizmləri nəticələrin davamlılığını təmin edəcək.

– 2026-cı il üçün əsas prioritetlər hansılardır?

– Əsas prioritetlər əldə olunmuş razılaşmaların praktik icrasına yönəlib. Artıq formalaşmış hüquqi baza konkret iqtisadi nəticələrə çevrilməlidir. Bu çərçivədə gömrük əməkdaşlığının tətbiqi, turizm sahəsində birgə təşviqat kampaniyaları, kiçik və orta biznes arasında əlaqələrin qurulması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bununla yanaşı, energetika, əczaçılıq, rəqəmsallaşma, nəqliyyat-logistika və investisiya sahələrində layihələr 2026-cı ilin gündəliyində mühüm yer tutur.

– Gömrük əməkdaşlığı haqqında saziş Azərbaycanın iqtisadi imkanları üçün nə vəd edir?

– Bu saziş Azərbaycanın ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Gömrük prosedurlarının sadələşdirilməsi ticarət əməliyyatlarını asanlaşdırır və xərcləri azaldır. Eyni zamanda, İordaniyanın Azərbaycanı MDB məkanına çıxış üçün strateji mərkəz kimi qiymətləndirməsi ölkəmizin tranzit-logistika potensialının artdığını göstərir. Azərbaycan Orta Dəhliz vasitəsilə İordaniyaya yeni bazarlara çıxış imkanı yaradır. Bu isə qarşılıqlı olaraq hər iki tərəf üçün regional iqtisadi inteqrasiyanı gücləndirir.

– Birgə əczaçılıq müəssisəsinin yaradılması ilə bağlı danışıqlar hansı mərhələdədir?

– Bu istiqamətdə danışıqlar hazırda ekspertlər səviyyəsində aktiv mərhələdədir. Layihə hər iki ölkənin qarşılıqlı iqtisadi maraqlarına əsaslanır. Hazırda texniki-iqtisadi əsaslandırma hazırlanır bə istehsal istiqamətləri müəyyənləşdirilir, potensial bazarlar qiymətləndirilir. Mövcud dinamika nəzərə alınarsa, bu ilin ikinci yarısında konkret qərarların qəbul olunması və sazişlərin imzalanması real görünür. Bu layihə sənaye əməkdaşlığını gücləndirməklə yanaşı, texnologiya transferinə, kadr hazırlığına, innovativ istehsal standartlarının tətbiqinə töhfə verəcək və regionda rəqabət qabiliyyətini artıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm