Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə verdi
Bizi izləyin

Nida Xəbər

Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə verdi

Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə verdi

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə zamanı bildirib ki, Azərbaycan ilə Çexiya arasında 2015-ci ildən Strateji Tərəfdaşlıq Haqqında saziş imzalanıb.

Publika.az xəbər verir ki, bunu Çex Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News" (CNN-in çex dilində filialı) telekanalına müsahibəsində Çexiya-Azərbaycan münasibətlərinə toxunarkən bildirib.

"2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur", - o qeyd edib.

E. Əmirbəyov vurğulayıb ki, Çexiyanın yeni baş naziri və Azərbaycan Prezidenti ilin əvvəlində Davos İqtisadi Forumu çərçivəsində görüşmək imkanı əldə ediblər: "Buna görə də düşünürəm ki, yaxın həftələrdə və aylarda biz səfərlər və çoxlu sayda əlaqələrlə ən yüksək səviyyədə daha fəal qarşılıqlı fəaliyyət görəcəyik".

Onun sözlərinə görə, Çexiya ilə bu münasibətlər bu ölkənin sənaye bazası, texnoloji təcrübəyə sahib olması, Avropa İttifaqı və NATO üzvlüyünə görə yüksək qiymətləndirilir. Digər tərəfdən, Azərbaycan bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya kimi çox vacib olan regionlara qapı qismində Çexiyaya fayda verə bilər. "Biz onilliklər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayırıq və həmçinin regional bağlılıq baxımından əsas ölkəyə çevrilmişik", - E. Əmirbəyov vurğulayıb və əlavə edib ki, tərəflər çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıqdan danışa bilər:

"Əgər biz Çexiyanın texniki nou-hausunu Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyi, infrastrukturu baxımından oynaya biləcəyi rolla və energetika sahəsində oynadığı rolla birləşdirsək, birlikdə daha çox şey edə bilərik".

Jurnalistin Ukrayna və İrandakı proseslər fonunda enerji təhlükəsizliyi ilə bağlı sualına cavabında Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Azərbaycan enerji portfelini daha da genişləndirə bilər. "Azərbaycandan xam neft ixracı kimi ənənəvi sahə ilə yanaşı, Çexiyanın istifadə etdiyi neftin təxminən üçdəbirinin Azərbaycandan gəldiyini demək ədalətli olardı və bu əməkdaşlıq digər sahələrə də genişləndirilə bilər", - Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.

E. Əmirbəyov Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada aparıcı dövlətlərdən biri olduğunu xatırladıb və bildirib ki, dünyanın 16 ölkəsinə təbii qaz ixrac edilir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. "Bu siyahıya Avstriya və Almaniya da qoşulub", o bildirib və əlavə edib ki, ölkələr bərpaolunan enerji mənbələrini əhatə etmək üçün enerji portfelini genişləndirə bilər: "Azərbaycan günəş, külək enerjisi və elektrik enerjisi sahəsində böyük potensiala malikdir".

Onun sözlərinə görə, yeni ölkələrə qazın həcmini artıra bilmək üçün yataqların işlənməsinə, eləcə də mövcud infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsinə əlavə investisiyalar lazımdır: "Təbii qazımızı Avropaya ixrac etdiyimiz Cənub Qaz Dəhlizi artıq tamamilə rezerv edilib. Buna görə də bizə əlavə güc lazımdır və bunun üçün Aİ və Azərbaycanın birlikdə işləməsi zəruridir. Azərbaycanın Avropa üçün uzunmüddətli etibarlı enerji tərəfdaşı olmaq məqsədi artıq gerçəkləşib".

E. Əmirbəyov regiondakı qeyri-sabitlikdən danışarkən bu vəziyyətin bəzi ölkələr üçün alternativ enerji mənbələrinin axtarışının vacib etdiyini qabardıb. "Azərbaycan etibarlı tərəfdaş rolunu oynamağa davam etməyə hazırdır. Çünki bütün bu bazar dəyişkənliyinə və geosiyasi təlatümlərə baxmayaraq, Azərbaycan çox məsuliyyətli və etibarlı tərəfdaş olaraq qalır", - o bildirib.

E. Əmirbəyov Cənubi Qafqazda Rusiyanın rolu ilə bağlı vəziyyəti də dəyərləndirib:

"Əlbəttə, coğrafiya burada çox vacib bir elementdir. Azərbaycan-Rusiya münasibətləri baxımından biz çalışırıq ki, qarşılıqlı hörmət əsasında hər iki tərəfin maraqlarını nəzərə alacaq qarşılıqlı faydalı, praqmatik və proqnozlaşdırılabilən münasibətlər quraq. Bu həm də Azərbaycanın bütün qonşularına münasibətdəki mövqeyidir, çünki biz həmişə çoxvektorlu, praqmatik və müstəqil xarici siyasətin lehinə seçim etmişik və münasibətlər üçün əsas meyar milli maraqlarımızı qiymətləndirməyimizdir".

O bildirib ki, ABŞ-də Donald Trampın ikinci müddətə prezident seçilməsi Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir səhifə açıb. ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı imzalanmış sənədlər Azərbaycan və Birləşmiş Ştatlar arasında bir çox sahələri əhatə edən strateji tərəfdaşlıq haqqında xartiyadır:

"Bu münasibətləri vacib edən ikinci element Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülhün təşviqində oynadığı müsbət roldur. Bilirsiniz ki, iki ölkə arasındakı 30 illik münaqişədən sonra keçən ilin avqust ayında D. Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı hər iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanması ilə nəticələnən zirvə görüşünə dəvət edib.

Lakin onlar, həmçinin sülh ruhunun möhkəmləndirilməsinin vacibliyindən bəhs edən üçtərəfli bəyannamə imzalayıblar. Əsas olan kommunikasiyaların açılması məsələsi idi. Çünki Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında kommunikasiyaların bərpa edilməsi və Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsi kimi bu çox strateji əhəmiyyətli layihəyə öz dəstəyini verib. Lakin məsələ yalnız bunda deyil, bu faktordan daha genişdir.

Söhbət gələcəkdə Şərqi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qərbi Avropa ilə birləşdirəcək yeni və ya alternativ bağlantı marşrutunun yaradılmasından gedir. Beləliklə, düşünürəm ki, bütün bunları bir araya gətirsək, bu, Azərbaycan üçün Birləşmiş Ştatlarla olan münasibətlərin nə qədər vacib olduğunu nümayiş etdirəcək. Biz bu müsbət dinamikanı davam etdirməyə hazırıq və düşünürəm ki, bu baxımdan, 2026-cı il Cənubi Qafqaz regionu üçün həlledici olacaq, çünki ətrafımızdakı bütün bu qeyri-müəyyənlik, qeyri-sabitlik və münaqişələr, sadəcə olaraq, Azərbaycan və Ermənistan tərəfindən bu tarixi fürsətdən istifadə etməyin, sülhü rəsmiləşdirməyin və qanuniləşdirməyin vacibliyini vurğulayır.

Buna görə də ümid edirəm ki, Ermənistanda yaxından izləyəcəyimiz siyasi hadisələr, iyun ayında qarşıdan gələn parlament seçkisi və ardınca yeni konstitusiya üzrə keçiriləcək referendum Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanmasına keçməsinə imkan verəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm